12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İran yalnız Zəngəzur dəhlizinin açılacağından qorxmur... - NƏ ETMƏLİ?



Avropa Siyasi Birliyinin Praqada keçirilən sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Fransa Respublikasının Prezidenti Emmanuel Makron və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş sülh müqaviləsinin imzalanması üçün mühüm nailiyyət kimi qiymətləndirilir. Ən önəmlisi isə odur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə iddia edir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına bir neçə ölkə mane olur.

S. Əkbərin Reyting.az-a müsahibəsini təqdim edir:

- Sülhəddin bəy, sentyabrın 12-13-də baş verən hərbi qarşıdurmadan sonra Azərbaycan-Ermənistan və Qarabağ ətrafında vəziyyəti necə qiymətləndirirsiniz?

- Yeni dünya nizamı quruculuğu ilə bağlı geopolitik savaş həlledici mərhələyə daxil olduğu kimi, Rusiyanın Azərbaycana qarşı apardığı vəkalət müharibəsi də həlledici mərhələyə keçib. İndi regionda gözü olan güclər Rusiyadan boşalacaq yeri tutmaq uğrunda mübarizə aparırlar. Mən həm regional, həm də qlobal gücləri nəzərdə tuturam.

Rusiya zəiflədikcə qardaş Türkiyə də regionda təsirini artırmağa çalışacaq və bu, pozitiv faktordur. Ən azından bizim müdafiə və təhlükəsizlik, eləcə də milli maraqlarımız baxımından.

Regional oyunçu olaraq İran da öz təsirini artırmağa çalışacaq.

Regiondan kənar oyunçulara gəldikdə, ilk növbədə Amerika, Böyük Britaniya, İsrail və Avropa İttifaqını qeyd edə bilərik. Onlar da öz təsirini artırmağa çalışacaq. Bunların arasında Böyük Britaniya və İsrail bizim maraqlarımıza cavab verir, ABŞ və Fransa haqqında isə bunu deməyə çətinlik çəkirəm.

Eyni zamanda hesab edirəm ki, İranla işləməyin mənası yoxdur, buna enerji sərf etməyə dəyməz. Çünki effekti olmayacaq. İran proseslərin həlledici mərhələyə daxil olduğunu, eləcə də rejimin taleyinin həlledici mərhələyə girdiyini bilir. Odur ki, güzəştə getmək yeri yoxdur.

İran regionda geopolitik dəyişikliyin ola biləcəyindən və Zəngəzur dəhlizinin açılacağından çəkinir. İran yalnız dəhlizin açılacağından qorxmur, eyni zamanda xəritənin dəyişəcəyindən ehtiyat edir. Bu baxımdan Zəngəzur dəhlizini yaxın perspektivdə risklərlə dolu təhlükə kimi görürəm.

- Niyə?

- Məncə, bu məsələdə biz həddən artıq ehtiyatlı olmalıyıq. Qeyd etdiyim kimi, yeni dünya quruculuğuna liderlik edən ABŞ ilə bu məsələdə dil tapmalıyıq. Qənaətimcə, dil tapmadan Azərbaycan əvvəlki tərəfdaşlarının dəstəyini arxasına alaraq və 1918-1920-ci illər xəritəsini əsas götürərək hərəkətə keçərsə, bu halda böyük təhlükələrlə üz-üzə qala bilərik. Mən narahatam ki, belə bir razılaşma olmadan hərəkət başlayarsa, vaxtılə İraqın Küveyt istiqamətində şirnikləşdirilib sonra salındığı durumla üzləşərik. Odur ki, bu məsələlərə olduqca diqqətli yanaşmağın, o cümlədən ABŞ və Fransa ilə işləməyin tərəfdarıyam.

- Belə yanaşma var ki, Rusiya istəsə dəhliz açılar, istəməsə açılmaz...

- Mən ancaq dəhliz haqqında danışmıram, xəritənin dəyişməsindən də danışıram.

Sualınıza cavab olaraq deyim ki, əgər Rusiyanın belə sürətlə zəifləməsini nəzərə alsaq, sözsüz ki, bu, Ermənistan rəhbərliyinə də təsir edir. Üstəlik, Ermənistan hakimiyyətinin xarakterini və təbiətini, habelə Paşinyan hökumətinin ABŞ və Fransa başda olmaqla, Qərblə münasibətlərini nəzərə alsaq görərik ki, hadisələr sürətlə dəyişə bilər. Mən hadisələrin xarakterini nəzərdə tuturam. Məsələn, Paşinyanın açıqlamasının mahiyyəti ondan ibarətdir ki, fevrala qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı onların ümidlərini doğrultmasa, bu qurumdan çıxmaq məsələsinin müzakirəsinə başlaya bilərlər. Əslində bu, Rusiyaya çox ciddi xəbərdarlıq mesajıdır. Xatırlayırsınızsa, bundan sonra Rusiya Xarici İşlər Nazirliyinin xanım sözçüsü bu acıqlamaya dolayısı yolla cavab verdi, dedi ki, Ermənistan tərəfi reallıqla xəyalları qarışdırır.

