DİM rəsmisi: “Əgər imtahanda iştirak edəcək şəxs...”

“Hər bir imtahan iştirakçısı imtahana buraxılış vəsiqəsini çap edəndə onunla bərabər, sağlamlıq haqqında bəyannaməni də çap edir. Həmin bəyannamədə imtahan iştirakçısında və onun ailə üzvlərində son 15 gün ərzində koronavirusa yoluxma faktı qeydə alınıb-alınmadığı qeyd edilir”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə deyib.
O bildirib ki, həmin bəyannamə əsasında imtahan iştirakçısı imtahanlara buraxılır:
“Eyni zamanda, imtahana gələn zaman hər bir imtahan iştirakçısının bədən hərarəti yoxlanılır.
Əgər imtahanda iştirak edəcək şəxs son 15 gündən daha əvvəl xəstə olubsa və sağalıbsa, nəticələri neqativdirsə, onun imtahanda iştirakında problem olmayacaq.
Amma 15 gün ərzində xəstəliyi varsa, o şəxsin imtahanda iştirakına icazə verilmir. O, bu barədə DİM-ə müraciət edə bilər və mövcud vəziyyətlə əlaqədar imtahanda iştirak edə bilmədiyini deyə bilər. Mərkəz tərəfindən bu məsələyə baxılacaq”.
X.Xanlarzadə deyib ki, bu məsələ DİM tərəfindən araşdırıldıqdan sonra həmin şəxslərin yenidən imtahanlarda iştirakı üçün müvafiq şərait yaradılacaq:
“İmtahan iştirakçısı virusa yoluxması haqqında arayışı DİM-ə təqdim edir. Gələcəkdəki imtahanlarda bu əsasda həmin şəxslərə şərait yaradılır”.
“Bundan əvvəlki imtahanlar da üzrlü səbəblərdən (xəstəlik olmasa belə, bədən hərarəti 37 dərəcədən yüksək olması səbəbindən) imtahana buraxılmayan şəxslər daha sonra keçirilən imtahanlarda iştirak etmişdilər.
Düzdür, bu, zəncirvari şəkildə davam edə bilməz. Bu, bir müsabiqədir və 100 minlərlə müsabiqə iştirakçısı var. Onlar üçün imtahanlar keçirilməlidir, biz hər dəfə 10-15 nəfəri gözləyə bilmərik. Amma dediyim hallarla qarşılaşan şəxslər üçün müəyyən şərait yaradılacaq”, - deyə X.Xanlarzadə qeyd edib.


Tarix: 20-07-2020, 18:13 Oxunub: 106


Bölməyə aid digər xəbərlər