İlham Əliyev tələb etdi, Paşinyan qovdu: Rəsmi Bakı erməni müdafiə nazirini dəyişdirdi

İlham Əliyev tələb etdi, Paşinyan qovdu: Rəsmi Bakı erməni müdafiə nazirini dəyişdirdi


Baş nazir Nikol Paşinyanın Ermənistanın müdafiə naziri Arşak Karapetyanı istefaya göndərməsi məhz rəsmi Bakının "dəmir yumruq" zərbəsinin nəticəsidir; Azərbaycanı qəzəbləndirən heç kim Ermənistanda nazir postunda qala bilməz, çünki hətta Paşinyan hakimiyyətinin belə, gələcək taleyi böyük ölçüdə məhz rəsmi Bakıdan asılıdır...
Musavat.com məlumatına görə, Ermənistan son vaxtlar terror-diversiya və digər təxribat metodlarına üstünlük verirdi. Rəsmi İrəvan əvvəlcə Ermənistanın müdafiə naziri Arşak Karapetyanı rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu Azərbaycan ərazisinə göndərdi. Ardınca Ermənistanın müdafiə naziri tərəfindən təlimatlandırılmış erməni terrorçu Azərbaycan əsgərlərinin blok-postuna əl qumbarası atdı.

Təbii ki, rəsmi İrəvan bütün bunlar ilə Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesini əngəlləyə biləcəyinə ümid bəsləyirdi. Paşinyan hakimiyyəti böyük ehtimalla Ermənistanın Qərbdəki himayədarlarının direktivlərinə uyğun şəkildə regionda vəziyyətin gərginləşdirilməsinə cəhd göstərirdi. Və bütün bunların Ermənistana düşdüyü əlverişsiz geopolitik situasiyadan çıxmaq şansı yaradacağını düşünürdü.

Ona görə də, rəsmi İrəvan Azərbaycan-Ermənistan sərhədlərində hərbi-siyasi təxribatları daha da intensivləşdirməyə çalışırdı. Böyük ehtimalla sərhəd bölgəsində silahlı toqquşmaların intensivləşəcəyi təqdirdə, ABŞ, Fransa və digər Qərb ölkələrinin dəstəyinin gecikməyəcəyinə əmin idi. Ancaq Paşinyan hakimiyyətinin bu hesabları tutmadı.



Rəsmi İrəvan başlatdığı genişmiqyaslı hərbi-siyasi təxribat kampaniyasının qarşılığında Qərbdən yalnız bir neçə "növbətçi sabitlik çağırışı"ndan daha artığını ala bilmədi. Nəticədə Azərbaycan ilə növbəti dəfə təkbaşına qaldı. Azərbaycan Müdafiə Nazirliyinin sərt xəbərdarlığı ilə üzləşdi.

Rəsmi Bakı isə sadəcə, xəbərdarlıq etməklə, kifayətlənmədi. Paşinyan hakimiyyətinə Ermənistanın necə bir təhlükəli hərbi-siyasi risklə qarşı-qarşıya olduğunu da anlatdı. Və Ermənistanın 44 günlük savaşdan sonra darmadağın edilərək, pərakəndə silahlı dəstələrə çevrilmiş ordusuna da dərs verdi.

Buna əmin olmaq üçün Ermənistan Təhlükəsizlik Şurasının yaydığı son açıqlamaya diqqət yetirmək tamamilə kifayətdir. Ermənistan Təhlükəsizlik Şurasının açıqlamasında bildirilir ki, Azərbaycan ordusu irəliləyib və 4 erməni hərbi postu mühasirəyə düşüb: "Ancaq danışıqlar nəticəsində Azərbaycan hərbçiləri hərbi texnika ilə birlikdə geri çəkiliblər. Eyni zamanda, həmin 4 hərbi postdan Ermənistan hərbçiləri də çıxarılıblar. Bununla belə, həmin ərazidə hələ 2021-ci ilin may ayında ora girmiş Azərbaycan ordusu qalmaqdadır".

