Daşınmaz əmlak sektorunda PR "inşaası"

Azərbaycanlının həyatında ev xüsusi yer tutur. Bu ölkənin insanı üçün mədəniyyətinin, məişətinin, mentalitetinin başladığı və hər zaman sıx bağlı olduğu məkandır ev. Hətta insanlarımızın ailə qurmasının kökü belə evə söykənir – biz ev-lənirik.
Bəs, bu gün ev tikənlər,ev satan şirkətlər bu amillərdən necə istifadə edə bilər? Tikinti sektorunda PR, daha dəqiq – daşınmaz əmlak sektorunda PR-ın özəlliklərini müəyyənləşdirək. Ən başda nəzərə alaq ki, kommersiya qurumunda PR-ın əsas fəaliyyəti Marketinq yönümlü PR (MPR) formasında həyata keçirildiyi üçün burada PR satışa dəstək verməlidir.
Ürək və beyin arasında
Ev alarkən müxtəlif rasional və emosional faktorlar mütşərinin qərarına təsir göstərir: əmlakın qiyməti, yerləşməsi, onu tikən və satan şirkətlərin nüfuzu, əmlakın investisiya potensialı, binanın keyfiyyət göstəriciləri, memarlıq özəllikləri, dizaynı, mənzildən açılan görüntü ev (və ya bina) ilə bağlı hansısa hekayə və s. Maddi və qeyri-maddi dəyərlərin hər biri potensial müştərinin qərarvermə prosesində məntiqlə hisslər müzakirəsi başladır. Əksər hallarda bir-birinə qarşı olan bu yanaşmaları düzgün kommunikasiya edərək müttəfiq edə bilən şirkət qarşısındakı insanı real müştəriyə çevirər.Unutmayın: Əslində insanlar hisslərlə qərar verir, daha sonra həmin qərarı rasional səbəblərlə təsdiqləməyə çalışır.Bunun üçün, PR zamanı insanlara hər iki dəyəri əsaslandıra biləcəkləri arqumentlər vermək lazımdır.
Bu dəyərləri nəzərə alaraq daşınmaz əmlak sektorunda PR edərkən aşağıdakı nüanslar kommunikasiyanın əsasını təşkil etməlidir:
Gözdən uzaq olan könüldən iraq olar
Tikintinin təməlindən təhvilinədək bütün inşaat prosesini mərhələlərlə, daha sonra yaşayış başladıqdan sonra orada dəyişiklikləri fotolar və videolarla mütəmadi hədəf auditoriyasına ötürmək çox vacibdir. Bu həm, dinamik işin gedişindən xəbər verəcək, inşaat prosesində gizlilərinizin olmadığı mesajını verərək sizi şəffaf şirkət olaraq xatırladacaq. Həmçinin tikinti, qurulma prosesi insanları cəlb edəcək. Daim göz önündə olarkən insanlara eyni zamanda rahat çatımlı olduğunuz mesajını verirsiniz ki, bu da daşınmaz əmlak sektorunda potensial müştərilərin axtardığı nüansdır.
Yerini dəyişə bilmirsənsə, sözünü dəyiş
Yaşayış kompleksinin inşa olunacağı ərazi seçimində çox vaxt PR-çının edə biləcəkləri az olur. Çünki, adətən tikinti şirkətinin əlində olan, yaxud ala biləcəyi ərazilər məhduddur. Lakin əldə olan ərazilərlə bağlı şəhər əhalisinin rəyini öyrənib icra olunacaq layihəyə yön verə bilər. Həmçinin, ərazinin üstün tərəflərini aşkar edərək həmin nüanslar üzərindən “location” kommunikasiyası qurulmalıdır. Məsələn, həmin qəsəbədə baş verənmüsbət hadisələrdən istifadə etmək olar.
Məkan yox, həyat tərzi tanıdın
Ev satarkən onun məkan anlamından daha çox, xoşbəxt anlarının yaşandığı şərait formasında kommunikasiya etmək lazımdır. İnsanlar dörd divar yox, orada həyata keçirə biləcəkləri planlar, arzular alır.Müştərilərə sizin satdığınız mənzillə bağlı xəyallar qurdurun. Yaşayış kompleksininiz biznes və ya premium sinifdirsə onun statusunu qabartmaq, hətta gələcək statuslu qonşular nüansına da fokuslanmaq olar.
Ev qalar, qızıla dönər
İnsanlar daşınmaz əmlaka həm yaşayış, həmçinin yatırım kimi yanaşır. Bu səbəbdən, yaşayış nöqteyi nəzərindən özəlliklər üzərindən PR qurulması ilə yanaşı investisiya aləti kimi dəyərini yüksəldən amillər də kommunikasiyada istifadə olunmalıdır.
Çox bilən çox satar
Tikinti, inşaat özü hər zaman inkişafın göstəricisi olub. Hətta inşaat bumu ölkə PR-ına da xidmət edir. Developerlərin PR-çıları ölkə və regionun siyasət, iqtisadiyyat gündəmi mütəmadi izlənməli və gündəmə uyğun PR taktikaları üzərinə işləməlidir. Bu kimi faktorlar daşınmaz əmlak sektoruna əhəmiyyətli təsir edir. Məsələn, Gürcüstan parlamentində xarici vətəndaşların yaşamaq icazəsi əldə etmək üçün almalı olduqları mülkün qiymətinin 2 dəfə qaldırılması müzakirə olunursa bu amil İran və ərəb ölkələri vətəndaşları üçün Azərbaycandan mülk almağı daha cazibədar edir. Bu regionu hədəf alan kommunikasiyasında qeyd olunan nüans məharətlə istifadə oluna bilər.
