AHİK sədri Sahib Məmmədov beynəlxalq həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri ilə görüşlər keçirib -Fotolar

AHİK sədri Sahib Məmmədov beynəlxalq həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri ilə görüşlər keçirib -Fotolar


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov ölkəmizdə səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) İşçilərin fəaliyyətləri üzrə bürosunun direktoru xanım Maria Helena Andrena, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) Baş katibinin müavini Erik Manzi və Pan Avropa Regional Şurasının (PARŞ) prezidenti İqor Zubko ilə görüşlər keçirib.
Görüşlərdə AHİK sədri Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti barədə məlumat verib. Bildirib ki, ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması, vətəndaşlarımızın əmək hüquqları ilə bağlı qəbul edilmiş qanunvericiliklər bizim sərbəst və məhsuldar fəaliyyətimizə geniş imkanlar açır. Onun sözlərinə görə, Azərbaycanın həmkarlar ittifaqları hazırda üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini etibarlı şəkildə müdafiə edir.
AHİK-in beynəlxalq əlaqələrindən də bəhs edən Sahib Məmmədov bu sahəyə xüsusi önəm verdiklərini, fəaliyyətdə bundan sonra da qabaqcıl beynəlxalq standartlara və mütərəqqi təcrübələrə əsaslanacaqlarını deyib.
Konfederasiya sədri vurğulayıb ki, AHİK-in BƏT-lə qarşılıqlı etimada əsaslanan geniş münasibətləri var, qurumun konvensiyaları ölkəmizdə geniş tətbiq olunur, eyni zamanda Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri təşkilatın hər il keçirilən sessiyalarında iştirak edirlər.
O həmçinin BHİK-nın bəyannamələrinin, qəbul etdiyi qərarların, habelə tapşırıq və tövsiyələrinin AHİK üçün önəmini və iki qurum arasında əməkdaşlığın qənaətbəxş səviyyədə olduğunu qeyd edib.
PARŞ-də təmsil olunması AHİK-in səmərəli fəaliyyəti üçün geniş imkanlar açdığını da deyən Konfederasiya sədri Şura ilə əlaqələrin daha da dərinləşməsi istiqamətində fəal iş aparacaqlarını bildirib.
Görüşlərdə qonaqlar Bakıda olmaqdan, şəhərin gözəlliyini və ölkəmizin inkişafını görməkdən çox şad olduqlarını bildiriblər. Qeyd olunub ki, paytaxtınızda keçirilən “İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri” mövzusunda beynəlxalq konfransda aparılan müzakirələr, bölüşülən təcrübələr və əldə olunacaq nəticələrin onların sonrakı fəaliyyətinə müsbət təsir göstərəcək.

Həmçinin AHİK-in fəaliyyətini yüksək dəyərləndirən qonaqlar bildiriblər ki, təşkilat yeni inkişaf reallıqlar və müasir çağırışlara əsaslanaraq üzvlərinin hüquqlarını layiqincə qoruyur.
Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən gələcək əməkdaşlıq planlar barədə də fikir mübadilələri aparıblar.




Tarix: 28-09-2024, 12:36 Oxunub: 13


Bölməyə aid digər xəbərlər