Ötən gün Böyükşor gölündəki vəziyyətlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi açıqlamada ion miqdarının göldə 11 dəfədən artıq olması və göstəricisinin həm ümumi ekologiyaya, həm də canlı aləmə mənfi təsir etdiyi bildirilib.
Baku.Tv xəbər verir ki, bu rəqəmin normaya qayıtması üçün isə uzun müddət vaxt lazımdır.
Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla münasibət bildirib. Onun sözlərinə görə, ion miqdarının artıq olması Böyükşor gölü hövzəsində yaşayan, eyni zamanda, Bakı əhalisi üçün ürək-damar xəstəliklərinin, tənəffüs yolları, onkoloji xəstəliklərinin sayının artmasına da səbəb ola bilər:
“Həmin sular müəyyən yerlərdən süzülüb insanların səhhətinə də ciddi təsir edə bilər. Bilirsiniz ki, artezian suyundan istifadə edənlər var. Bunları araşdırmaq lazımdır. Təəssüflər olsun ki, ekoloji təhlükəsizlik bu gün Azərbaycanda ən unudulmuş sahədir. Bu göl ətrafındakı canlı aləmin də məhvinə səbəb ola bilər. Azərbaycanda su hövzələrinin son mənbəyi Xəzər dənizidir. Xəzər dənizi nə qədər böyük su hövzəsi olsa da, okeanla əlaqəsi olmadığına görə, onun təmizlənməsi o biri dənizlərə nisbətən pisdir. Xəzər dənizində nadir nərə balığı növləri var. Bütün bunlar son nəticədə Xəzərin çirklənməsinə gətirib çıxarır”.
Əslində göldən götürülən analizlərin hamısının nəticəsi bəlli deyil. ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadənin sözlərinə görə, bunun üçün zaman lazımdır.
“İlkin nəticələrə görə, Böyükşor gölündə ionun və bəzi maddələrin miqdarı normadan artıqdır. Boya fabrikində baş verən yanğının söndürülməsi zamanı gölün suyuna kimyəvi maddələrin qarışdığı sübut olunarsa, onun təmizlənməsi üçün tədbirlər görüləcək. Həmçinin burada müəyyən məsuliyyət məsələsi də ortaya çıxacaq”, - deyə ETSN rəsmisi bildirib.
“Sobsan” boya fabrikinin direktoru Orxan Allahverdiyev isə ötən gün açıqlamasında tullantıların Böyük Şor gölünə axıdılmasıyla bağlı məlumatın düzgün olmadığını bildirmişdi. Açıqlamada əraziyə qum tökülməsi və tullantının olmaması da qeyd olunub.
“Azərsu” ASC-nin yaydığı məlumata görə də ərazidə araşdırma aparılıb və məlum olub ki, üç gün əvvəl yanğın baş vermiş “Sobsan” boya fabrikinin tullantı suları da birbaşa Böyükşor gölünə tökülüb. Hər halda, qurumların verdiyi açıqlamalar bir şeydən xəbər verir. Vəziyyətlə bağlı həyəcan təbili çalınmalıdır.
Bölməyə aid digər xəbərlər