Qərbdən sərhəddəki missiyaya görə Paşinyana qəzəbli demarş



Duda niyə Arazdəyənə gəldi; erməni baş nazirin delimitasiya olunmuş ərazilərdən Aİ-nin müşahidə qrupunun çıxarılacağını təklif etməsi Brüsseli və Parisi hiddətləndirib
Ermənistanda səfərdə olan Polşa prezidenti Andjey Duda Cənubi Qafqazda sülhün bərqərar olmasının vacibliyini vurğulayıb və ölkəsinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına töhfə verməyə hazır olduğunu bildirib. 

“Biz hər zaman sülh yolu ilə həll yollarını və razılaşma imkanlarını axtarmağa hazırıq”, - Andjey Duda noyabrın 26-da İrəvanda erməni həmkarı Vaaqn Xaçaturyanla birgə mətbuat konfransında deyib. Ermənistanın “Past” qəzeti isə yazır ki, Polşa prezidentinin səfəri Avropa İttifaqının müşahidə missiyası ilə əlaqədardır. Nəşr yazır ki, baş nazir Nikol Paşinyanın Aİ-nin Ermənistandakı müşahidə missiyası ilə bağlı son açıqlaması ittifaq üzvlərini qəzəbləndirib. Buna görə polyak lider İrəvana gəlməli olub.

“Polşa prezidentinin səfəri ilə bağlı ən diqqətçəkən epizod onun noyabrın 27-nə planlaşdırılan Yerasx (Arazdəyən) səfəridir. Duda Aİ missiyası ilə (Azərbaycanla sərhəddə) birgə patrulda şəxsən iştirak edəcək. Başqa sözlə, Aİ-nin aparıcı ölkələrindən birinin prezidenti Avropa missiyasının önəminə diqqət çəkir”. Qəzet qeyd edir ki, bu addımın Paşinyanın məlum açıqlamasından sonra atılması təsadüfi deyil: “Paşinyan etiraf edib ki, Aİ müşahidəçilərinin Ermənistanda olması məsələsini Azərbaycanla müzakirə edir. Üstəlik, Ermənistan müşahidəçiləri delimitasiya olunmuş ərazilərdən (sərhəddən) çıxarmağa hazırdır.

“Azərbaycana təklif etdik ki, delimitasiya və demarkasiya olunmuş ərazilərlə bağlı bu tənzimləməni edək. Çünki demarkasiya olunmuş sərhəddə müşahidəçinin olmasına ehtiyac yoxdur”, - Paşinyan belə deyib. Belə bir missiyanın Ermənistanda yerləşdirilməsi Aİ-nin regionda təsirini artırmaq üçün əsas addımdır. Paşinyanın sözləri isə indi Avropanın maraqlarına uyğun gəlmir". Məqalədə qeyd edilir ki, Paşinyanın açıqlaması xüsusən Fransanı qəzəbləndirib. Çünki Aİ-nin regionda varlığı Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün strateji plandır. Amma təbii ki, delimitasiya olunmuş yerlərdən avropalı “kəşfiyyatçı”ların çıxarılması labüddür. Azərbaycan Prezidenti də bəyan edib ki, əgər sülh danışıqları gedirsə, delimitasiya komissiyasının əsasnaməsi ratifikasiya olunubsa, onların bölgədə fəaliyyətinə ehtiyac yoxdur. 

Aİ səfiri Vasilis Maraqos "AzadlıqRadiosu"na deyib ki, Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfində müşahidə missiyası həyata keçirən Avropa İttifaqı missiyanın müddəti bitdikdən sonra 200-dən çox mülki müşahidəçinin burada qalıb-qalmamasını hələ dəqiqləşdirməyib. O, həmçinin rəsmi İrəvanın missiyanın müddətinin uzadılması ilə bağlı müraciət edib-etmədiyini dəqiqləşdirməyib. Yada salaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Bakıya təklif edib ki, Ermənistandakı Avropa İttifaqının müşahidəçiləri Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmuş hissələrindən çıxarılsın. “Biz Azərbaycana qarşılıqlı təklif etmişik. Demişik: çox yaxşı, gəlin delimitasiya olunmuş ərazilər üzərindən bu tənzimləməni götürək. Çünki obyektiv olaraq, artıq delimitasiya olunmuş sərhəddə müşahidəçilərin olmasına ehtiyac yoxdur”, - baş nazir bildirib. Lakin bir neçə gün əvvəl avropalı “revizor”lar sərhədin bir neçə istiqamətində görüntülənmişdilər. 

