Aqiyə Naxçıvanlı: Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş siyasi müstəqillik sayəsində öz taleyinin əsl sahibinə çevrilib

Aqiyə Naxçıvanlı: Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş siyasi müstəqillik sayəsində öz taleyinin əsl sahibinə çevrilib


2018-ci il aprelin 11-də Azərbaycanda keçirilmiş Prezident seçkiləri dövlətin və xalqın milli mənafeləri baxımından son dərəcə böyük əhəmiyyətə malikdir. Xalqın həmin gün yekdilliklə etimad göstərdiyi Prezident İlham Əliyev bu gün Azərbaycanı qalib dövlət kimi dünyaya tanıdıb və qəbul etdirib. Prezident İlham Əliyev 2018-ci il seçkilərindən sonra keçirilən andiçmə mərasimindəki çıxışında demişdir: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”. Dövlətimizin başçısının bu sözləri dediyi gündən cəmi 4 il keçib. Lakin biz hamımız, bütün Azərbaycan artıq möhtəşəm qələbələrin canlı şahidləriyik. Təsadüfi deyil ki, 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Dövlətimizin başçısı İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetlərinə çevrilib. Birmənalı olaraq demək lazımdır ki, Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi olan, bütün məqamlarda Ulu Öndərin ən etibarlı silahdaşı kimi çıxış edən İlham Əliyevə xalqın etimad göstərməsi, onun dövlət başçısı seçilməsi həm tamamilə gözlənilən, tarixi baxımdan isə həm də zəruri idi.

Bu sözləri açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Deputat Azərbaycanın 2003-2018-ci illərdə böyük inkişaf yolu keçdiyini qeyd edərək deyib: “2003-2018-ci illər Azərbaycanın tarixinə ölkənin dinamik inkişafının mühüm mərhələsi kimi daxil olub. Bu illər ərzində bütün Azərbaycan, o cümlədən ölkə iqtisadiyyatı sürətli inkişaf dövrünü yaşamış, problemlərin böyük hissəsi öz həllini tapmış, mühüm istiqamətlər üzrə konkret proqramlar uğurla icra edilib. Həmin dövrdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulduğunun daha bir nümayişi oldu. Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm aamillərdən olan enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirildi. İqtisadiyyatımızın əsas göstəriciləri qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafıdır. Bütün bu istiqamətlər üzrə 2003-2018-ci illərdə yüksək nəticələr əldə olunmuşdu. On beş il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdır. Məhz o dövrdə ölkə iqtisadiyyatına 250 milyard dollardan çox sərmayə qoyulmuşdu. Azərbaycanda xarici dövlət borcu çox aşağı səviyyəyə düşmüş, ümumi daxili məhsulumuzun cəmi 20 faizini təşkil etmişdi. Həmin illər ərzində ölkədə yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,4 faizə düşmüş, işsizlik 5 faiz səviyyəsində müəyyənləşmişdi. Əlbəttə ki, bütün bunlar da 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərinin nəticələrinə bilavasitə təsir edən amillər idi”.

Aqiyə Naxçıvanlı xüsusi vurğulayıb ki, həmin dövrdə Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu da əvvəllər heç zaman müşahidə olunmamış bir səviyyəyə yüksəlmiş oldu. Bu gün Azərbaycan Avropa təhlükəsizlik konsepsiyasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan 2004-cü ildə əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarət olan Avropa Qonşuluq Siyasətinə qoşulmuş, 2006-cı ildə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. 2011-ci il oktyabrın 24-də Azərbaycan 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyini qazanaraq inamlı qələbə qazanmışdır. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu olaraq qəbul edilməlidir. 2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır. Əsası Ümummilli Lider tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət strategiyası özündə dövlətlərarası regional və beynəlxalq əlaqələrə daha yaxından qatılaraq, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri birləşdirərək, dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini ehtiva edir. Bütün bu miqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırmış, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirmişdir. Nəticədə Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Məhz bütün bu amilləri yüksək dəyərləndirən Azərbaycan xalqı 2018-ci ildə Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Azərbaycan xalqı bir daha bütün dünyaya nümayiş etdirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş siyasi müstəqillik sayəsində öz taleyinin əsl sahibidir.

Tarix: 4-04-2022, 10:35 Oxunub: 107


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı