Qərb “Ukrayna tuneli”ndən çıxa bilmədi: Avropa Birliyi bu ölkəni bölüşdürmək niyyətinə düşüb

Qərb “Ukrayna tuneli”ndən çıxa bilmədi: Avropa Birliyi bu ölkəni bölüşdürmək niyyətinə düşüb


Avropa Birliyinin rəsmi təmsilçiləri Qərbin sanksiyalarının Rusiyanın müdafiə sənayesini sıradan çıxara bilmədiyini açıq şəkildə etiraf etməyə başlayıblar və Ukraynadan “ümidlərini kəsdiklərini” sezdirirlər... Bu, Ukraynanın gələcək taleyini elə indidən təxmin etməyə imkan verir, ABŞ-ın ardınca Avropa Birliyi də rəsmi Kiyevə dəstəyini dayandıra bilər, hətta Ukraynaya qarşı artıq ərazi iddiaları da mövcuddur...
Ukrayna savaşı hazırda həlledici mərhələyə keçmək üzrədir. Belə ki, Rusiya və Ukrayna qoşunları arasında indi mövcud olan situasiyanı müəyyən mənada, “pat vəziyyəti” kimi də dəyərləndirmək olar. Çünki iki düşmən ölkə qoşunların təmas xəttində yalnız müdafiə taktikasına məcbur qalıb. Savaş meydanında hərbi üstünlüyün qazanılması hələlik hər iki tərəf üçün ciddi problem yaradır. Və bu situasiyanın uzun müddət davam etməyəcəyi, hərbi üstünlüyü öz xeyrinə dəyişməyə nail olan tərəfin savaşın gələcək taleyini müəyyən etmək şansı qazanacağı da qətiyyən şübhə doğurmur.

Ancaq Rusiyadan fərqli olaraq, Ukraynanın vəziyyəti daha qəliz xarakter daşıyır. Hər halda, Rusiya bəzi ölkələrdən, xüsusilə də, İran və Şimali Koreyadan silah-sursat idxal etsə də, Ukrayna savaşını daha çox öz daxili resurslarına dayanaraq, davam etdirir. Ukrayna isə demək olar ki, tamamilə ABŞ və Qərbin maliyyə və hərbi dəstəyinə məhkum olmuş vəziyyətdədir. Yəni, əgər, ABŞ və Qərb bu dəstəyi tamamilə dayandırsa, Ukrayna ordusunun müqavimət immuniteti uzun müddət üçün yetərli olmaz. Və bu qənaət Qərb siyasi dairələrində artıq demək olar ki, ciddi şəkildə möhkəmlənib.

24d70acd8d1b6f62b68acce5b853356c.jpg (164 KB)

Halbuki, hazırda ABŞ və Qərbin Ukraynaya hərbi dəstəyinin ümidverici həcmdə olduğunu iddia etmək də çox çətindir. Çünki ötən ilin sonlarından başlayaraq, ABŞ Ukraynaya hərbi dəstəyi demək olar ki, tamamilə dayandırıb. İndi Ağ Ev Ukrayna savaşının maliyyələşdirilməsi öhdəliyini tamamilə Avropa Birliyinin üzərinə yükləyib. Avropa Birliyinin Ukraynaya dəstəyi qətiyyən yetərli səviyyədə deyil. Və bunun bir çox çiddi səbəbləri mövcuddur.

Birincisi, Avropa Birliyi bürokratiyası olduqca ləng hərəkət edir. Ukraynaya dəstəklə bağlı maliyyə vəsaitinin ayrılması prosesini uzadır. Üstəlik, bu məsələ ətrafında Avropa Birliyi daxilində kəskin ziddiyyətlər də mövcuddur. Bəzi Avropa ölkələri Ukraynaya hərbi yardımların uzun müddət davam edə bilməyəcəyi qənaətindədirlər, hətta dolayısı ilə dəstəyin kəsilməsinin vacibliyinə də eyham vururlar. Və bu, yaxın vaxtlarda Ukrayna ordusunda silah-sursat defisiti yarada bilər.

İkincisi, Avropa Birliyinin maliyyə-iqtisadi resurları da ABŞ-ın iştirtakı olmadan, təkbaşına Ukrayna savaşının yükünü çəkməyə imkan vermir. Hər halda, Avropa ölkələri Ukraynaya öz büdcələrindən ayırdıqları maliyyə vəsaitinin yaxın gələcəkdə “qoca qitə”də social-iqtisadi böhrana yol aça biləcəyindədn də ciddi şəkildə narahatdırlar. Və bu səbəbdən də, bu məsələ ətrafına müzakirədən daha çox mübahisə edirlər.

