Dr. Dilarə Abduləzimova- insanlara koronavirusla bağlı məsləhətlərini ifadə edib

Dr. Dilarə Abduləzimova- insanlara koronavirusla bağlı məsləhətlərini ifadə edibÖlkəmizdə yeni növ koronavirusun yayılmasının qarşısının alınması məqsədilə artıq bir müddətdir ki, karantin qaydalarının tətbiqinə başlanılıb. Koronavirus məsləhəti” rubrikasının  qonağı həkim-stomatoloq Dr. Dilarə Abduləzimovadır. Həkim koronavirusla bağlı ümumi durum haqqında fikirlərini bölüşüb, insanlara koronavirusla bağlı məsləhətlərini ifadə edib. Həkimlə müsahibəni təqdim edirik. 

- Koronavirusun xəstəlik kimi qalıcı fəsadlarından biri də psixoloji təsirlərdir. Bu psixoloji gərginliyi aradan qaldırmaq üçün insanlara məsləhətiniz varmı?
 
-Düzdür, cəmiyyətdə böyük psixoloji qorxu var. Bu, əslində obyektivdir. Çünki qorxunun olması insanları özünü qorumağa, virusdan mühafizə olunmağa vadar edir.


- Koronavirusun simptomları hər xəstədə fərqli şəkildə özünü göstərdiyindən, müalicə metodları da individual olur. Həkimlər bu müalicə üsullarını necə təyin edirlər?
- Bu xəstəlik əlamət göstərənə qədər insanda gizli şəkildə viruslar inkişaf etməyə başlayır. Ola bilər, təxminən 2 həftə ərzində koronavirus heç bir şikayət verməsin. Adam özünü xəstə hesab etmir, amma yoluxdurucudur. Konkret olaraq, insan yoluxub, başqalarını da yoluxdurur, amma nə özü, nə də ətrafı bunu bilmir. Karantin rejiminə əməl etməyəndə, məsələn yoluxmuş insan 40-50 nəfər olan avtobusa minib. O, ən azı 15-20 nəfəri yoluxdura bilər. Siz nəzərə alın ki, həmin insanlar da öz ailə üzvlərini, təmasda olduqları insanları yoluxduracaqlar. Bu zaman yayılmanın qarşısını almaq mümkün olmayacaq.
Ona görə, heç kim arxayın olmasın  ki, onda virus yoxdur.

- Özündə narahatlıq hiss edən insan hansı addımları atmalıdır?


- Baş-boğaz ağrısı, burun axması, burun-boğazın qıcıqlanması, öskürək, hərarət, iştahsızlıq, əzələ ağrıları, halsızlıq və s. kimi simptomları özündə hiss edənlər qəti şəkildə poliklinikalara, xəstəxanalara getməməlidirlər. Hazırda tibb işçilərindən də koronavirusa yoluxanlar var. Çünki özündə narahatlıq hiss edən insanlar poliklinikaya getdikdə həkimi, tibb bacısını da yoluxdururlar. Bu simptomları özündə hiss edən insan qətiyyən evdən çıxmamalı, təcili tibbi yardıma müraciət edərək, narahatlığını deməlidir. Xüsusi ayrılmış briqadalar xəstənin evinə göndərilir, xəstədən test götürülüb, onun cavabına uyğun müalicə yazırlar.

- Həftəsonu üçün qəbul olunmuş ciddi karantin rejimi yoluxma sayının qarşısını nə dərəcədə ala bilər?

Əks epidemik şəraitin idarə olunması, həkimin resept yazıb verəcəyi kimi bir hal deyil. Belə məqamlarda həkimlər yalnız iş yerlərində öz xəstəxanalarında idarə edə bilirlər. Hər bir xəstəxananın bir epidemioloqu var və onlar sanitariya profilaktika sahəsi üzrə mütəxəssisdir və xəstəxanadaxili əks epidemioloji vəziyyəti qurmaqda kömək edirlər. Artıq virus bütün qitələri bürüyüb və pandemiya elan olunub. Belə olan halda isə əks epidemik rejimin idarə olunması ölkə rəhbərliyinin məsuliyyətində olur. Bizim bunu müzakirə və bunu müdaxilə etmək kimi ixtiyarımız yoxdur. Lakin həftəsonu üçün qoyulan qadağaların yalnız bir məqsədi var: insanların kütləvi şəkildə bir yerə toplaşmasının qarşısını almaq. Lakin bir məsələ var ki, yoluxma sayı artdıqca virusun verulentliyi azalacaq və əvvəlki qədər qəddar olmayacaq. Xəstələri əvvəlki qədər incitməyəcək, pnevmoniya, tənəffüs çatışmazlığı yaratmaq qabiliyyəti azalacaq. Birmənalı şəkildə insan müvafiq qaydalar üzrə özünü qorumalıdır.

- Koronavirusla mübarizə günlərində dişlərin müalicəsi davam etdirilməlidir?
- İlk əvvəl onu qeyd edim ki, pandemiya elan edildikdən sonra, bütün dünyada olduğu kimi, Azərbaycanda da hər tərəfli qabaqlayıcı tədbirlər alındı. ÜST və Operativ Qərargahın verdiyi bütün tövsiyyə və göstərişlər birmənalı şəkildə yerinə yetirilməlidir. Əhalinin qoyulmuş qaydalara riayət etməsi, nəinki özlərinin, hətta ətrafındakı insanların da sağlam olması üçün çox vacibdir. Koronavirusla mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Pasiyentlərlə əlaqədə olan həkimlər əsas risk qrupunu təşkil edirlər. Bu günlərdə əhalidə digər tibb sahələrində olduğu kimi diş həkimlərinə də müraciət  ehtiyacı yarana bilər. COVID-19 virusunun yoluxmasının əsas səbəblərindən biri də ağızdan ifraz olunan su damcılarıdır. Asqırma, öskürmə kimi halları olan insanlar yoluxmaya yol aça bilər. Diş həkimləri  pasiynetlə stomatoloji prosedur zamanı birbaşa ünsiyyətdə olduğu üçün tibbi personal birbaşa risk altına girir. Müalicə zamanı pasiyentlərlə olan yaxınlıq, ağız suyu, qan və digər bədən mayeləri ilə yaxınlıq digər tərəfin yoluxmasına birbaşa zəmin yaradır. 

- Bəs hansı hallarda diş həkiminə müraciət olunmalıdır? 
- Yalnız təcili və təxirəsalınmaz yardıma ehtiyac olduğu halda həkimə müraciət etmək məsləhətdir. Diş həkimləri də bu prinsipə əsasən, yalnız kəskin diş ağrıları və iltihabi proseslər, diş ətrafı iltihabları və digər təcili əməliyyata ehtiyacı olan pasiyentləri qəbul etməlidirlər. Müayinə məqsədli gəlmək, plomblar üçün müraciət etmək, ümumilikdə estetik prosedurların təxirə salınması məqsədə uyğundur. 


 


Tarix: 14-01-2021, 18:37 Oxunub: 173


Bölməyə aid digər xəbərlər