Bakıda "İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri" mövzusunda beynəlxalq konfrans keçirilir -Fotolar

Bakıda "İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri" mövzusunda beynəlxalq konfrans keçirilir -Fotolar


aia.az xəbər verir ki, sentyabrın 26-da Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Beynəlxalq Əmək Təşkilatı (BƏT-ACTRAV), Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) və Pan-Avropa Regional Şurasının (PARŞ) birgə təşkilatçılığı ilə "İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri" mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfransdan öncə AHİK sədri Sahib Məmmədov və tədbir iştirakçıları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Həmçinin konfrans nümayəndələri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.
Sonra “Fairmont Baku” otelində Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə konfrans öz işinə başlayıb. Tədbirdə Azərbaycanın hökumət nümayəndələri, AHİK-in və üzv təşkilatların rəhbərləri və əməkdaşları, BƏT-ACTRAV, BHİK və PARŞ-nin rəsmi şəxsləri, eləcə də Avropa, Asiya və Afrikanın müxtəlif ölkələrinin həmkarlar ittifaqlarının rəhbərləri və nümayəndələri, habelə Azərbaycanın iqlim siyasəti üzrə ekspertləri, ekoloji fəallar, sahibkarlar, özəl sektorun və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.
Konfrans həmkarlar ittifaqlarının iqlim dəyişmələri və ədalətli keçid proseslərindəki rolunun təşviqi, COP29 üçün prioritetlərin müəyyənləşdirilməsi və icrası, dünyanın müxtəlif bölgələrində həmkarlar ittifaqlarının təcrübə mübadiləsi, həmçinin həmkarlar ittifaqları, hökumətlər və işəgötürənlər arasında əməkdaşlığın genişləndirilməsi məqsədini daşıyır.
Açılış mərasimində AHİK sədri Sahib Məmmədov konfransın məqsədi, əhəmiyyəti və aktuallığı barədə məlumat verib. Bildirib ki, COP29 ərəfəsində keçirilən bu konfrans iqlim dəyişmələri ilə mübarizədə uğur qazanmış ölkələrlə bu sahədə təcrübəsi az olan dövlətlər arasında mühüm tribuna olacaq: “Ekspertlərin təqdimatları və aparılan kollektiv müzakirələr ətraf mühitdə itirdiklərimizin bərpasında həmkarlar ittifaqlarının rolu və iştirakı barədə aydın təsəvvürlər yaradacaq. Həmçinin Paris Raşılaşmasında nəzərdə tutulan mühüm hədəflərə nail olunmasına və Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşmasına töhfə verəcəyimizə ümid edirik. İqlim dəyişmələri milyardlarla insanın həyatına mənfi təsir göstərir, milyonlarla canlı və bitki növlərinin mövcudluğu təhlükə altındadır. Azərbaycan qlobal iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə öndə gedən ölkələr sırasındadır. Təmiz ətraf mühit və “yaşıl enerji” ölkəmizin əsas hədəfləridir. Görülən işlər təsdiqləyir ki, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu sahədə müəyyənləşdirdiyi hədəflərinə nəzərdə tutulan vaxtdan daha tez çatacaq”.
Onun sözlərinə görə, həmkarlar ittifaqlarının da iqlim dəyişmələri və “yaşıl iqtisadiyyat”la bağlı fəal olması, “yaşıl iş yerləri” yaradılmasına önəm verməsi və ideyalarını bölüşməsi olduqca əhəmiyyətlidir: “Hesab edirəm ki, bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi, informasiyanın geniş kütləyə çatdırılması üçün iri miqyaslı müzakirələr keçirilməlidir. Nəzərinizə çatdırım ki, hazırda aşağı karbonlu cəmiyyətə keçid prosesində işçilərin sosial müdafiəsini təşkil etmək üçün həmkarlar ittifaqlarının özəl siyasəti və fəaliyyət planlarının işlənib hazırlanması üzərində işlər aparılır”.
Konfederasiya sədri Sahib Məmmədov sözü gedən mövzu ilə bağlı Azərbaycan həmkarlar ittifaqlarının gördüyü işlərdən də bəhs edib. Vurğulayıb ki, BƏT və AHİK-in birgə təşkilatçılığı ilə Azərbaycanın və Türkmənistanın həmkarlar ittifaqları üçün “Yaşıl iş yerləri və ədalətli keçid” mövzusunda birgə seminar keçirilib: “Azərbaycanda “yaşıl iş yerləri”nin yaradılması vasitəsilə ekoloji dayanıqlı iqtisadiyyata ədalətli keçid üzrə həmkarlar ittifaqlarının strategiyasının hazırlanması haqqında” analitik icmal hazırlanıb. BƏT/AKTRAV-nin birgə layihəsi çərçivəsində “Qlobal istiləşmə və uyğunlaşmaya ədalətli keçid. Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti” mövzusunda 12 tədqiqat işi aparılıb. Həmçinin bu il BƏT ilə birlikdə 4 seminar təşkil olunub. Son illərdə AHİK-in təklifləri əsasında Baş Kollektiv Sazişə salınmış “İçməli suyun keyfiyyəti və içməli su ilə təchizat haqqında” Qanun layihəsinin işlənməsinə, habelə texniki təmayüllü təhsil müəssisələrində əməyin mühafizəsi və ekologiya üzrə kafedraların yaradılmasına və sözügedən sahələrdə ixtisaslı məzunların hazırlanmasına başlanılıb. AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında əmək üzrə texniki müfəttişlərə ətraf mühitin mühafizəsi və radiasiya təhlükəsizliyi haqqında qanunvericiliyin tədrisi təşkil edilib, fənlər üzrə metodiki vəsaitlər və təlimatlar hazırlanıb”.
Çıxışının sonunda AHİK sədri qeyd edib ki, gələcək nəsillərin taleyi, həmçinin daha təmiz, dayanıqlı və ədalətli keçidə nail olmağımız üçün hər birimiz qətiyyət və əzmkarlıq nümayiş etdirməliyik.
Ardınca COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin videomüraciəti nümayiş etdirilib.
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov isə iqlim dəyişmələri ilə mübarizdə Azərbaycanın üzərinə götürdüyü öhdəliklərdən, bu istiqamətdə görülən işlərdən, ölkəmizin yaşıl enerji siyasətindən, habelə Qarabağ və Şərqi Zəngəzurda yaşıl iqtisadiyyatla bağlı irihəcmli infrastruktur layihələrindən danışıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev çıxışında iqlim dəyişmələrinin dünya iqtisadiyyatı üzərində təsirlərini qeyd edib, “yaşıl iqtisadiyyat”a keçid və bu aspektə ortaya çıxacaq sosial risklərdən və onun həlli yollarından söz açıb, eləcə də sosial tərəfdaşlığın önəmini vurğulayıb. Bildirib ki, layiqli əməyə sosial dialoqun inkişafı əsasında nail olunması ”yaşıl iqtisadiyyata” keçid dövründə tədbirlərin uğurla həyata keçirilməsi üçün əsas şərtdlərdən biridir və bu, əmək sferasının və sosial müdafiənin inkişafında yeni yanaşmaların tətbiqini zəruri edir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev iqlim dəyişmələrinin fəsadlarından, “yaşıl iqtisadiyyat”a keçid prosesində iş yerlərinin qorunmasından, özəl sektorun dəstəklənməsindən danışıb. Deyib ki, innovasiya və texnologiyaya çıxış, xüsusi maliyyələşdirmə mexanizmləri rəqabət qabiliyyətini və dayanıqlı iqtisadiyyat yaradan uğurlu keçidi təmin etmək üçün vacibdir, eləcə də bir çox risklər var və yanlış idarə olunan iqlim siyasəti gözlənilməz nəticələr yarada bilər. O qeyd edib ki, biznes və hökumətlər iş yerləri yaratmalı, iqlim dəyişikliyinin təsirlərini azaltmaqla bərabər, iqtisadiyyatın dayanıqlığını təmin edən layihələr, birgə fəaliyyətlər həyata keçirməlidirlər.
BHİK Baş katibinin müavini Erik Manzinin, BƏT-nin Şərqi Avropa və Mərkəzi Asiya ofisinin direktoru Mixail Puşkinin və BƏT-nin İşçilərinin fəaliyyətləri üzrə Bürosunun direktoru Maria Helena Andrenanın çıxışları dinlənilib. Qonaqlar iqlim dəyişmələrinin dünyada doğurduğu fəsadlardan, bu istiqamətdə beynəlxalq təşkilatların atdığı addımlardan, həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələrdən, bu kontekstdə işçi hüquqları ilə bağlı qarşılıqlı dioloqun və fikir mübadilələrinin əhəmiyyətindən bəhs ediblər.

Açılış mərasimindən sonra konfrans çərçivəsində ədalətli keçid, iqlim dəyişmələri və işçilərin hüquqları ilə bağlı mövzular üzrə panel müzakirələr başlayıb. Həmçinin konfransda iqlim danışıqlarında həmkarlar ittifaqlarının iştirakını artırmaq üçün fəaliyyət planları və strategiyaların hazırlanması istiqamətində interaktiv sessiyalar təşkil olunub, müxtəlif tərəflər arasında əməkdaşlıq üçün görüşlər baş tutub.
Qeyd edək ki, konfrans sentyabrın 27-də də panel müzakirələrlə davam edəcək.



Tarix: 26-09-2024, 13:27 Oxunub: 31


Bölməyə aid digər xəbərlər