“Moskva çalışır ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalanmasın” - FAKT BUDUR!



Moskva Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyə biləcək istənilən təşəbbüsləri alqışlayır. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib. Rusiyalı diplomatın sözlərinə görə, İrəvan və Bakı arasında vasitəçilik səylərinin təkrarlanmasına və rəqabətinə yol verməmək lazımdır. O xatırladıb ki, İrəvan və Bakı arasında barışıq Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli sazişlər komplekslərinə əsaslanır. Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova da deyib ki, Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqların dondurulmasını qeyri-məhsuldar hesab edir.

O deyib ki, Rusiya tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına ardıcıl töhfə verib. Zaxarovanın sözlərinə görə, Rusiya sülh müqaviləsinin hazırlanması üzrə danışıqların aparılmasının yeni raundlarının təşkilində bütün lazımi dəstəyi göstərəcək. Bu arada ABŞ Dövlət Departamentinin spikeri Ned Prays deyib ki, ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunan danışıqların müsbət dinamikasına ümid edir. Onun sözlərinə görə, bugünkü nəticələr tərəflərin son aylardakı münasibətlərinin bəhrəsidir: "Bütün bunlar tərəflərin ABŞ ilə üçtərəfli əlaqələrinin, Avropa İttifaqı (Aİ) tərəfindən aparılan diplomatiyanın və tərəflərin yaxın günlərdə Brüsseldə Aİ Şurası prezidenti Şarl Mişel tərəfindən təşkil olunacaq danışıqlardan gözləntilərinin nəticəsidir". Onu da xatırladaq ki, Prezident İlham Əliyev, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüş keçiriblər. DİA.AZ-ın məlumatına görə, sülh prosesi ətrafında cərəyan edənlərlə bağlı "Şərq"in suallarını cavablandıran hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib ki, prosesi tormozlayan, irəliləyişə maneçilik törədən Rusiyadır...

