Bu il Çexiyanın Praqa şəhərində keçiriləcək böyüklər arasında cüdo üzrə Avropa çempionatında Azərbaycan millisi də iştirak edə bilər.
Oxu.Az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası bu mötəbər yarış üçün doqquzu kişi, yeddisi qadın idmançı olmaqla, 16 cüdoçunun adını təqdim edib. Maraqlıdır ki, 66 kq-da Orxan Səfərovun adı sifariş olunmayıb.
Adları təqdim edilmiş idmançılar:
Kişilər: Kəramət Hüseynov (-60 kq), Nicat Şıxəlizadə (-66 kq), Rüstəm Orucov (-73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi -81 kq), Məmmədəli Mehdiyev (-90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi -100 kq), Uşanqi Kokauri (+100 kq);
Qadınlar: Leyla Əliyeva, Aişə Qurbanlı (-48 kq), Gültac Məmmədəliyeva (-52 kq), Aleksandra-Larisa Florian, İçinxorlu Munxtsedev (hər ikisi -57 kq), Günel Həsənli (-70 kq), İrina Kindzerskaya (+70 kq).
Ümumiyyətlə, hələ ki, cəmi 14 ölkə idmançılarını bu yarışda iştirak üçün sifariş edib. Azərbaycan Sloveniyadan (17) sonra ən çox idmançı sifariş edən ölkədir. Hətta meydan sahibi Çexiya (13) belə Azərbaycandan az idmançının adını yarış üçün daxil edib.
Qeyd edək ki, koronavirusla bağlı durum sabitləşərsə, qitə çempionatı noyabrın 8-dən 10-dək keçiriləcək. Koronavirus pandemiyası olmasaydı, bu yarış 1-3 may tarixlərində keçirilməli idi.
Bölməyə aid digər xəbərlər