Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra dünyaya yenidən açıldı, region və dünya dövlətləri, beynəlxalq təşkilatlarla əlaqələri daha da genişləndirdi, bir sıra qurumlarla yeni əlaqələr yaratdı. Heç şübhəsiz, Türk dünyasının bir araya gəlməsi ən mühüm məsələlərdən biri kimi diqqəti cəlb edir. Azərbaycanın türkdilli ölkələrlə, xalqlarla yaxınlaşması, eyni genetik, tarixi köklərə malik olduğumuz dövlətlərlə daha da yaxından təmas qurması üçün müxtəlif siyasi-iqtisadi, mədəni-humanitar platformalar meydana gəldi, iş birliyi rəsmiləşdirən müqavilələr imzalandı. Cənab İlham Əliyevin xarici siyasətinin əsas istiqamətlərindən biri də türkdilli dövlətlərlə münasibətlərin qurulmasıdır.
Xatırladaq ki, Qırğızıstan Prezidenti Sadır Japarovun 2022-ci il aprelin 20-də Azərbaycana rəsmi zəfəri zamanı iki ölkənin dövlət başçılarının iştirakı ilə “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” və “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum”, həmçinin müxtəlif sahələri əhatə edən ümumilikdə 10 sənəd imzalanmışdı. Məhz həmin vaxtdan etibarən iki dost və qardaş türk dövlətinin münasibətlərində yaranmış strateji tərəfdaşlıq rəsmiləşmişdir və bu gün iki ölkə arasında heç bir siyasi ziddiyyət yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsinin prioritet məsələlərdən biri olduğunu qeyd edib. Bu baxımdan dövlətimizin başçısının Qırğızıstana ilk rəsmi səfəri ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar sahələrdə əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyır.
Bu gün dinamik inkişaf edən Azərbaycan-Qırğızıstan əlaqələri iki ölkə arasında əldə edilən razılaşmalarla, imzalanan sənədlərlə yeni müstəviyə qədəm qoymuş olur. Qarşıdakı hədəf isə dialoqun daha da möhkəmlənməsi, daha sıx iqtisadi əlaqələrin qurulması, o cümlədən nəhəng investisiya layihələrinin birgə reallaşdırılması, beynəlxalq platformalarda fəal qarşılıqlı əlaqələrin, habelə mədəni-humanitar əməkdaşlığın gələcək inkişafına nail olmaqdır. Eyni soykökə malik iki qardaş xalqın digər türk xalqları ilə birlikdə əl-ələ verib, çiyin-çiyinə dayanıb, kürək-kürəyə söykənib daha qüdrətli, daha yenilməz gücə çevriləcəyi gün yaxındadır.
Ramidə İbrahimova-36 saylı şəhər poliklinikasının baş həkimi
Bölməyə aid digər xəbərlər