Avropanın daha bir “qazlı” qərəzi -Bakıya şər atılır, Ermənistana göz yumulur...



Müstəqil siyasət yürütdüyü üçün Azərbaycana qarşı qərəzli olan Avropa təsisatları ölkəmizlə bağlı ən müxtəlif böhtanlar uydururlar. Son vaxtlar bəzi Qərb və Avropa media quruluşları da bu “xora” qoşulub. Əlbəttə, onlar müxtəlif siyasi dairələrin tapşırıqlarını icra edirlər. 

Bu böhtanlardan biri də odur ki, Azərbaycan guya Rusiyadan qaz idxal edib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bununla bağlı bildirib ki, “Politico”nun Avropa nəşri Azərbaycandan üzr istəmək və saxta məlumatları əks etdirən məqaləsini təkzib etmək əvəzinə, Avropa və dünya ictimaiyyətini çaşdırmaq üçün dezinformasiyalar yaymağa davam edir. Musavat.com xəbər verir ki, bu barədə Hikmət Hacıyev X səhifəsində yazıb. “Politico”nun məqaləsində Azərbaycan mediasına istinadən yazılıb ki, “Azərbaycan bu il Rusiyadan 141,6 milyon kubmetr qaz idxal edib”. Lakin qeyd olunan məsələ idxal deyil, mübadilə əməliyyatıdır. Qonşu dövlətlər arasında belə mövsümi mübadilələr baş verir və bu, normaldır. Təəssüf edirəm ki, məqalədə mübadilə və idxal arasında fərq qoyulmur", - H.Hacıyev yazıb. O, Avropa Komissiyasının enerji məsələləri üzrə sözçüsü Tim Makfinin (Tim McPhie) “Aİ bazarlarını təmin edən Cənub Qaz Dəhlizi Azərbaycanın daha geniş təbii qaz sisteminə deyil, yalnız Azərbaycanın qaz yataqlarına bağlıdır” sözünü xatırladıb. “Aİ rəsmisinin bəyanatı doğrudur və biz bununla tam razıyıq. Azərbaycan 2024-cü ildə Rusiyadan qaz idxal etməyib. "Politico" orada olmadığını bilə-bilə qaranlıq otaqda qara pişik axtarışındadır. Buna uyğun bir Azərbaycan atalar sözü var: “Yalançını evinə qədər qovmaq lazımdır”, - Prezidentin köməkçisi qeyd edib. 

Bu yalançı rəyi formalaşdırmaqla Avropa təsisatları nəyə nail olmaq istəyir? Ən vacib məsələ isə odur ki, Rusiyaya sanksiyalar tətbiq edildikdən sonra Ermənistan sanksiya tətbiq edilmiş məhsulların realizəsi, öz üzərindən Rusiyaya və müxtəlif istiqamətlərə ötürülməsi ilə məşğuldur. Bunu təsdiqləyən kifayət qədər faktlar var və bunu heç bir real əsası olmadığı halda Ermənistanla Rusiya ticarət dövriyyəsinin fantastik həddə artması da təsdiqləyir. Qərb Ermənistanın bu saxtakarlığına, antisanksiya hərəkətlərinə göz yumur, ancaq mübadilə əməliyyatını idxal kimi qələmə verərək, Azərbaycana böhtanlar yağdırır.

Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov bu ittihamı, sadəcə, gülünc sayır: “Biz istər COP29 ərəfəsində, istərsə də mühüm beynəlxalq tədbirin keçirildiyi müddətdə ayrı-ayrı Qərb rəsmilərinin, eləcə də media qurumlarının Azərbaycanla bağlı qərəzli və böhtan dolu mövqeyinə şahidlik etdik. Və əslində bunu gözləyirdik də. Çünki ölkəmizdə keçirilən hər bir beynəlxalq tədbir öncəsi anti-Azərbaycan dairələrin fəallaşmasına artıq adət etmişik. Müxtəlif siyasi dairələrin sifarişlərini yerinə yetirən "Politico"nun “Avropanın Azərbaycan qaz oyunları - Rusiya üçün xoş xəbərdir” adlı məqaləsi də ölkəmizlə bağlı növbəti qarayaxma kampaniyasının tərkib hissəsidir. Məqalədə müəllif Azərbaycanın enerji strategiyasını sual altına almağa çalışaraq, guya ölkənin Avropaya qaz ixracını dəstəkləmək üçün Rusiya qazını idxal etdiyini iddia edib. Enerji sektorundakı real vəziyyəti bilən hər kəs qəbul edər ki, Azərbaycanın Rusiya qazından asılılığı ilə bağlı ittihamların heç bir əsası yoxdur və bu, sadəcə, beynəlxalq ictimai rəydə ölkəmizlə bağlı mənfi obrazın formalaşması cəhdidir. Belə ki, Azərbaycana 2024-cü il ərzində Rusiyadan ötürülən 141.6 milyon kubmetr qaz idxal deyil, mübadilə əməliyyatıdır. Bu miqdarda qazın ümumi dəyəri cəmi 26 milyon ABŞ dolları edir və ölkəmizin müvafiq il üçün ümumi qaz ixracının 1 faizindən də aşağı həcmindədir. Bu isə o deməkdir ki, Azərbaycanı Rusiya qazından asılılıqda ittiham etmək çox gülüncdür. Rəsmi statistikaya da baxsaq görərik ki, Azərbaycan 2024-cü ildə 20,7 milyard kubmetr qaz ixrac edib, bunun da 10,6 milyard kubmetri Avropaya çatdırılan qazdır. Bütün bu həcmlər tamamilə daxili hasilat gücü hesabına təmin olunub. Üstəgəl beynəlxalq ekspertlərin də hesablamalarına görə ölkəmizin qaz ehtiyatları 2,5 trilyon kubmetr həcmində qiymətləndirilir ki, bu da bizim qazla bağlı haradansa asılı olmağımızla bağlı fikirlərin yalan və böhtan olduğunu bir daha sübut edir. Məqalənin böhtandan ibarət olduğunu təsdiqləyən digər faktorlar da mövcuddur. Belə ki, Azərbaycanın enerji siyasəti kifayət qədər şəffafdır. Ölkəmiz beynəlxalq sertifikatlaşdırma standartlarına ciddi şəkildə əməl edir və qazın mənşəyi ilə bağlı hər hansı manipulyasiyanı tamamilə istisna edir. Azərbaycan qazının hasilat və ixracı beynəlxaq audit təşkilatı tərəfindən də yoxlanılır. “Politico” və onun kimi nəşrlərin Azərbaycanı Rusiyaya bağlamaq cəhdləri yerinə Ermənistan-Rusiya münasibətlərinə nəzər salması daha məntiqli olardı. Belə ki, Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi son bir neçə ildə, xüsusilə də Rusiya-Ukrayna müharibəsi fonunda həndəsi silsilə ilə artır. Belə ki, göstəricilər 2021-ci ildə 2,6 milyard, 2022-ci ildə 5 milyard, 2023-cü ildə 7,4 milyard və bu il 14 milyard təşkil edib. Bu nəyin hesabına baş verir? Təbii ki, Ermənistanın Rusiyanı Qərbin sanksiyalarından yayındırması hesabına. Artıq hər kəs bilir ki, Ermənistan şirkətləri Rusiyanın mallarını öz ölkəsi üzərindən idxal-ixrac edir. Qərbdən və digər ölkələrdən Ermənistan üzərindən Rusiyaya zəruri mallar, avadanlıqların daşınması artır. O cümlədən Rusiyanın qızılı, brilyantı və digər məhsullarının xaricə ixrac olunmasında da Ermənistan yaxından iştirak edir. Rusiyanı sanksiyalardan yayındırmaq istəyən ölkələrə qarşı aqressivlik nümayiş etdirən Qərb isə söhbət Ermənistandan gedəndə niyəsə lal, kar və kor olur. Şübhəsiz ki, bütün bunlar ikili standartların, xristian təəssübkeşliyinin və islamafob siyasətin göstəricisidir".

Asif Nərimanlı 

Siyasi analitik Asif Nərimanlı qeyd etdi ki, Azərbaycana qarşı bu cür dezinformasiyalar zaman-zaman olub: “Rusiyadan qaz idxalı ilə bağlı iddianın konkret hədəfləri var. Birincisi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin bərpasında etibarlı tərəfdaş imicini bu cür yalan xəbərlərlə zədələmək istəyirlər. İkincisi, bu cür hücumlarla Avropa bazarında ölkəmizin mövqeyini sarsıtmağa çalışırlar. Üçüncüsü, enerji anlaşmalarında Azərbaycanın üzərinə qeyri-real öhdəliklər qoymaq istəyi ola bilər. Bu hədəflərə nail olmaq istəyənlərin Avropanın enerji bazarında maraqları olan qüvvələr olduğu istisna edilməməlidir. Təbii ki, hər zaman olduğu kimi, bu məsələ də erməni diasporu/lobbisinin iştirakı da istisna deyil. Halbuki Prezidentin köməkçisi Hikmət Hacıyevin təqdim etdiyi faktlar belə informasiyaların saxta olduğunu açıq şəkildə göstərir. 2024-cü ildə Rusiyadan Azərbaycana qaz idxalı olmadığı halda, belə iddianın irəli sürülməsi qeyri-peşəkarlıq yox, məhz təxribat cəhdidir və konkret hədəfləri var. Və bəllidir ki, bu cür dezinformasiyaların hədəfi nəyinsə şəffaflığını təmin etmək, yaxud Qərbin maraqlarına uyğun olmayan nələrinsə qarşısını almaq deyil. Əks təqdirdə, Ermənistanın sanksiyaların dəlinməsində Rusiyaya verdiyi dəstəyə göz yumulmazdı. Son iki ildə - Ukrayna müharibəsi başlandıqdan sonra Ermənistan Rusiyanın sanksiyalardan yayınmasında ciddi rol oynayıb. Bunu iki ölkə arasındakı ticarət dövriyyəsinin fantastik həddə artması da sübut edir. Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi 2020-ci ildə 2,3 milyard, 2021-ci ildə 2,6 milyard dollar idisə, 2022-ci ildə 91,7 faiz artaraq, 5,05 milyarda, 2023-cü ildə isə 7,4 milyard dollara çatdı. Bu il 16 milyard dollar olacağı gözlənilir. Bu, məhz Ermənistanın Rusiyaya lazım olan məhsulları idxal edərək, Moskvaya göndərməsinin nəticəsidir. Qərb ölkələri bunu görməzdən gəldikləri halda, Azərbaycana qarşı dezinformasiyalar yaymaqla məşğuldurlar”.

Tarix: Bu gün, 14:22 Oxunub: 1


Bölməyə aid digər xəbərlər