59ccd203f93033ad15819b1dd60c3a15.jpg (332 KB)

Nəhayət, Avropa Birliyi ölkələrinin hərbi-sənaye kompleksləri də Ukrayna savaşının davam etdirilməsi üçün ehtiyac duyulan silahları yetərli həcmdə və qısa müddətdə istehsal etmək imkanında deyil. “Qoca qitə” ölkələri öz anbarlarında olan silah-sursat rezervinini isə artıq Ukraynanın dəstəklənməsi üçün istifadə ediblər. Bu baxımdan, ABŞ-ın birbaşa iştirakı olmadan Avropa Birliyinin Ukrayna savaşının maliyyə və silah-sursat yükünün öhdəsindən gələ biləcəyi o qədər də inandırıcı görünmür.

Maraqlıdır ki, Kremldə bütün bu reallıqları artıq görməyə başlayıblar. Rusiya siyasi dairələri ABŞ və Avropa Birliyi üçün Ukrayna savaşının çəkilməz yükə çevrildiyi qənaətinə gəliblər. Onlar hesab edirlər ki, Avropa Birliyi Ukraynaya dəstəyi təkbaşına davam etdirməyə məcbur qalsa da, Qərb uzun müddət bu yükün ağırlığına tab gətirə bilməyəcək. Və istənilən halda, Ukraynanın hərbi məğlubiyyəti ilə barışmalı olacaqlar.

Rusiyanın xarici işlər naziri Sergey lavrov da bildirib ki, ABŞ və Qərbin “Ukrayna layihəsi” pozulub: “Qərb də bu reallığı artıq anlayır. Ancaq Ukraynaya dəstəkdən imtina edə bilmir. Ukraynadakı “xüsusi əməliyyat”dan sonra Baltikyanı ölkələr, İsveç və Finlandiyanın Rusiyanın növbəti hərbi hədəfi ola biləcəyi ilə bağlı Qərbin bəyanatları absurddur. Qərb koalisiyası Ukraynaya “yalnız Rusiya qalib gəlməsin” düşüncəsi ilə yardım edir: Onların mentaliteti belədir ki, Ukrayna ilə bağlı hər şey Rusiyanın strateji məğlubiyyəti üçün istifadə edilməlidir”.

589a5d6b-1529-49b3-a780-2aafa6e86dde.jpg (110 KB)

Kremlə yaxın siyasi dairələrin daha bir iddiası ondan ibarətdir ki, Qərbdə Rusiyanın Avropa ölkələrini hədəfə ala biləcəyi ilə bağlı tezislər konkret məqsəd daşıyan propoqandanın tərkib hissəsidir. Bu propoqanda ilə Avropa məkanında Rusiya xofu yaratmağa çalışırlar. Çünki bu xof Ukrayna savaşının maliyyə yükünü çəkməkdən imtina edən ölkələrin və onların vətəndaşlarının rəsmi Kiyevə hərbi dəstəyin davam etdirilməsinə müqavimətini qıra bilər. Və Rusiya siyasi dairələrinin bu qənaətinin nə qədər əsaslı olub-olmadığı yəqin ki, yaxın vaxtlarda məlum olacaq.

Digər tərəfdən, Avropa Birliyi təmsilçiləri də Ukrayna savaşı ilə bağlı pessimist əhval-ruhiyyədə olduqlarını artıq gizlətməkdə çətinlik çəkirlər. Belə ki, Avropa Birliyinin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel Qərbin sanksiyalarının Rusiyanın müdafiə sənayesini sıradan çıxara bilmədiyini etiraf edib: “Avropa Birliyi Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq etdi. Nəticədə Rusiyanın “hərb maşını” ciddi şəkildə zəiflətdi. Ancaq Rusiyanın “hərb maşını” tamamilə sıradan çıxarılmayıb və mövcudluğunu davam etdirir. Mügaribə əvvəlki kimi davam edir, döyüşlər şiddətlənir və biz “Ukrayna tuneli”nin sonunda işıq görə bilmirik”.

Jozep Borrelin bu dedikləri, əslində, Ukraynanın gələcək taleyini elə indidən təxmin etməyə də imkan verir. Qərb siyasi dairələri heç vaxt müsbət nəticəsinə əmin olmadıqları “kampaniya”ya maliyyə vəsaiti xərcləmirlər. Əgər, bu qənaət güclənərsə, deməli, ABŞ-ın ardınca Avropa Birliyi də Ukraynaya dəstəyini dayandıra bilər. Hətta son vaxtlar bəzi Avropa ölkələrinin Ukrayna ərazilərinə iddialarını gündəmə gətirməsi Qərbdə bəzilərinin rəsmi Kiyevdən “əlini üzməyə” başladığını göstərir. Belə ki, Polşa, Rumıniya, Macarıstan və s. Avropa ölkələri Ukraynanın Rusiyanın işğalından kənarda qalan hissəsini öz aralarında bölüşdürmək niyyətlərini artıq gizlətmirlər.(musavat.com)

Tarix: 31-01-2024, 09:17 Oxunub: 53


Bölməyə aid digər xəbərlər