Qanlı ittifaq Azərbaycana qarşı: ASALA, PKK, VoMa, Fransa… - Ekspert danışır...



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Fransa müdafiə naziri Sebastyan Lekornu Parisin Ermənistanda müdafiə missiyası açdığını, bu ölkənin müdafiə ehtiyaclarını öyrəndiyini bildirib. Fransa xarici işlər naziri Ketrin Kolonna isə bu və digər məsələləri müzakirə etmək üçün İrəvana gəlir. Fransa nə etməyə çalışır, onun Ermənistanda hərbi cəhətdən yerləşmək ehtimalı nə qədərdir?

- Fransa İkinci Qarabağ Müharibəsi və ondan sonra tamamilə ermənipərəst mövqedən çıxış edir, balansı pozub. Azərbaycanla münasibətlər bu səbəbdən getdikcə gərginləşir və soyuyur. Hətta Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyətinə də xitam verdilər. Seçimlərini belə ediblər. İndi də Fransanın Ermənistandakı səfirliyində hərbi attaşe vəzifəsini yaradıblar.

Qarabağ problem mövcud olan illərdə Avropa dövlətlərinin qeyri-rəsmi qərarı vardı ki, Azərbaycan və Ermənistana silah satılmasın. Qeyri-rəsmi embarqo vardı. İndi kim kimə gəldi silah satır. Azərbaycan da öz dostlarından silah alır. Ermənistan vaxtilə Rusiyadan pulsuz silahlar alırdı, amma ruslarla əlaqələri korlayıblar, buna görə də Fransa və Hindistandan silah almağa çalışırlar. Çinlə də danışıqlar gedir.

Fransa görür ki, Rusiyanın Ermənistandakı mövqeləri zəifləyir, indi bu boşluğu doldurmağa çalışır. Yəni bu yolla Ermənistanda mövqelərini gücləndirmək istəyir. Amma bu çox çətin məsələdir. Çünki Rusiya hələ Ermənistan uğrunda mübarizədən çəkilməyib. Rusiya bu yöndə Fransa ilə mübarizəni davam etdirəcək.

Fransa Ermənistana təkcə hərbi attaşe təyin etməyib, yəqin ki, Kolonnanın səfəri çərçivəsində Qərbi Zəngəzurda konsulluq da açacaqlar. Bu da Azərbaycana qarşı atılmış addımdır. Konsulluq xidmətinin əsas vəzifəsi nədir? Vətəndaşlarına xidmət etmək. İnanmıram Qərbi Zəngəzurda bir Fransa vətəndaşı tapıla ki, bu konsulluğun xidmətindən istifadə etsin. Fransadan əvvəl İran orada konsulluq açıb, Rusiyanın bu barədə qərarı var. Onların düşüncəsinə görə, Azərbaycan Qərbi Zəngəzuru ələ keçirməyə çalışır, guya konsulluq açmaqla bizə mane olacaqlar.

Fransa Ermənistanla əlaqələrini gücləndirməyə çalışır. Ermənilər Marseldə aksiya keçiriblər, Fransa rəsmiləri də onlara dəstək veriblər. Fransa bu addımlarla Azərbaycanı itirir. Amma Azərbaycan Qarabağda qayda-qanun da yaradacaq, Ermənistanla sülh sazişini də imzalayacaq. Fransa yenə məcbur olaraq, Azərbaycanla normallaşma siyasətinə qayıdacaq.

- Bred Şerman kimi bir sıra amerikalı senatorlar Prezident Co Baydenə müraciət edərək bildiriblər ki, ABŞ Ermənistanı silahla təmin etməlidir. Digər senator Qari Piters isə ABŞ-ın Azərbaycana hərbi yardımını qadağan edən qanun layihəsi təqdim edib. ABŞ Fransa qədər irəli gedib, Azərbaycanla əlaqələrini korlaya bilərmi?

- Doğru qeyd elədin, ABŞ hələlik Fransanın səhvlərini buraxmır. Biz onsuz da otuz ildir bilirik ki, ABŞ Konqresində ermənipərəstlərin sayı çox olub, indi də belədir. Hətta ərazilərimiz işğal edilərkən, bizə qarşı “907-ci düzəliş”i qəbul edənlər də onlardır. Amma Fransadan fərqli olaraq, ABŞ-ın rəsmi qurumları Azərbaycanla əlaqələri gərginləşdirmirlər, əməkdaşlığı davam etdirirlər. Blinken digərlərindən fərqli olaraq, balansı pozmayıb. Düzdür, onun köməkçilərindən biri Senatdakı dinləmələr zamanı məntiqsiz fikirlər söylədi, amma hər halda Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsi, Dövlət Departamenti və Ağ Ev balansı qorumağa çalışırlar. Çünki onlar anlayırlar ki, Cənubi Qafqazın ən böyük və açar dövləti Azərbaycandır.

