Etibar Orucov- Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal olunan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad etdi. Beləliklə, 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.
Xalq-Ali Baş Komandan birliyi Ordumuzun zəfər yürüşünün əsasını təşkil etdi

Xalq-Ali Baş Komandan, xalq-ordu birliyi üzərində qurulan zəfər yürüşü ilə Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasının bir qismini də uğurla icra etdi. Ümumilikdə, hərbi kampaniya dövründə 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Hərbi ekspertlərin, elə ermənilərin özlərinin də dediyi kimi, “kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir”.

Şuşa azad edildikdən dərhal sonra, noyabrın 9-da Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad olunası barədə ölkə ictimaiyyətini məlumatlandırdı. Beləliklə, hərbi əməliyyatlar zamanı darmadağın edilən düşmən Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyətini etiraf etdi. Bu, Azərbaycan xalqının şanlı qələbəsidir.

Dağlıq Qarabağ münaqişəsi bitdi: İmzalanan bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır
Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Dünya hərb tarixi də göstərir ki, belə itkilərə məruz qalmış tərəf məğlub hesab edilir, təslim olur və hərbi əməliyyatlar dayandırılır.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə Paşinyan kapitulyasiya şərtlərinə razılığını verdi. Dövlətimizin başçısı dəfələrlə, o cümlədən BBC-yə son müsahibəsində də bəyan etmişdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü halda hərbi əməliyyatlar dayandırılacaq.
Noyabrın 10-da imzalanan birgə bəyanatda Ermənistan öz üzərinə öhdəlik götürür ki, qarşıdan gələn 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Nəticə etibarilə, qarşıdan gələn qış mövsümündə qan tökülmədən, itki verilmədən ərazi baxımdan böyük rayonlarımız da işğaldan azad olunur. Həmçinin bölgədə sülhyaratma prosesi Rusiya və Türkiyənin birgə iştirakı ilə təmin olunacaq. Həmçinin sülhməramlıların əraziyə gəlməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə sinxron qaydada aparılacaq.

Ərazi bütövlüyümüz təmin olundu: Heç bir statusdan söhbət gedə bilməz

Cənab Ali Baş Komandan İlham Əliyev xalqımıza şanlı qəhrəmanlıq tarixi bəxş etdi. Şuşa şəhərini, Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı rayonlarını işğaldan azad edən Azərbaycan əsgəri tarixi zəfərə imza atdı. Tezliklə Ağdamın, Laçının, Xankəndinin, Xocalının, Xocavəndin, Kəlbəcərin tam azad olunacağı xəbəri bizə böyük ruh yüksəkliyi bəxş edir. Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında illərdir içimizdə sızıldayan vətən həsrətinin acısını şirin duyğulara çevirən igid əsgərlərimiz namərd düşmənə amansız zərbə vurdu. 200 ildir Azərbaycan xalqına qarşı soyqırımı siyasəti aparan mənfur, alçaq, rəzil düşmən öz cavabını aldı. Azərbaycan əsgəri qanı və canı bahasına torpaqlarımızı düşmən əsarətindən azad etdi. Döyüş meydanlarında Əlif Hacıyev, Əliyar Əliyev, Allahverdi Bağırov, Mübariz İbrahimov, Pəncəli Teymurov, Polad Həşimov, Cəbrayıl Dövlətzadə kimi nər oğullarımızın qisası alındı. Qarabağ savaşının bütün günahsız qurbanlarının ruhu sevindi. Erməni vəhşiliyinin, erməni faşizminin günahsız qurbanları olan məsum körpə balalarımızın ahı onları tutdu.
Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad edilən torpaqlarımızda tezliklə abadlığın, rifahın qurulacağı gün çox yaxındır.
Təsadüfi deyilmir ki, tarixi yaradanlar sərkərdələrdir. Azərbaycan xalqının əbədi sevgisini qazanan qalib Ali Baş Komandanımız, millətimizin fəxri İlham Əliyevə eşq olsun! Qəhrəman Azərbaycan əsgərinə eşq olsun! Uca Tanrım Ali Baş Komandanımızı və igid, qartal baxışlı, aslan ürəkli, bozqurd ruhlu əsgər və zabitlərimizi qorusun! Eşq olsun Azərbaycan – Türkiyə dostluğuna, qardaşlığına! Tezliklə Şuşamızda xarı bülbülün ətrini duymaq diləyi ilə bütün xalqımı böyük qələbə münasibətilə təbrik edirəm.

                        Etibar Orucov
 Masazır kənd Ə.Vahid adına 1 nömrəli tam məktəbin direktoru 


Tarix: 17-11-2020, 17:35 Oxunub: 301


Bölməyə aid digər xəbərlər