Göründüyü kimi, olduqca ziddiyyətli açıqlamadır. Bir tərəfdən Azərbaycan hərbçilərinin danışıqlardan sonra ərazidən çəkildikləri bildirilir. Digər tərəfdən isə Azərbaycan ordusunun hələ də bölgədə olduğu vurğulanır. Və may ayında Azərbaycan ordusunun həmin bölgəyə girdiyinə eyham vurulur.



Belə anlaşılır ki, Azərbaycan ordusu həqiqətən irəliləyib. Ermənistan hərbçiləri də 4 postu buraxıb, geri çəkilməli olublar. İndi rəsmi İrəvan bu məğlubiyyətin nəticələrini sadəcə, may ayında Azərbaycan ordusunun irəliləyişi ilə gizlətməyə çalışır. Yəni demək istəyir ki, həmin ərazidə Azərbaycan əsgərlərini görənlər qətiyyən təəccüblənməsinlər. Çünki həmin əsgərlər hələ may ayından oradadırlar.

Baş nazir Nikol Paşinyan həm də Azərbaycan ordusunu Ermənistan ərazisinə girməkdə suçlayıb. Halbuki bu ittihamın reallıqla əlaqəsinin olmadığını özü də bilir. Və böyük ehtimalla bu ittiham Ermənistan cəmiyyəti üçün nəzərdə tutulub.

Məsələ ondadır ki, bu ittihama Azərbaycan Xarici İşlər Nazirliyi dərhal reaksiya verib: "Azərbaycan ordusu ölkəmizin beynəlxalq hüquqla tanınmış sərhədləri daxilində xidmət keçirlər". Yəni, rəsmi Bakı bəyan edir ki, Azərbaycan ordusu Ermənistan ərazisinə girməyib. Azərbaycan əsgərlərinin mövqe tutduğu ərazilər ölkəmizə məxsusdur.

Buradan isə belə nəticəyə gəlmək olar ki, Azərbaycan ordusu sadəcə, delimitasiya və demarkasiya prosesinə başlayıb. Ermənistan danışıqlar yolu ilə sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamağa həvəs göstərmir. Əksinə, bu prosesi müxtəlif hərbi-siyasi təxribatlarla və bəhanələrlə uzatmağa çalışır. Rəsmi Bakı isə Ermənistanın "kaprizlər"inə görə zaman itirmək istəmir. Və Azərbaycan ordusu rəsmi xəritələr ilə hüquqi cəhətdən ölkəmizə məxsus olan əraziləri öz nəzarəti altına alır.

Təbii ki, bu, o deməkdir ki, hərbi-siyasi təxribatlar törədən Ermənistan rəsmi Bakı tərəfindən cəzalandırılır. Ermənistan isə Azərbaycanın hərbi-siyasi gücü qarşısında tab gətirə bilmir və biabırçı şəkildə əzilir. Və buna uyğun addımlar atmaq məcburiyyətində qalır.



Baş nazir Nikol Paşinyanın Ermənistanın müdafiə naziri Arşak Karapetyanı istefaya göndərməsi də məhz rəsmi Bakının növbəti "dəmir yumruq" zərbəsinin nəticəsidir. Erməni baş nazir də rəsmən etiraf edib ki, müdafiə nazirinin istefasının səbəbi məhz Azərbaycanla sərhəd bölgəsində baş verən hadisələr ilə birbaşa bağlıdır: "Arşak Karapetyanın müdafiə naziri vəzifəsindən azad edilməsi və onun əvəzinə baş nazirin müavini Suren Papikyanın təyin edilməsi haqqında qərar qəbul etmişəm. Bu qərar son baş verən hadisələrin təhlili nəticəsində qəbul edilib. Hazırkı vəziyyət məni nazirin dəyişdirilməsi qərarına gətirib, çıxardı".

Ermənistan baş naziri Nikol Paşinyanın müdafiə nazirini dəyişdirməsinin məhz rəsmi Bakının istəyinə uyğun reallaşdığı onun bu açıqlamasından da nəzərə çarpır. Arşak Karapetyan Xankəndi və ətraf bölgəyə səfər etməklə, rəsmi Bakını ciddi şəkildə qıcıqlandırmışdı. Və rəsmi Bakı onun müdafiə naziri vəzifəsindən qovulmasına nail oldu.

Ümumiyyətlə, Arşak Karapetyan müdafiə naziri təyin olunduqdan sonra yalnız təxribatçı addımlar atmaqla, diqqəti çəkirdi. O, hətta vəzifəsinin icrasına belə, məhz Azərbaycan əsgərlərinə atəş açmaq əmri ilə başlamışdı. Halbuki darmadağın edilmiş Ermənistan ordusu onun bu sərsəm əmrini yerinə yetirmək imkanından uzaqdır.

Onun Azərbaycan ərazilərinə qanunsuz səfər etməsi, Qara Göl ətrafında hərbi təxribatlar törətmək təlimatı verməsi isə rəsmi Bakının səbrini sona çatdırdı. Nəticədə Azərbaycan Müdafiə Nazirliyi sərt xəbərdarlıq etdi ki, “təxribatlar təkrarlanarsa, cavab addımları daha sərt və təsirli olacaq”.

Göründüyü kimi, rəsmi Bakı sözünün üstündə durdu və Paşinyan hakimiyyətini Arşak Karapetyanı müdafiə naziri postundan qovmağa məcbur etdi. Ümumiyyətlə, Azərbaycan öz hərbi-siyasi təzyiqləri ilə Ermənistanda ardıcıl olaraq, üç müdafiə nazirinin dəyişdirilməsinə nail olub. Yəni, baş nazir Nikol Paşinyan öz qısamüddətli hakimiyyəti dövründə artıq 4-cü müdafiə nazirini təyin edib. Onlardan birincisi və “yeni müharibə, yeni torpaqlar” tezisinin müəllifi olan David Tonoyan Ermənistanın 44 günlük savaşda uğradığı biabırçı məğlubiyyətin qurbanı olmuşdu. Digər üç müdafiə naziri isə Ermənistanın kapitulyasiya aktını imzalanmasından ötən son bir il ərzində təyin ediliblər.



Baş nazir Nikol Paşinyanın yeni təyin etdiyi müdafiə naziri Suren Papikyanın avtobioqrafiyasında isə maraqlı məqamlar var. Ermənistan mətbuatının məlumatına görə, Suren Papikyan hərbçi deyil. O, hətta hərbi xidmətdə olarkən, özünə qarşı sistemli şəkildə zorakılıq edən komandirini də bıçaqlayıb. Nəticədə 2006-cı il martın 27-də Suren Papikyan Ermənistanın Hərbi Qarnizon Hərbi Məhkəməsi tərəfindən 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, “Nubaraşen” cəzaçəkmə müəssisəsində cəzasını çəkib. 2007-ci il fevralın 23-də isə amnistiya ilə azad olunub.

Ermənistanın yeni müdafiə naziri Suren Papikyan yəqin ki, özündən əvvəl həmin vəzifədə olan qalmaqallı şəxsin səhvlərindən lazımı nəticələr çıxaracaq. Əks halda, rəsmi Bakının “sərt və təsrli” tədbirləri həmin şəxsin sonrakı taleyini ona da yaşada bilər. Hər halda, buna qədər baş nazir Nikol Paşinyanın müavini olmuş S.Papikyan rəsmi İrəvanın Ermənistanın təxribatçı müdafiə naziri Arşak Karapetyanı məhz Azərbaycanın sərt təzyiqləri nəticəsində dəyişmək məcburiyyətində qaldığından xəbərdar olmalıdır.

Bütün bunlar bir daha onu göstərir ki, 44 günlük savaşdan sonra Ermənistanda gündəmi məhz Azərbaycan müəyyən edir. Rəsmi Bakını qəzəbləndirən heç kim Ermənistanda nazir postunda qala bilməz. Hətta Paşinyan hakimiyyətinin belə, gələcək taleyi böyük ölçüdə məhz rəsmi Bakıdan asılıdır. Ona görə də, Ermənistanda son baş verənləri məhz Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə izah etmək daha doğru olardı. Yəni, Prezident İlham Əliyev tələb etdi, baş nazir Nikol Paşinyan müdafiə nazirini qovdu. Ermənistanda müdafiə naziri məhz rəsmi Bakının siyasi iradəsi ilə dəyişdirildi.

Tarix: 16-11-2021, 09:00 Oxunub: 89


Bölməyə aid digər xəbərlər