Şəhid anası...

Kimdir o ana? Bu qara paltarlı qadınların hansıdır? Axı, hamısı ağlayır, hamısının fəryadı yeri-göyü sarsıdır... o ana necə anadır?
O ana hamı kimi ağlamır, bütün insanların gözündən yaş gəlir, şəhid anasının isə ürəyi ağlayır, onun gözündən axan yaş bədənindəki bütün qanı, canı aparır... damcı-damcı yaxınlaşır igid balasına...
O qara paltarda deyil, o qaranlıqdadır. O qaranlığa günəş, bütün dünyanın lampaları işıq sala bilməz. Şəhid anasının qaranlığına şəhid oğlunun gülüşü, gözü, duruşu, sözləri, onunla yaşadığı xatirələr işıq sala bilər.
O ananın fəryadını ancaq yanındakı insanlar deyil, dağlar, daşlar, çaylar, dərələr eşidir, ona haray verir. Ana təbiət igid oğul anasına ürək-dirək verə bilmir. O böyük ananın qarşısında cılızlaşır.
Şəhid anasının saçları qocalıqdan yox, şəhid oğlunun sevgisindən ağarır. 
Uğrunda qanını tökdüyü bayraqla basdırılan oğlanların analarına hamı borcludur. Bu borcu heç kim ödəyə bilməz. Amma o analar minlərlə minnətdarlıq əvəzinə bir dəfə ANA deyən oğlanlarını görmək istəyərlər...
Kimdir şəhid anası?


Tarix: 13-07-2020, 13:57 Oxunub: 125


Bölməyə aid digər xəbərlər