O, bir ömür yaşayır. Şərəfli, ləyaqətli müəllim ömrü. Əslində müəllimliklə bərabər həm də ziyalı ömrü. Peşəsinin fədaisi, sənətinin vurğunudur. Çətin və keşməkeşli, enişli, yoxuşlu həyat yolundan keçərək zirvələri fəth edən, ömrünün 61-ci baharına qədəm qoyan bu şəxs həm də gözəl insan, təhsil fədaisidir. Haqqında söhbət açdığımız insan yorulmaq bilmədən çalışaraq ömrünü təhsilə həsr edən Bakı şəhər 151 nömrəli tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Həyat Dünyamalıyevadır.
Həyat xanım Dünyamalıyeva ziyalı ailəsində anadan olub. Orta təhsilini əla qiymətlələ başa vurduqdan sonra ali təhsil almaq istəyi, arzusu onu bir anda olsun rahat buraxmayıb. Azərbaycan Pedaqoji İnstitutunda ali təhsilini başa vurub. İlk əmək fəaliyyətinə 9 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi başlayıb. Daha sonra fəaliyyətini Nəsimi rayon Təhsil şöbəsində İbtidai siniflər üzrə Metodist müəllim, Bakı Təhsil İdarəsi yarandıqdan sonra kadrlar şöbəsinin baş məhləhətçisi, 285 nömrəli tam orta məktəbdə direktor, daha sonra 213 nömrəli tam orta məktəbdə direktor müavini vəzifəsini layiqincə davam etdirib.Ömrünün ən gözəl, yaddaqalan illərini şagirdlər arasında keçirən Həyat müəllimə sözün həqiqi mənasında çox bacarıqlı, mehriban müəllim, gözəl ana, qayğıkeş insandır. Məhz bu keyfiyyətlərinə görə dərs dediyi şagirdlərin, rəhbərlik etdiyi kollektivin böyük hörmətini qazanmışdır. Həyat müəllimə çalışdığı illər ərzində tədrisin keyfıyyətinin yaxşılaşdırılması yolunda yaxından iştirak edərək uğurlu nəticələr əldə edib. Həyat Dünyamalıyeva yaradıcı axtarışlar da aparmış, onlarca məqalə yazaraq mətbuatda dərc etdirmişdir.
Böyük şəxsiyyətlər zaman-zaman müəllim haqqında müdrik sözlər, gözəl kəlamlar demişlər. Platon deyirdi ki, “Müəllimlik hər şeydən əvvəl bir tanrı sənətidir”. Ulu öndərimiz Heydər Əliyev isə müəllimi zülməti yaran nur, cəhaləti elmin qılıncıyla yox edən, elmi üstün olan, qəlbiylə insanlara yaxınlaşan, böyük örnək, insanlara elm öyrətməklə həyatını şam kimi əridən, qəlblərdə əbədi həyat quran şəxsiyyət adlandırmışdır. Həyat Dünyamalıyeva məhz belə müəllimlərdəndir. O öz təcrübəsini müəllimlərə, biliyini şagirdlərə həvəslə aşılayan təhsil fədaisidir. O, qızıldan qiymətli vaxtı həmişə düzgün bölür, insana bir dəfə verilən ömür saatlarını xeyirli işlərə sərf edir.Həyat Dünyamalıyeva ömrü boyu alın təri ilə yaşayan, müəllim titulunu şərəflə, vicdanla, namusla çiyinlərində daşıyan əməksevər bir müəllim və rəhbərdir. Belə yaşamın bir adı var - şərəfli pedaqoq ömrü. Bu sadaladıqlarımdan başqa, mən qətiyyətlə deyə bilərəm ki,Həyat müəlliməni fərqləndirən ən başlıca xüsusiyyət onun həm də çox gözəl, səmimi insan olmasıdır. Ataların belə bir deyimi var: "alim olmaq asandır, insan olmaq çətin". Həyat müəlliməni tanıyanlar yaxşı bilirlər ki, o həm yaxşı müəllim, həm də gözəl insandır. O hər bir şagirdə xüsusi həssaslıqla yanaşır. Onların probleminin həll olunmasında yaxından köməklik göstərir. Bundan başqa, çalışdığı kollektivdə daim demokratik sağlam mühit formalaşdıraraq kollektivin sevimlisinə çevrilib.
Biz də ona - adını təhsilin tarixinə yazan, neçə-neçə şagirdin, yetirməsinin qəlbində özünə məhəbbətdən heykəl qoyan bu sadə, səmimi insana uzun ömür, cansağlığı arzu edirik.
Bölməyə aid digər xəbərlər