Məlum olub ki, Zəngilan rayon Ağkənd kəndi istiqamətində, Qafan aeroportunun ərazisinə Sünik kəndi istiqamətindən Aİ-yə məxsus 2 “Toyota” markalı nəqliyyat vasitəsinin gəlməsi və içindən 4 nəfər Aİ-nın əməkdaşının düşməsi (1 nəfər qadın), bizim ərazini müşahidə etməsi görüntülənib. Sonra Qubadlı rayonu Fətəlitəpə kəndi istiqamətində, Gorus rayonu Kornidzor kəndi ərazisindən ərazilərimizi müşahidə etmələri qeydə alınıb. Həmçinin Quşçu Ayrım kəndi istiqamətində Tiflis-İcevan magistralında 3 nəfər Aİ əməkdaşı ərazini müşahidə edib. Bu aktivləşmələr bir daha göstərir ki, təxribat ehtimalı əsassız deyil. Aİ “müşahidəçiləri”nin erməni hərbçilərlə birgə sərhəd “reydlərini” Ermənistanda revanşist qüvvələrin aktivləşməsi, ölkənin silahlandırılması, danışıqlarda daha qeyri-konstruktiv mövqe tutması kimi qiymətləndirmək olar. 

Qabil Hüseynli

“Yeni Müsavat”a danışan professor Qabil Hüseynli Aİ missiyasının bölgədə kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olduğunu hesab edir və onların evakuasiyasını qaçılmaz sayır. Professorun sözlərinə görə, Qərb bu addımlarla regionda sabitliyə töhfə vermir, əksinə, gərginlik yaradır: “Paşinyanın təklifinin reallaşması üçün delimitasiya prosesi praktiki olaraq sürətlənməlidir. Azərbaycan sərhədlərin dəqiqləşməsi işlərinin intensiv aparılmasının tərəfdarıdır. Ancaq Ermənistan vaxt uzadır və nəticədə bölgədə təhlükəsizlik kövrəkləşir. Bundan usi-istifadə etmək istəyən qüvvələr vəziyyəti qarışdıra bilər”. 

Polşa prezidentinin səfərinə gəlincə, Q.Hüseynli Dudanın Paşinyanı fikrindən daşındırmağa gəldiyini istisna etmir: “Xüsusən də Arazdəyən istiqamətinə səfərdən görünür ki, Aİ şələ-şüləsini yığışdırıb regiondan çıxmaq istəmir. Burada isə əsas hədəf Rusiya və İrandır. İndi Tehran da, Moskva da İrəvandan izahat tələb etsinlər ki, üçüncü tərəfi regiona nə üçün yerləşdirib. Azərbaycanın mövqeyi birmənalıdır və bu proses bütün hallarda prezidentin tələb etdiyi kimi yekunlaşcaq. Yəni gec-tez avropalı "müşahidəçi"lər çıxıb gedəcəklər, onların fəaliyyəti də səmərəsizdir".

Asif Nərimanlı

Siyasi təhlilçi Asif Nərimanlıya görə, 2025-ci ilin yanvarından etibarən Avropa İttifaqı Şurasının rəhbərliyi Polşaya keçəcək, Dudanın aktivliyi bundan qaynaqlanır. Onun fikrincə, hərçənd Bakı və İrəvana səfər arasında balansın pozulması amili mövcuddur: “Duda Bakıya COP29-da iştirak üçün gəlmişdi və paralel olaraq, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsini də müzakirə etdi, Ermənistana isə xüsusi səfər proqramı ilə gedib. Aİ-yə rəhbərlik edəcək Polşa prezidentinin İrəvana xüsusi səfəri və sərhədə - Arazdəyənə ziyarət planı ittifaqın Ermənistanda müşahidə missiyasının gələcəyi ilə bağlıdır. Fəaliyyət müddəti 2025-ci ilin 19 fevralında başa çatacaq missiyanın daha iki il Ermənistanda qalması fikri var. Bunu İrəvan da istəyir, Brüssel də. Lakin missiyanın fəaliyyət müddətinin uzadılması üçün Aİ-də yekdil qərar verilməli - 27 üzv dövlətin hamısı eyni mövqedən çıxış etməlidir. Belə qərarın çıxma ehtimalı böyük olsa da, Brüssel və İrəvanda narahatlıq var”.

Siyasi şərhçi Azərbaycanın müşahidə missiyasının müddətinin uzadılmasına qarşı olduğunu yada salır: “Mümkündür ki, Aİ-yə rəhbərlik edəcək Polşanın prezidenti İrəvanda müşahidə missiyasının müddətinin uzadılmasının yollarını da müzakirə edib. İrəvan və Brüsselin bu məsələdə iki istiqamətdə işləyəcəyi ehtimalı, görünür, birincisi, Aİ-də yekdil qərarın qəbul edilməsi üçün dipomatik fəaliyyəti genişləndirmək, qarşı çıxanlara (hədəfin Budapeşt ola bilməsi ehtimalı) təzyiq etmək; ikincisi, Aİ-də potensial etirazçıların fakt qarşısında qoyulması və yekdil qərarın əldə edilməsi üçün müşahidə missiyasının bölgədəki fəaliyyətinin vacibliyini əsaslandırmaq. Ermənistanın Aİ missiyasının müddətinin başa çatmasına qədər sərhəddə təxribata əl ata biləcəyi istisna edilməyən ssenaridir”.

Tarix: Bu gün, 09:24 Oxunub: 2


Bölməyə aid digər xəbərlər