- Üzeyir bəy, Rusiya rəsmisinin "təşəbbüslərdə təkrarçılıq və rəqabət olmamalıdır" sözünü necə şərh edərdiniz? Moskva Qərbin önə çıxmasından narahat olduğu üçün belə bəyanat verir, yoxsa həqiqətən prosesdə irəliləyiş istəyir?
- Rusiya mövcud problemi həll etməməsinə rəğmən, üstəlik, hegemonluğu da əldən vermək istəmir. Moskva çalışır ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalanmasın. Daha doğrusu, proses mümkün qədər uzansın. Bu, Rusiyanın ana xəttidir. Rusiya ötən ilin dekabrında da tərəflərin bir araya gəlməsinə imkan vermədi. Qərbin təşəbbüsləri Moskvanı qıcıqlandırır. ABŞ dövlət katibi Entoni Blinkenin tərəfləri bir araya gətirməsi göstərir ki, Qərb Azərbaycan-Ermənistan arasında sülhün olmasında maraqlıdır. Avropa İttifaqının missiyası sərhədlərimizə tankla, topla gəlməyib. Aİ-nin missiyası bölgəyə Azərbaycan üçün yox, Rusiya və İrana görə gəlib. Rusiya XİN rəhbərinin müavini ancaq belə danışa bilər. Başqa nə deyəsidi ki?! Gələn həftə xarici işlər naziri Sergey Lavrovun da Azərbaycana səfəri olacaq. Lavrov da boğazdan yuxarı, boş bəyanatlar verəcək. Azərbaycan-Ermənistan arasında sülh sazişinin olmaması üçün dəridən-qabıqdan çıxan tərəf Rusiyadır. Moskva 2020-ci ilin noyabrın 10-da özünün də imza atdığı üçtərəfli bəyanatın icrası barədə demək olar ki, düşünmür. Əgər Kreml maraqlı və səmimi olsaydı, sazişin 4-cü bəndinə əsasən, iki il ərzində torpaqlarımızdakı erməni silahlıları çıxarılardı. Rusiya ümumiyyətlə, bu barədə danışmaq istəmir. Qarabağ məsələsində Moskva qeyri-səmimidir. Rusiya dövlət başçısı V.Putinin ötəngünkü açıqlamaları da göstərdi ki, Kreml ikibaşlı siyasət yeridir. Təsəvvür edirsiz, Putin müharibədən bir il sonra deyir ki, "savaşı ukraynalılar başladıb, ruslar buna son verməyə çalışır". Mən reallığı deyirəm və heç də Qərbin tərəfdarı, valehi deyiləm. Rusiya açıq-aşkar problemi gələcək nəsillərə ötürmək siyasəti güdür. 30 il hansı siyasəti yeridiblərsə, yenə də eyni məqsədə xidmət edirlər. Ona görə də Azərbaycan bu yoldan imtina etməlidir. Real iş görmək lazımdır.
- Qərb deyəndə, konkret ABŞ-ni nəzərdə tutursuz, yoxsa Avropa İttifaqını? Fransanın ermənipərəst siyasətindən dolayı, bu ölkəyə birmənalı münasibət yoxdur...
- Əlbəttə, Qərb deyəndə müxtəlif çalarları nəzərə alınmalıdır. Qərb ölkələri arasında Azərbaycanın haqlı mövqeyini müdafiə edən dost dövlətlər də var, Fransa kimi bizi sevməyən, ermənipərəst ölkələr də var. Əgər Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, ABŞ dövlət katibi E.Blinken, yaxud Avropa İttifaqının xarici əlaqələr üzrə ali nümayəndəsi Jozef Borel tərəfləri bir araya gətirirsə, biz bunlara müsbət yanaşırıq. Təbii ki, hamımız Fransa Prezidenti E.Makronun qərəzli mövqeyini bilirik və ona görə də bizim üçün maraq kəsb etmir. Qərbi eyniləşdirmirik, çünki yekcins deyil, amma hər kəsi öz adı ilə çağırmaq lazımdır. 44 günlük müharibə zamanı ABŞ və bir sıra dövlətlər tərəfləri sülhə, sabitliyə səsləyirdisə, Fransa birbaşa Ermənistanı dəstəkləyirdi. Böyük Britaniya isə Azərbaycanın mövqeyini müdafiə edirdi. Avropa İttifaqı da mövcud beynəlxalq sənədlərə istinad etməyi məqsədəuyğun görürdü.
- Sülh prosesində Ermənistanın, konkret Nikol Paşinyan hökumətinin mövqeyi, siyasi iradəsi də əsasdır. İrəvan hakimiyyəti prosesin irəliyə doğru getməsində nə qədər maraqlıdır?
- Ermənistanda vəziyyət onsuz da çox gərgindir. İndi də dövriyyəyə Ruben Vardanyanı çıxarıblar. Bunların hamısı bir mərkəzdən idarə olunan proseslərdir. Paşinyan fərqindədir ki, əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır. Ondan sonra yerdə qalan digər texniki məsələlər də həllini tapacaq. Sülh sazişi imzalandıqdan sonra sərhədlər müəyyənləşəcək və separatçılar torpaqlarımızı tərk edəcəklər. Tədricən Qazaxın 7, Naxçıvanın 1 kəndi də Azərbaycana qaytarılacaq. Ona görə də separatçılara və onlar ətrafında gedən oyunlara çox da fikir vermək, diqqət yönəltmək lazım deyil. Əsas məsələ tez zamanda İrəvan hökumətini sülh müqaviləsi imzalamağa məcbur etməkdir. İşimizi elə qurmalıyıq ki, prosesdə barmaq yeri qalmasın və heç kim müdaxilə edə bilməsin.
- Paşinyan bildirib ki, müzakirələrdən sonra yeni təklifləri rəsmi Bakıya təqdim ediblər. Detallar tam açıqlanmasa da, müəyyən məsələlər ictimaiyyətə bəllidir. Ermənistanın təkliflərini necə dəyərləndirirsiniz?
- Paşinyan hökumətinin Azərbaycana təqdim etdiyi təkliflər faktiki olaraq prosesin uzadılmasına hesablanıb. Çünki erməni baş nazir yenə də Qarabağdakı separatçıların "haqq-hüququndan", "status" məsələsindən dəm vurur. Məhz bu məqam İrəvandan gələn sənədin bəri başdan ölü duruma düşməsinə gətirib çıxarır. Dəfələrlə vurğulanıb ki, Qarabağ məsələsi və oradakı mülki ermənilər Azərbaycanın daxili işidir. Paşinyan öz təkliflərini dilə gətirəndən sonra arxasınca deyir ki, "istəmirəm ki, təkliflərimiz yenidən müharibəyə səbəb olsun". Əslində baş nazir özü də yaxşı bilir ki, irəli sürdüyü təklif müharibə səbəbidir. Bu da Paşinyanın qeyri-səmimi olmasından xəbər verir. Münhendə biabır olaraq İrəvana qayıtdıqdan sonra tvit yazaraq Qarabağdakı erməniləri separatçı hərəkatın başlanmasının "35 illiyi" münasibətilə təbrik edir. Üstəlik, Ağrı dağı ilə bağlı paylaşım edir. İki məqam erməni baş nazirin niyyətini ortaya qoyur. O baxımdan Paşinyanı başa salmaq və məcbur buraxmaq lazımdır. Bunun üçün də Qərbin təklif etdiyi modellərə üstünlük verməliyik. Heç kim narahat olmasın. Bəziləri iddia edir ki, Qərbin sülh modellərində "Madrid prinsipi" var və s. Bunların hamısı boş söhbətlərdir. Qərb ölkələri BMT-nin qanuni dörd sənədinə istinad edir. Həmin sənədlərdə Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz qəbul olunmaqdadır. Bir daha vurğulayıram ki, Rusiyanın təbliğat maşınının ortaya atdığı uydurmalara, yalan vədlərə aldanmaq olmaz. Əfsuslar ki, bəzi politoloqlarımız da məsələnin mahiyyətinə varmır, prosesləri düzgün şərh etmirlər. Əlbəttə, Qərbin öz maraqları var. Amma bizim üçün əsas olan ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasıdır. Bunu da olduğu kimi qəbul edən Rusiya yox, Qərbdir.

Tarix: 24-02-2023, 15:00 Oxunub: 87


Bölməyə aid digər xəbərlər