Ekspert yaradın
Sektorda baş verən yeniliklərə yüksək səviyyədə bələd olmalı, bu sahənin ekspertinə çevrilə bilməlidir. Şirkətin PR-çısı həm özünü, həm rəhbərlikdən bir neçə nəfər şəxsi tikinti, inşaat, daşınmaz əmlak mövzularında ekspert kimi mediaya və ictimaiyyətə tanıda bilər. Vaxtaşırı sektorla bağlı müsahibələri təşkil oluna bilər. İnsanlara faydalı yazılar yayımlayın. Məsləhətlər verin. Bu ekspertlərə olan inam, şirkətə olan inama qatqı verəcək.
Tədbir-li olun
İnşaat sərgiləri sektorun öncül şirkətlərinin mütləq təmsil olunması gərəkən tədbirlərdir. Orada həm portnyor, həm müştəri bazasını genişləndirmək imkanı var. Sərgilərdən əlavə şirkətə və yaşayış komplekslərinə diqqəti cəlb etməyə yönəlmiş başqa tədbirlər keçirin. Bunlar satış şöbələrində müştəri günləri və açıq qapılar, pikniklər və uşaq festivalları, investorlara müxtəlif aksiyalar formasında ola bilər. Həmçinin, ölkə üçün əhəmiyyətli günlərdən istifadə edərək gündəmə gələ, şəhər əhalisinin nəbzini tuta bilərsiniz.
Mənə özündən danış...
Bu cür tədbirlər mənzil sahibləri ilə də əlaqələrin xoş tutulmasına kömək edər. Onlar sizin “könüllü PR-çılar”ınıza, “könüllü vəkillər”inizə çevrilərlər. Yaşayış kompleksi ilə bağlı sakinlərin pozitiv danışması, yazması daha effektiv və daha qalıcıdır. Onlara sizinlə bağlı maraqlı hekayələr danışmağa, yaymağa səbəblər verin, kömək edin. Bu cür hekayələri müştəriləriniz barədə siz yaradın, siz yazın. Həmçinin, layihəniz və şirkətiniz barədə özünüz də yaradın və media vasitəsilə yayılmasına təkan verin. Biz ətrafı daha çox hekayə kimi qavrayırıq. Hekayə ilə anlatmaq, yadda qalmaq daha asandır. Hekayəsi olan şirkətlər, brendlər hədəf auditoriyasının könlündə və beynində daha qalıcı olur.
Uzun, incə bir yoldasan
Danışmaq demişkən, bu sahədə kommunikasiya digər sektorlarla müqayisədə daha uzunmüdətli və səbir tələb edən prosesdir. Mənzil və ev alqısı prosesi mövcud bütün alqı-satqı proseslərindən ən uzunmüddətli olanıdır. Potensial müştəri alacağı evi seçmək üçün müəyyən müddət araşdırma edir ki, digər məhsulları alarkən bu qədər vaxt sərf olunmur araşdırmaya. Bu səbəbdən PR mütəxəssis, öz potensial müştərisi ilə kommunikasiyanın uzunmüddətli və çoxkanallı olmasını, incə-incə işləməli olmasını nəzərə alıb strategiyasını ona əsasən qurmalıdır.
PR binanızın sütunu
Yuxarıda qeyd olunan bütün faktorlar, detalla şirkətin reputasiyasının formalaşmasında ciddi rol oynayır. Şirkətin özünün PR-dan kənar bütün fəaliyyəti zamanı ötürdüyü mesajlar da onun reputasiyasının təməlini əmələ gətirir. PR bu reputasiyanı, həmçinin imici daha faydalı qurulmasına dəstək olmalıdır.Yüksək reputasiya və imic şirkətin məhsullarına – ev və mənzillərə tələbatı artırır, marjanın yüksək ola bilməsini təmin edir. Bu prosesdə media ilə sıx və dost əlaqələrin qurulması PR-ın əlindən tutar.
Ehtiyat igidin yaraşığıdır
Hər sahədə olduğu kimi, tikinti sahəsində də gözlənilməz neqativ hadisələr baş verə bilir. Daşınmaz əmlak sektorunda ictimaiyyətlə əlaqələr strukturu risklərə qarşı maksimum hazırlıqlı olmalıdır. Baş verə biləcək potensial neqativlər şirkət rəhbərliyi və PR şöbəsilə birlikdə müzakirə olunmalıdır. Hər bir böhran anında həyata keçirilməli olan cavab addımları – böhran kommunikasiyası – re-aktiv PR planları çox öncədən işlənməlidir. Çünki, hadisə baş verdikdən sonra veriləcək mesajlar ləngiyə və bu da daşınmaz əmlak sektorunda PR-ın bünövrəsini laxlada bilər.
Müəllif: Vüqar Baba


Tarix: 23-12-2020, 09:43 Oxunub: 147


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı