“Zəngəzur və Qazax tərəfdən kəndlərin çoxu bizə keçməlidir” - Paşinyanın xəritə oyunu...



Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının sessiyasındakı çıxışında özünü Azərbaycanla sərhədlərin delimitasiyasının tərəfdarı kimi təqdim etməyə çalışıb:

“Azərbaycan Prezidentinə rəsmi və açıq sual verirəm: mənə Ermənistanın elə bir xəritəsini göstərə bilərsinizmi ki, onu qəbul edirsiz, yaxud Ermənistan Respublikası kimi qəbul etməyə hazırsınız?” Bundan sonra Paşinyan konkret rəqəmlərə istinad etməklə fikrini əsaslandırmağa çalışıb: “Əgər Azərbaycan Ermənistanın tək nəzəri deyil, konkret olaraq beynəlxalq səviyyədə tanınmış 29 min 800 kvadrat kilometr təşkil edən ərazisini tanısaydı, bu, o demək olar ki, biz hər iki ölkənin ərazi bütövlüyünü qarşılıqlı surətdə tanıyaraq, sülh sazişini imzalaya bilərik”.

Ancaq Nikol Paşinyan özü Azərbaycandan xəritə tələb etdiyi halda Ermənistan ərazisinin 29,8 min kv.km təşkil etməsi barədə heç bir sənəd təqdim etməyib. Halbuki, Ermənistan ərazisinin həm beynəlxalq səviyyədə, həm də Azərbaycan tərəfindən qəbul edilmiş xəritəsinin tanınması üçün ilk növbədə, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi aparılmalıdır. Azərbaycan tərəfinin sülh danışıları çərçivəsində bütün səylərinə baxmayaraq, Ermənistan hər dəfə sərhədlərin müəyyənləşməsi ilə bağlı birgə fəaliyyətdən yayınır. 1988-ci ildən Azərbaycan ərazilərinin işğalı və ilhaqı siyasətini həyata keçirən Ermənistan məhz bu sərhədlərin mübahisəli olduğunu iddia edir.

Belə olan halda Paşinyanın Azərbaycandan xəritə tələb etməsi heç bir siyasi və hüquqi məntiqə sığmır. Əgər Ermənistanın ərazisi 29, 8 min kv.km təşkil edirsə, yəni Paşinyan erməni dövlətinin mövcudluğunu bu sərhədlər çərçivəsində görürsə, o zaman nə üçün rəhbərlik etdiyi ölkənin Qarabağa olan iddiasından imtina edən sənədi imzalamır? Azərbaycan tərəfi heç bir müzakirələrdən imtina etmir və sərhədlərin delimitasiyası ilə bağlı əməli işə bağlamağa razıdır. Ermənistan hökumətinin başçısı isə əslində, bu məsələdə manipulyasiya edərək, Azərbaycanın ərazi bütövlüyünü tanımaq üçün şərt irəli sürür. Paşinyan dolayısı ilə delimitasiya müzakirələrindən yayınaraq Azərbaycandan 29,8 min kv.km ərazinin qeyd-şərtsiz Ermənistana məxsus olduğunu qəbul etmək tələbi qoyur. Bunun müqabilində Azərbaycanın ərazi bütövlüyünü tanıyacağını vəd edir. Onun bu açıqlaması Ermənistanın ərazisinin nə qədər olduğuna dair sualları meydana çıxarıb.

SSRİ dövründə tərtib olunmuş xəritələrə nəzər salsaq, Ermənistanın 1991-ci ildə müstəqillik əldə etdikdən sonrakı müddətdə bütün xəritələrə müdaxilə etdiyini görmək olar. SSRİ dövrünün xəritələrinin əksəriyyətində Ermənistan SSR-in ərazisinin 29,8 min kvadrat kilometr təşkil etdiyi qeyd edilir. Halbuki, Sovet İttifaqı dövründə Azərbaycan SSR-in böyük torpaq sahələri heç bir qanuni əsas olmadan Ermənistana verilib. 1928-ci ildə Moskvada nəşr olunmuş Sovet Sosialist Respublikaları İttifaqının atlasında Ermənistan SSR-in ərazisi 11500 kvadrat kilometr göstərilir. 1936-cı ildə nəşr olunmuş atlasda isə Ermənistanın ərazisinin 29,8 min kv.km olduğu yazılıb. Yəni bu faktın özü Azərbaycan topraqlarında qanunsuz Ermənistan Respublikasının yaradıldığını təsdiq edir. Bu halda Paşinyanın iddia etdiyi 29,8 min kv.km ərazinin Ermənistana deyil, Azərbaycana aid olduğu üzə çıxır.

Əgər belədirsə, həmin torpaqlar Ermənistana deyil, Azərbaycana məxsus ərazilər kimi tanınmalıdır. Bu yanaşmanı Paşinyanın 2021-ci ildə irəli sürdüyü fikrin özü də sübuta yetirir. Nikol Paşinyan SSRİ dövründə rayon icraiyyə komitələrinin və SOV.İKP Plenumunun qərarları ilə torpaq sahələrinin qonşu respublikaya verilməsinin hüquqi baxımdan düzgün olmadığını bildirib. Bu baxımdan, Sovet dövrünün xəritələrinin hüquqi əsasa malik olmadığını deyib. Bununla da Paşinyan Azərbaycan ərazilərinin Ermənistana qanunsuz olaraq verildiyini etiraf edib. 1937-1992-ci illərdə tərtib olunmuş bütün xəritələrdə isə Ermənistanın ərazisi 29 743 kv.km göstərilir. Bu rəqəm 1936, 1940, 1946, 1963, 1974 və 1991-ci illərdə nəşr edilmiş atlaslarda öz əksini tapıb. Halbuki, SSRİ dövründə xeyli Azərbaycan torpağının Ermənistana verildiyini nəzərə alsaq, bu ərazlər artmalı idi. Ona görə də Paşinyanın açıqlaması kifayət qədər şübhəli və təzadlı görünür. Qeyd edək ki, 1969-cu ildə Gədəbəy rayonunun Tağlar kəndi 600 hektar ərazisi ilə birlikdə, eləcə də Zəngilan rayonunun Nüvədi kəndi Ermənistana verilib. 1975-ci ildən sonra bir sıra Azərbaycan əraziləri kolxoz və sovxoz təsərrüfatını inkişaf etdirmək adı altında Ermənistanın ərazi-inzibati vahidinə daxil edilib. 1982-ci ildə Qazax rayonunun 1675 hektar torpaq sahəsi, 1984-cü ildə Laçın rayonu ərazisindəki Qaragöl gölünün suvarma məqsədilə ayrılmış 74 faiz hissəsi Ermənistana verilib. Bundan başqa, Zəngilan, Qubadlı, Cəbrayıl və Laçın rayonlarının işğala qədər Şərqi və Qərbi Zəngəzurda böyük otlaq sahələri olub. Sonradan həmin ərazilər Ermənistanın inzibati ərazisinə qatılıb. 1974-cü ilə qədər Zəngilan rayonunun bəzi kolxoz və sovxozlarının heyvan sürüləri Zəngəzur dağının Yağlıdərə, Vişlan düzü kimi yaylarından otlaq kimi istifadə edib. Lakin 1975-ci ildən sonra adıçəkilən torpaqlar Ermənistan ərazisi kimi rəsmiləşdirilib. Ona görə sərhədlərin delimitasiyası və demarkasiyası prosesi zamanı həmin ərazilərin bir çoxu Azərbaycana qaytarılmalıdır.

İkinci Qarabağ müharibəsindəın sonra isə Ermənistan qanunsuz olaraq Böyük İşıqlı, Kiçik İşıqlı yüksəkliklərinə ərazi iddiası irəli sürür. Hazırda Azərbaycan ordusunun mövqe tutduğu həmin dağları Paşinyan hökuməti Ermənistan ərazisi hesab edir.

Görünür, Baş nazir 29,8 min kv.km-lik ərazi şərtini irəli sürməklə həmin torpaqları delimitasiya aparmadan Azərbaycandan qoparmağa çalışır. DİA.AZ xəbər verir ki, Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin Direktoru İsmayıl Tanrıverdi Cebhe.info-ya açıqlamasında Ermənistanın ərazisinin 29,8 kv.km olması barədə məlumatların reallığı əks etdirmədiyini deyib. Onun sözlərinə görə, ermənilər SSRİ dövründə tərtib olunmuş xəritələrə əsaslanaraq bir sıra ərazilərin ilhaqının Azərbaycan tərəfindən tanınmasına çalışır.

“Sovet İttifaqının tərkibinə daxil olan zaman Ermənistan SSR-in ərazisi 11 min kv.km təşkil edib. Bundan sonra ermənilər Şərur-Dərələyəz bölgəsini, Zəngəzuru işğal edərək bu göstəricini 29 743 kv.km-ə çatdırıblar. SSRi dövründə Ermənistan hiyləgərlik işlədərək Azərbaycanın bir çox rayonlarının torpaqlarını hissə-hissə mənimsəyiblər. Qazaxın torpaqlarını və yeddi kəndini, Sədərək rayonunun Kərki kəndini, Zəngəzur bir sıra kəndlərini zəbt ediblər. 29,8 min kv km ərazidən danışarkən Ermənistan hökuməti bunları gizlətməyə çalışır. Amma sərhədlərin delimitasiyası və demarkasiyası baş tutarsa, komissiya bu faktları üzə çıxarıb həmin torpaqları geri qaytara bilər. Yəni həm Zəngəzurdan, həm də Qazax tərəfdən kəndlərin çoxu bizə keçməlidir. Onlar Azərbaycanın Kərki esklavına və Gədəbəy rayonunun Başkənd kəndinə iddia edirlər. Bütün proseslər sərhədlərin delimitasiyasından asılıdır. Əgər sərhədlərin müəyyənləşməsi ədalətli aparılsa, Zəngəzur istiqamətindəki İşıqlı yüksəkliyi də Azərbaycanın ərazi vahidinə keçməlidir”.

O bildirib ki, Paşinyanın dediyi 29,8 min kvadrat kilometr ərazi isə beynəlxalq səviyyədə şərti olaraq qəbul olunub:

“Çünki Zəngəzur və bir çox ərazilər 1923-cü ildən sonra Ermənistan ərazisi kimi rəsmiləşdirilib. 1918-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 114 min kv.km. təşkil edib. Həmin ərazilər dünya ölkələrinin əksəriyyəti tərəfindən tanınmışdı. Ora həmçinin Zəngəzur və Şərur-Dərələyəz bölgəsi daxildir. Bu, delimitasiya prosesində sübuta yetirilsə, həmin torpaqlar Azərbaycana qaytarılacaq və Ermənistanın ərazisi azalacaq”.

Tarix: 28-09-2022, 14:22 Oxunub: 90


Bölməyə aid digər xəbərlər