Fevralın 21-dən etibarən, Rusiya Müdafiə Nazirliyi günlük xəbər bülletenində Ermənistandan Azərbaycanın Qarabağ bölgəsindəki rus sülhməramlıların məsuliyyət zonasına ermənilərin gətirilməsi ilə bağlı məlumat yaymır.
QanunXəbər.com xəbər verir ki, əvəzində Rusiya sülhməramlılarının 14 noyabr 2020-ci ildən bu vaxta qədər Xankəndiyə daşıdığı ermənilərin sayı təkrarlanır. Beləliklə, bu vaxt ərzində 52.700 erməni Xankəndiyə qayıdıb və bu rəqəm artıq 5 gündür ki, dəyişmir.
Maraqlıdır ki, bundan öncə Ermənistanın əmək və əhalinin sosial müdafiəsi naziri Ermənistandan demək olar, bütün qaçqınların qayıtdığını bildirmiş, ardınca isə “yüz mindən artıq qayıdıb, müharibədən əvvəlki rəqəmi nəzərə alsaq, demək, 30 min hələ qalır” deyə, qeyri-müəyyən, ziddiyyətli və absurd bir açıqlama vermişdi. Çünki 30 min “qaçqının” qalması fonunda “demək olar ki, hamısı qayıdıb” ifadəsi yerinə düşmür. Digər tərəfdən, erməni nazir bunu “əvvəlki statistika ilə müqayisədə” dilə gətirmişdi. Yəni reallıqla statistikada uyğunsuzluqdan özü də “narahat” olmuşdu.
Rusiyanın yaydığı rəqəm – 52.700 isə bir daha Azərbaycan Prezidentinin elan etdiyi statistikanı təsdiqləyir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev xarici və yerli media nümayəndələri üçün bugünkü mətbuat konfransında da Qarabağda yaşayan erməni əhalisinin sayının 60 minin altında olduğunu bildirdi və xüsusi olaraq vurğuladı ki, bu, dəqiq rəqəmdir və kəşfiyyat məlumatları ilə də təsdiqlənib.
Göründüyü kimi, hətta bütün şirnikləşdirmələrə, pulsuz ev, kommunal xidmət, Qarabağa qayıdanlar üçün ikiqat müavinət ödənilməsi vədlərinə baxmayaraq, ermənilərin Qarabağda sayını artırmaq mümkün olmur. Çünki bugünkü mətbuat konfransında Prezidentin elan etdiyi kimi, Azərbaycan Qarabağa kimlərin gəlib-getdiyini soyadına qədər bilir.
Bölməyə aid digər xəbərlər