12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Prezidentdən Mərkəzi Bankın sədrinə: Bu, özbaşınalıqdır

Mənim münasibətim buna mənfidir. Özü də mən deyim nəyə görə. Birincisi, bu, özbaşınalıqdır. Belə açıqlama veriləndə mütləq rəhbərliklə gərək məsləhətləşmə aparılsın. Azad edilmiş torpaqların bərpası ilə bağlı mənim tərəfimdən bir çox önəmli qərarlar qəbul edilib, qərargah yaradılıb. Qərargaha Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir. Mən demişdim ki, bütün təkliflər, bütün təşəbbüslər oraya göndərilməlidir. Çünki biz kim necə istəyir o torpaqları, əraziləri bərpa edə bilmərik. Biri filial açmaq istəyir, biri nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir və qəbuledilməzdir. Ona görə burada subardinasiya olmalıdır. Ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özü üçün hansısa bir ofis, yeni ofis yaratmaq üçün belə açıqlamaların verilməsi tamamilə qəbuledilməzdir və buna son qoyulmalıdır.
QanunXəbər.com xəbər verir ki, bu sözləri AzTV-yə müsahibəsində "Cənab Prezident, mətbuatda gedən bir məlumatda deyilir ki, Mərkəzi Bankın sədri Şuşada təmsil etdiyi qurumun nümayəndəliyinin açılacağını bildirib və bu məsələyə münasibətinizi öyrənmək istəyərdik" sualına cavabında Prezident İlham Əliyev deyib.
"İkincisi, biz bütün işləri ardıcıllıqla edirik və mən bu ardıcıllıq haqqında dəfələrlə demişəm Azərbaycan xalqına hansı işləri biz görəcəyik ki, insanlar da bilsinlər. İlk növbədə, keçmiş köçkünlər, nə vaxt onlar qayıda bilərlər o torpaqlara. Birinci, minalardan təmizləmə. Bu, böyük bir prosesdir. Ermənilər bizə mina xəritələrini, mina sahələrinin xəritələrini vermirlər. Ona görə indi partlayışlar da tez-tez olur. Biz indi Minatəmizləmə Agentliyini yenidən formalaşdırırıq və onun fəaliyyəti daha səmərəli olacaq. Ancaq bu, müəyyən vaxt aparacaq. Mina təmizləməklə əlaqədar işlər əlbəttə ki, başa çatmalıdır. Ondan sonra ziyanın qiymətləndirilməsi. Biz əgər ziyanın qiymətləndirməsini etməsək, sabah biz təzminat davasında da uğur qazana bilmərik. Ona görə ki, ilk növbədə, yerli qurumlar bütün dağılmış evlərin pasportlaşdırılması aparılmalıdır, video, foto çəkilişlər, dron çəkilişləri, protokollaşma – hər bir binanın, hər kənddə yerləşən binanın, hər şəhərdə yerləşən binanın öz pasportu olmalıdır. Bunu, bu məlumatı biz verəcəyik cəlb edilmiş beynəlxalq şirkətlərə, onlar özləri tədqiqat aparacaqlar, özləri monitorinq missiyaları həyata keçirəcəklər və onlar bizə Ermənistana qarşı açılacaq təzminat davasında kömək göstərəcəklər. Yəni, bu ardıcıllıq budur. Bu işlər görüləndən sonra infrastruktur layihələri icra edilməlidir. Axı infrastruktur olmasa, orada insan necə yaşayacaq? Su yox, işıq yox, yol yox, yoxdur, necə yaşaya bilər? Ondan sonra evlər tikilməlidir. Mən artıq göstəriş vermişəm, artıq bizim qurumlar işləyirlər bütün şəhərlərin baş planları hazırlanır, özü də elə-belə yox. “Ağıllı şəhər” konsepsiyası, “ağıllı kənd” konsepsiyası. Bu, zaman tələb edir. Eyni zamanda, hər şey planlı şəkildə olmalıdır. Yoxsa biri oradan duracaq deyəcək ki, mən burada bunu tikəcəyəm, biri oradan duracaq ki, mən bunu. Kimsən sən? Sən get öz işinlə məşğul ol. Yenə də deyirəm, ucuz populyarlıq dalınca qaçanların axırı pis olur, bir. İkincisi, qayda-qanun var ölkədə. Heç kim özbaşınalıq edə bilməz. Əgər kimsə unudur, biz onun yadına salarıq. Təkcə bu işlərlə, əlbəttə ki, məsələ bitməyəcək. Sosial obyektlər də tikilməlidir. Evlərin tikintisi ilə paralel olaraq sosial obyektlər – xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları. Yoxsa əgər biz indi gedib haradasa, necə deyərlər, məktəb tiksək, ya xəstəxana tiksək, amma kim oraya gedəcək. Orada adam yoxdur", - İlham Əliyev bildirib.


Tarix: 1-02-2021, 18:45 Oxunub: 78


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı