Toğrul Qafarlı Belçikada erməni təcavüzü barədə: “Biz hər cür təxribata hazır idik, amma beləsinə yox”

İyulun 12-dən etibarən işğalçı erməni qüvvələri tərəfindən başladılmış və Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş vemiş hərbi toqquşmalar fonunda erməni diasporu dünyanın bir sıra ölkələrində Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə qarşı hüquqazidd, terror xarakterli hücumlar edir.
22 iyul 2020-ci il tarixində Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin inzibati binası önündə  Belçikadakı erməni diasporunun təşviqi ilə radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktları və təxribat təşkil edildi.
Media.Az dövlətimizin maraqlarını dəstəkləmək üçün səfirliyin binasına gələn Belçikada yaşayan azərbaycanlı Toğrul Qafarlı ilə danışa bilib.
“Biz əvvəlcədən bilirdik ki, ermənilər Azərbaycanın Belçikadakı səfirliyi qarşısında aksiya keçirməyə hazırlaşırlar. Buna görə də, Vətənimizin maraqlarını qorumaq üçün diplomatik nümayəndəliyin ərazisində toplaşmaq qərarına gəldik. Mitinqin başlanmasına bir saat qalmış azərbaycanlılar, özü də təkcə Belçikada deyil, qonşu ölkələrdə yaşayanlar, həmçinin diplomatlarımızın ailə üzvləri, qadınlar və uşaqlar səfirlik binasına yaxınlaşmağa başladı”, - deyə, T.Qafarlı bildirib.
Onun sözlərinə görə, azərbaycanlıların sayı o qədər də çox deyildi - təxminən 70 nəfər, hamısı diplomatik nümayəndəliyin ərazisində idi:
“Əfsuslar olsun ki, bəzi soydaşlarımız gecikdilər və polis əməkdaşları onları səfirliyin ərazisinə buraxmadı. Məsələ burasınadır ki, bina zirehli gödəkçələrdə və itlərlə olan polis əməkdaşları tərəfindən mühasirəyə alınmışdı, tank əleyhinə metal sədlər yerləşdirilmişdi. Günorta saat üçdə ermənilər göründü, onlar azərbaycanlılardan bir neçə dəfə çox idi.
Onlar əvvəlcə səfirliyin binasının sol tərəfinə toplaşdılar, çünki polis əməkdaşları qəzəbli izdihamı sakitləşdirməyə çalışaraq, diplomatik nümayəndəliyin qarşısında dayanmışdı. Qeyd etmək istəyirəm ki, biz erməniləri təhqir etməmişik. Azərbaycan bayraqları altında toplanaraq, “Yaşasın dövlətimiz!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycanındır!”, “Xocalıya ədalət”, “Erməni işğalına son” şüarları səsləndirirdik. Bizə cavab olaraq, əvvəlcə yumurta, sonra Ermənistan bayrağı təsvir olunan kiçik qaz balonları kimi bir şey, daha sonra yüzlərlə daş və hətta bir şüşə viski atdılar. Biz hər cür təxribata hazır idik, amma beləsinə yox”, - deyə, T.Qafarlı bildirib.
Onun sözlərinə görə, polis əməkdaşları erməniləri dayandırmağa çalışsalar da, onların sayı polis əməkdaşlarının sayından xeyli çox olub:
“Polis onları dağıtmağa çalışarkən, bizimkilər arasında artıq zərərçəkənlər var idi. Erməni ekstremistlərinin hücumu nəticəsində Azərbaycan diasporunun altı nümayəndəsi, həmçinin REAL TV-nin Avropa bürosunun müxbiri Xatirə Sərdarqızı yaralandı və xəstəxanaya yerləşdirildi, diplomatik missiyanın işçiləri travma aldı, diplomatik nümayəndəliyin inzibati binası zərər gördü”.

https://www.facebook.com/ToghrulGafarli/posts/3333823739974082?__xts__%5B0%5D=68.ARAY1YBuDZOlQcbMnyFxv4QdS8Odr6bnxeO7rRFO9AzI9QfLtCZqPtUb7i1Q4mwWdSths1xRYyapi1YuYxCFqw3VTUsUo4dQEzgtYPP19m0TzRKXceQYLCDsVXqrnM3sIXkyY0UKnpuIsrbmH0NZVKVWTVrqXgIZqak4Gu9W0AHmqmLfk9fa7OSs3bXm0dPcmmvN4UBNwVWEYJfXU02CxxVJ91hup0X30FitzomciNPBqldphqErG60T-EJsPTpzwb6zCQG6arWDs7pFrEOxwEJsdjw7gDgr4Q&__tn__=-R​​​


Tarix: 25-07-2020, 12:41 Oxunub: 89


Bölməyə aid digər xəbərlər