Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişini daha yaxşı öyrənmək imkanı əldə edilib, uzun illər gizli qalan həqiqətlər tədricən üzə çıxıb, təhrif edilmiş hadisələr aşkarlıq müstəvisində daha aydın görünməkdədir. Xalqımıza qarşı zaman-zaman törədilmiş və heç vaxt tarixi qiymətini almamış soyqırımı hadisələri də bu qəbildəndir. Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə "Böyük Ermənistan" dövləti yaratmaq olub. Ermənistan 1988-ci ildən başladığı növbəti təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisini, eləcə də ona bitişik yeddi rayonu işğal edib. Beləliklə, ölkəmizin 20 faiz ərazisi zəbt edilib, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələridir. Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, ermənilər evlərə od vuraraq, insanları diri-diri yandırıblar. Nadir tarixi abidələr, məktəblər, xəstəxanalar, məscidlər dağıdılıb, xarabalığa çevrilib. Erməni-bolşevik birləşmələrinin Bakıda 31 mart və 1-2 aprel tarixlərində törətdiyi qırğınlar kütləvi şəkil alıb, silahlı erməni dəstələri günahsız insanları amansızcasına qətlə yetiriblər. Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində yüz minlərlə soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı milli mənsubiyyətinə görə qəddarlıqla öldürülüb. Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə almışdı. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırmışdılar. Azərbaycanlıların soyqırımı əsasən Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda xüsusi qəddarlıqla həyata keçirilib. Mart hadisələri zamanı Şamaxının 75 kəndi ermənilər tərəfindən tamamilə məhv edilmişdi. Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə törədilmiş soyqırımı hadisələri haqqında bu gün arxivlərdə 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarının olması bu bölgədə baş vermiş qətliamların miqyasını bir daha göstərir. Tarixi mənbələrdə qeyd olunduğu kimi, Şamaxıya hələ mart ayının ortalarında 2000 erməni əsgərinin və 60 maşına yüklənmiş silah-sursatın göndərilməsi buradakı qırğına əvvəlcədən hazırlıq görülməsinin sübutudur. Zəngəzurun 115 kəndi dağıdılıb, dinc müsəlman əhalisinin əmlakı qarət olunub. Quba qəzasında da qanlı hadisələr eyni müstəvidə cərəyan etmiş, erməni hərbi dəstələri 122 kəndi yandırmış, 60 kişi, qadın və uşağı qətlə yetiriblər, 53 nəfər isə yaralanmışdı. Bütövlükdə isə həmin dövrdə Azərbaycan ərazisində 700 min nəfər soyqırımına məruz qalıb. Lənkəran qəzasının Girdəni, Verəvul, Vilvan kəndləri, ümumən 40-a yaxın kənd dağıdılıb, yüzlərlə günahsız insan öldürülüb, neçə-neçə ev talan edilib və yandırılıb. Aradan illər keçsə də, o qanlı-qadalı hadisələr unudulmayıb, xalqımızın qan yaddaşında silinməz izlər buraxıb. Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılıb. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun bir qədər əvvəl açılmış Memorial Soyqırımı Muzeyi də Azərbaycanın tarixi həqiqətlərinin, erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilmiş qırğınların, qətliamların dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. 31 mart-Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir.
Beynəlxalq hüquqa görə, soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla, sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn təcavüz, insanlıq əleyhinə, müharibə və beynəlxalq terrorizm kimi cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiya ilə müəyyən olunub. Konvensiyaya görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətlərdir. İnsanlıq əleyhinə cinayətin tərkibini təşkil edən və bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart hadisələri zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilib və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir. Hadisələr göstərdi ki, erməni millətçiləri sonralar da öz çirkin niyyətlərindən əl çəkməyib, dinc insanları qəddar üsullarla kütləvi qırğına məruz qoyaraq cinayətlərini ört-basdır etmək üçün müxtəlif vasitələrə, tarixi saxtalaşdırmağa, öz xeyirlərinə yazmağa əl atıblar. Zəbt olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə dörd qətnamə, BMT Baş Məclisi "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı 2008-ci il 14 mart tarixli Qətnamə, AŞPA Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 1416 və 1690 saylı qətnamə və tövsiyə qəbul etsə də, Ermənistan bunları hələ də yerinə yetirmir. Halbuki bu qətnamələrdə birmənalı olaraq Ermənistandan öz hərbi qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən çıxarması, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan yaratması tələb olunub. Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə daim səy göstərir. Ölkə Prezidenti İlham Əliyev ərazi bütövlüyümüzün bərpasına nail olacağımızı dəfələrlə bəyan edib. Məhz bunun nəticəsidir ki, dünya ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini getdikcə daha çox müdafiə edir və problemin beynəlxalq hüquq normaları çərçivəsində dinc vasitələrlə həll edilməsində maraqlıdır. Bütan bunlara baxmayaraq bir daha xatırladaq ki, bu soyqırımına beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməyib.
Bölməyə aid digər xəbərlər