İrəvanda kritik seçim anı: Bu konstitusiya ilə hara kimi? - Görünəni odur ki...



Tezliklə Ermənistanda konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirilə bilər.

Bununla əlaqədar olaraq Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, Ermənistanın hazırkı Konstitusiyası regionda daimi sülhün bərqərar olunmasına əngəl yaradacaq.

“Ölkə Konstitusiyasının dəyişdirilməsi vacibdir. Çünki Azərbaycanın da, Ermənistanın da Konstitusiya ilə bağlı narahatlıqları var. Bu, uzunmüddətli sülhə maneədir. Lakin Ermənistanın Konstitusiyanı dəyişməsi Azərbaycanın tələbi ilə baş vermir, bu Ermənistanın daxili işidir”, - deyə nazirliyinin bəyanatında qeyd olunub.

Maraqlıdır, Ermənistanda konstitusiya dəyişiklikləri ilə bağlı referendumun sülh sazişinin imzalanmasından əvvəl, yoxsa sonra keçiriləcək? Yəni, Ermənistan Azərbaycanla sülh müqaviləsinə maneəni aradan qaldırmaq üçün referenduma gedəcək?

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli "Cebhe.info"-ya açıqlamasında qeyd edib ki, Paşinyan hakimiyyəti konstitusiya dəyişiklikləri ilə bağlı referenduma getmək məcburiyyətindədir:

“Ermənistan çox ciddi seçim qarşısındadır. Ona görə ki, Paşinyan hakimiyyətinin planlarının heç biri reallaşmayıb. ABŞ və Avropa İttifaqının vədləri yalnız söz yığınından ibarətdir və əməldə heç bir addım atılmır.

Rusiya ilə münasibətlər isə gərginləşməyə doğru gedir. Ona görə də Ermənistan hakimiyyəti istənilən halda Türkiyə ilə münasibətləri normallaşdırmaq məcburiyyətindədir. Ermənistanın təhlükəsizliyinin təminatı Azərbaycanla sülh sazişinin imzalanmasından keçir. Nəzərə almaq lazımdır ki, Bakı ilə İrəvan arasında sülh sazişi imzalansa belə, bu, regionda sülhün əbədi bərqərar olunacağı anlamına gəlmir.

Çünki Ermənistanın hazırkı Konstitusiyası buna mane olacaq. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəalar var. Yəni bu ölkənin Konstitusiyasında faktiki olaraq, Qarabağ Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi tanınmır. Belə bir halda Ermənistanla sülh sazişinin imzalanması heç bir əhəmiyyət daşımayacaq.

Buna görə də Ermənistan öz Konstitusiyasında bu müddəaların ləvği üçün referendum keçirməli və konstitusiyanı qonşu ölkələrin ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsiplərinə uyğun formallaşdırmalıdır. Əks halda Cənubi Qafqazda sülh və sabitliyin daimi bərqərar olunmasına inanmaq çətindir”.

Ekspert bildirib ki, Ermənistanda referendumun keçirilicəyinə heç bir şübhə yoxdur:

“Nikol Paşinyan və onun komandasının davranışlarında sərbəstlik və özünə inam əlamətləri müşahidə olunur. Bu səbəbdən Ermənistan Xarici İşlər Nazirliyi konstitusiya dəyişiklikləri ilə bağlı bəyanat verib. Böyük ehtimalla, ya sülh sazişinin imzalanmasından əvvəl, ya da sonra Ermənistanda referendum keçiriləcək”.

Tarix: 5-06-2024, 14:22 Oxunub: 25


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı