Əfqan Babayev: Azərbaycan gəncliyinin siyasi yetkinlik məktəbi



Masallı Mahmudavar bələdiyyəsinin sədri Əfqan Babayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Əfqan Babayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Masallı Mahmudavar bələdiyyəsinin sədri Əfqan Babayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Masallı Mahmudavar bələdiyyəsinin sədri Əfqan Babayev - 30 il öncə ölkəmizdəki siyasi hərc-mərclik, qrup maraqlarına hesablanmış idarəçilik, sosial-iqtisadi çətinliklər və fəlakətli müharibə vəziyyəti  Azərbaycanın müstəqilliyini sual altında qoymuşdu. Bərbad hala salınmış və nəzarətsiz qalmış dövlət idarəçiliyi xalqımızı da ciddi təhlükələrin, milli qarşıdurmanın astanasına yaxınlaşdırmışdı. 

Belə bir çətin və taleyüklü məqamda ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyini və xalqını yoxolma təhlükəsindən xilas etdi. Bir qrup ölkə ziyalısının timsalında xalqın ümummilli lider Heydər Əliyevə çağırışı və ulu öndərin rəhbərliyi ilə xalqın tale yolunu müəyyən edən Yeni Azərbaycan Partiyasının əsası qoyuldu. Azərbaycançılıq məfkurəsi, dövlətçilik, vətənpərvərlik, kamillik kimi dəyərləri əsas prinsiplərinə çevirən Yeni Azərbaycan Partiyası qısa müddətdə yüz minlərlə vətəndaşın siyasi düşüncə mərkəzi olmağı bacardı. 

Təsadüfi deyil ki, Azərbaycan gəncliyi də o zaman öz inkişafını, gələcək yüksəlişini məhz YAP sıralarına qoşulmaqda görürdü. Bunun nəticəsidir ki, yarandığı tarixdən günümüzədək partiya sıralarında gənclər ən fəal iştirakçılara çevrildilər.

Təbiidir ki, hər bir dövrün öz reallıqları və tələbləri var. Yeni Azərbaycan Partiyası 30 illik tarixində bu reallıqları ən düzgün şəkildə anlayıb, səmərəli və münasib reaksiyalar verməyi bacarıb. Ulu öndərin rəhbərliyi ilə yaranması, cəmiyyətdə siyasi təfəkkürün formalaşdırıcısı rolunu oynaması, ictimai-siyasi mühiti sağlamlaşdırması, tərəqqi və inkişafın əsas siyasi qüvvəsinə çevrilməsi Yeni Azərbaycan Partiyasının keçdiyi 30 illik yolun səciyyəvi göstəriciləridir.

Dövrün ağır vəzifələri Yeni Azərbaycan Partiyasının üzərinə əlavə məsuliyyətlər yükləyirdi. Siyasi mübarizə zəminində YAP bu mühitin qurucusu olmalı idi. Ölkədə mövcud olan xaos, siyasi böhran bunu zərurətə çevirirdi. 1992-ci ilin 21 noyabr tarixində Naxçıvan şəhərində əsası qoyulan partiya çox qısa zaman kəsiyində ölkədə sağlam siyasi mühiti möhkəm təməllər üzərində qurmağa başladı. Beləliklə, ulu öndərin ətrafında birləşən Azərbaycan xalqı az müddətdə Yeni Azərbaycan Partiyasını iqtidar partiyasına çevirdi. Bununla da, YAP siyasi sabitliyin və davamlı inkişafın aparıcı qüvvəsi oldu. 

Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə iqtidar partiyasına çevrilən YAP siyasi dialoqun, səmərəli idarəçiliyin nümunəsi olmağı bacardı. Yeni Azərbaycan Partiyasının iqtidar partiyası olaraq sərgilədiyi fəaliyyət Azərbaycan cəmiyyəti üçün də yenilik idi. YAP hakim partiya olana kimi xalqa nümayiş etdirilən siyasi rəhbərlik reallıqlardan uzaq, şəxsi maraqlara hesablanmış, ölkəmizi və dövlətçiliyi məhv-olma təhlükəsi ilə üz-üzə qoyan yarıtmaz idarəçilik idi. Həqiqətləri və siyasi idarəçiliyi YAP nümunəsində görən Azərbaycan xalqının ulu öndərə olan etimadı yüksək həddə çatdı. Bu etimad prezident və parlament seçkilərində YAP namizədlərinin qələbəsini təmin etdi. Xalq uğurlu, güclü və sağlam idarəçilik istədiyini bir daha sərgiləmiş oldu.

Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsas istiqamətlərindən biri də ölkənin tərəqqisində, bütün sahələrdə aparılan yenidənqurma işlərində, dayanıqlı inkişafın təmin olunmasında fəal iştirak etməsi olmuşdur. YAP apardığı təbliğat-təşviqat işləri ilə cəmiyyətin hər bir kəsiminin ölkədəki islahatlarla bağlı düzgün məlumatlanmasını təmin etmiş, Azərbaycan vətəndaşının da bu prosesin əsas dəstəkçisi olmasında önəmli rol oynamışdır. Yeni Azərbaycan Partiyasının sırasına qoşulanlar, sadəcə, öz siyasi mövqelərini yox, həm də ölkədə aparılan davamlı inkişaf prosesinin tərkib hissəsi olmaq qərarlarını qətiləşdirmişlər.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə böhran və xaos içərisində olan Azərbaycanın dünyanın sabitlik mərkəzlərindən birinə çevrilməsində YAP həlledici rol oynadı. Öz çoxminlik üzvləri ilə partiya, sadəcə, təbliğatçı yox, həm də ideoloji təfəkkürün əsas formalaşdırıcısı olmağı bacardı. Fərqli dairələrin cəmiyyət daxilində pozucu cəhdləri bu ideoloji fəaliyyətin nəticəsində hər dəfə iflasa uğradı. Yeni Azərbaycan Partiyası öz fəaliyyətinin təməlini həqiqətlərin carçısı olaraq qurdu. 2003-cü ildən etibarən Azərbaycanın inkişafı və siyasi tərəqqisi növbəti mərhələyə keçdi. 

İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti və Yeni Azərbaycan Partiyasının sədri seçilməsi ilə gələcək uğurların təməli formalaşdı. Ulu öndərin müdrikliyindən qaynaqlanan uğurlu siyasəti sədaqətlə davam etdirən Prezident İlham Əliyev Azərbaycanın inkişaf yolunun yeni xəritəsini müəyyənləşdirdi. Bu yol xalqın sabit və firavan həyatının daim yaxşılaşdırılmasını, Azərbaycanın siyasi, iqtisadi, hərbi gücünün artmasını və beynəlxalq arenada söz sahibi ölkələrdən birinə çevrilməsini hədəfləyirdi. 

Prezident İlham Əliyevin sədrliyi ilə başlanan yeni mərhələ, eyni zamanda, müasir Azərbaycan gəncliyinin formalaşdığı dövr oldu. Bu günün gəncləri məhz bu illərdə formalaşdı, təhsil aldı, dəyər və kimlik anlayışlarına yiyələndi. Yeni Azərbaycan Partiyası da öz sıralarında təmsil olunan on minlərlə gəncin vətənpərvər, dövlətinə və milli kimliyinə bağlı, savadlı, intellektual, dövrün çağırışlarına bələd formalaşması üçün proqramlar, layihələr icra etdi, ideoloji işin bu istiqamətdə təşkilini təmin etdi. Ölkədə baş tutan hər seçkinin nəticəsi isə görülən işin mahiyyətini, xalqın bu işlərə verdiyi qiyməti bir daha sübut etdi: Yeni Azərbaycan Partiyası qələbələrin partiyasına çevrilməyi bacardı. 

2020-ci il Azərbaycanın, xalqımızın, bütünlükdə, regionun gələcəyi üçün yeni başlanğıclar ili idi. 2 il öncə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi qələbə özü ilə birlikdə yeni çağırışlar gətirdi. Bu çağırışlar hər bir sahədə fəaliyyətin, görülən işin mahiyyətinə birbaşa təsir göstərirdi. Yeni Azərbaycan Partiyası da bu çağırışlara vaxtında, düzgün və təsirli reaksiya verməyi bacardı.

2021-ci ilin 5 mart tarixində Yeni Azərbaycan Partiyasının VII Qurultayı keçirildi. Partiyada aparılan struktur islahatları, yenilənmiş format və qəbul edilən sənədlər hər biri yaranmış yeni reallıqlara uyğun fəaliyyətin təmin edilməsi məqsədi daşıyırdı. Partiyamızın sədri, Prezident İlham Əliyevin qurultaydakı çıxışı da bu fəaliyyətin əsas prinsiplərini ortaya qoydu. Bu çıxış, sadəcə, Yeni Azərbaycan Partiyası üçün yox, həm də hər bir Azərbaycan vətəndaşı üçün yol xəritəsi idi. YAP yeni reallıqlar fonunda yenilənməyi bacardı.

Azərbaycanda həyata keçirilən islahatlar VII Qurultaydan sonra partiyada da özünü göstərdi. Yenidən formalaşdırılan struktur və fəaliyyət Yeni Azərbaycan Partiyasının öz ənənələrinə, keçdiyi yola və daşıdığı dəyərlərə sadiq qalaraq baş verənlərə daha çevik və innovativ reaksiyalar verməsinə imkan yaratdı. Qurultaydan keçən dövrdə yenilənmə öz müsbət nəticələrini açıq şəkildə ortaya qoydu. Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin dediyi kimi, dünənin, bugünün və sabahın partiyası olduğunu bir daha nümayiş etdirdi.

Bu günlərdə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümünü qeyd edirik. Bu 30 ildə YAP Azərbaycanın qazandığı uğurlarda, əldə olunan nailiyyətlərdə və inkişafda öz müstəsna rolunu gerçəkləşdirməyə nail olub. Yeni çağırışların timsalında növbəti qələbələr isə hələ qarşıdadır.


Tarix: 21-11-2022, 12:14 Oxunub: 218


Bölməyə aid digər xəbərlər