- Rusiya xarici işlər naziri Sergey Lavrov da üstüörtülü şəkildə bildirdi ki, Azərbaycan-Ermənistan sərhədinə KTMT-nin silahlı qüvvələri yerləşdirilə bilər...

- Mən bunu real hesab etmirəm. Əvvəla, bunun üçün Azərbaycanın razılığı lazımdır. Azərbaycan razı olmasa, Qazaxıstan, Belarus və Qırğızıstanın bu məsələyə səs verəcəyini düşünmürəm. Əlbəttə, burada Türkiyə faktoru da unudulmamalıdır.

- Nikol Paşinyan bildirib ki, Ermənistan Qarabağ məsələsini müzakirəyə çıxarmadan Azərbaycanın ərazi bütövlüyünü tanıya, sülh müqaviləsi imzalaya bilər. Sanki mesaj verir ki, Qarabağ məsələsini Azərbaycan özü birdəfəlik həll etsin. Bu məsələyə münasibətiniz necədir?

- Əslində bu, Paşinyanın yeni mövqeyi deyil. O, dəfələrlə elan edib ki, 1991-ci ildə MDB yaranarkən Ermənistan müvafiq sənədə imza atmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərini və ərazi bütövlüyünü tanıyıb. Bu o deməkdir ki, Paşinyan prinsipcə, Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır. Praqada da siyasi bəyanat verildi.

- Paşinyan nə dərəcədə səmimidir?

- Paşinyanın səmimiyyətindən və ona inanmaqdan söhbət getmir. Həm reallıq, həm də Türkiyə-Azərbaycan basqıları, eləcə də üzərinə götürdüyü öhdəliklər bunu səslənmdirməyə sövq edir. Üstəlik, Paşinyan bu problemdən qurtulmaq istəyir. Bilir ki, bu problemdən qurtulmayana qədər Bakı və Ankara ilə sülhə gəlmək mümkün olmayacaq. Sülh olmayana qədər Ermənistanın iqtisadi inkişafı və rifaha çatması, möhkəmlənməsi real deyil.

Sözsüz ki, həm də Qarabağ məsələsindən geri çəkilməklə bir növ Azərbaycan və Rusiyanı üz-üzə gətirməyə çalışır. Mən öncədən də deyirdim ki, biz problemə düzgün diaqnoz qoymalıyıq. Bu, Rusiyanın Azərbaycana qarşı apardığı vəkalət müharibəsidir. Azərbaycan vəkillərin başını əzdikdə isə bizim qarşımıza Rusiya çıxacaq.

Dağlıq Qarabağı Ermənistan deyil, Rusiya yaradıb. Necə ki, Ermənistan dövlətini yaradıb. Onlar açıq və öz daxili söhbətlərində Ermənistana deyirlər ki, siz kimsiniz Qarabağ haqqında danışırsınız? Aydındır ki, “Artsax”da onların nəzarətindədir. Bu baxımdan Paşinyan demək istəyir ki, Azərbaycan bu məsələni Ermənistanla deyil, Rusiya ilə həll etməlidir.

- Paşinyan sülh sazişi imzalamağa hazır kimi görünür. Sizcə, yaxın dövr üçün sülh sazişinin imzalanması reallaşa bilərmi?

- Xeyir. Bunun da səbəbləri çoxdur. Ümumi desəm, buna səbəb dünyada yaranan geopolitik, geoekonomik, geomədəni, siyasi, iqtisadi, eləcə də regionda yaranan hərbi-siyasi durumdur. Yəni qlobal baxımdan postsovet məkanında məsələlər həll edilməyənə, Putin Rusiyasının taleyi məlum olmayana qədər bu məsələnin həllini gözləmirəm. Xüsusilə, Azərbaycanın istədiyi şərtlər altında sülh müqaviləsinin əldə olunmasına təkcə Rusiya mane olmur. Bu məsələdə İranı, Fransanı, Amerikanı, Yunanıstanı və Hindistanı da nəzərə almalıyıq. Hələ mən daxili faktorları - Rusiyanın uzantısı olan “Beşinci kolon”u, erməni kilsəsini və lobbisini demirəm. Yəni tərəflər, xüsusilə də Ermənistan sülh sazişini imzalamağa hazır deyil. Regional inkişaf da hələlik o səviyyəyə çatmayıb. Məncə, regional inkişaf o zaman yetişəcək ki, Rusiya zəifləyəcək və Türkiyə-Azərbaycan tandemi qarşısında duruş gətirməyərək Azərbaycan ərazilərindən çıxmalı olacaq. Azərbaycan da 48-72 saat ərzində 2876 min kvadrat kilometrlik ərazimiz üzərində nəzarətini əldə edəcək. Mane olmaq istəyən tərəflərin də buna fiziki imkanı olmayacaq.

Tarix: 10-10-2022, 16:00 Oxunub: 28


Bölməyə aid digər xəbərlər