Azərbaycan Avropaya enerji nəql edir, təhlükəsizlik sahəsində əməkdaşlıq var, İran amili mövcuddur. Bu səbəblərdən inanmıram ki, ABŞ rəsmiləri konqresmenlərə qoşularaq, Azərbaycanla əlaqələri korlasınlar. Hər halda ermənipərəst konqresmenlər suyu bulandırmağa, hansısa səndələrin qəbul edilməsinə çalışacaqlar. Amma bu sənədlərin heç bir əhəmiyyəti olmayacaq.

Amerikanın silah satmasına gəlincə, bunu etməyəcəklərsə, bu, bizim üçün böyük problem deyil. Biz lazım olan silahları dost və tərəfdaşlarımızdan, məsələn, Türkiyə və İsraildən alırıq.

- Kanada, Fransa, Almaniya kimi ölkələrdən Azərbaycana qarşı sanksiya çağırışları var. Sizcə, buna gedərlərmi?

- Son günlərdə bizə qarşı ajiotaj yaradıblar, anti-Azərbaycan meylləri güclənib. Amma bir müddət sonra bu mövzular arxa plana keçəcək. Qış aylarına doğru gedirik, Avropanın qaza ehtiyacı olacaq, biz həmin qazı nəql edəcəyik. Yəni unudacaqlar, ajiotaja qarışıblar, ermənilər də qışqırıb-bağırırlar. Ermənilər yenə özlərindən “məzlum obrazı” yaradırlar. Kandadadır, Fransadır, Fransanın yedəyində sürünən Almaniyadır – guya ermənilərin halına yanırlar. Bir müddət sonra unudulacaq. Çünki biz heç kimi qovmamışıq. Ermənilərə seçim təqdim etdik, indi də ərazilərimizdə qayda-qanun yaradırıq. BMT-nin missiyası da Qarabağdadır, hesabat hazırlayacaq.

Biz heç kimə əziyyət vermirik, baş verənlərin etnik təmizləmə ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Odur ki, anti-Azərbaycan meylləri və ajiotaj bir müddət sonra səngiyəcək. Amma diqqətli olmalıyıq, diplomatic zəmində mübarizəmizi davam etdirməliyik.

Ötən ilin dekabrında gənc ekofəallarımız Laçın yolunda etiraz aksiyasına başlamışdılar. Onda bizə təzyiq daha çox idi. “Yolu açın”, “bu blokadadır” kimi absurd çağırışlar vardı. İndi onu xatırlayan varmı? İndi haqqında bəhs etdiyimiz mövzular da, bir-iki aya aktuallığını itirəcək. Ermənilərin bəziləri Azərbaycan qanunları ilə yaşamağa razılaşırlar. Gedənlər gediblər, qalanlar da var. Qalanlar Azərbaycan pasportları ilə, qanunlarımız çərçivəsində hüquqları təmin ediləcək. Bundan sonra ermənipərəst mərkəzlərin əllərində Azərbaycana qarşı “bəhanə”ləri qalmayacaq.

- ASALA və “VoMa” kimi erməni terror təşkilatlarının fəallaşdığı və Qarabağda “partizan mübarizəsi”nə başlayacaqları haqda iddialar dolaşır. Sizcə, onlar Qarabağa sıza bilərlərmi?

- Buna inanmıram. Amma bu günlərdə mən də demişdim ki, ASALA yenidən xortlaya bilər. Çünki son zamanlarda səfirliklərimizə hücumla bağlı xəbərlərin sayı artıb. Bir neçə gün öncə Los-Ancelesdə türk diplomatlarına hücum olmuşdu. Yəni ASALA haradasa peyda ola bilər. Amma ASALA və onun törəmələri Qarabağa sıza bilməzlər. İstisna etmirəm ki, separatçılardan kimlərsə meşələrdə silah gizlədə, arxadan bizə atəş açmaq istəyə bilərlər. Tək-tük belə hadisələr olacaq. Bizim təhlükəsizlik orqanlarımız onları neytrallaşdırmaq gücündədir.

ASALA bizə xarici ölkələrdə zərər verə bilər, Qarabağda – Azərbaycan ərazisində yox. Bəli, istisna etmirəm ki, xarici ölkələrdəki səfirliklərimizə qarşı terror planları cıza bilərlər. Yəqin ki, kəşfiyyatımız və əks-kəşfiyyatımızın bu yöndə fəaliyyətləri var. Səfirliklərimiz və diplomatlarımızın təhllükəsizliyi gücləndirilməlidir. Amma ASALA-nın Qarabağa sızacağını zənn etmirəm, artıq o dövr bitib.

- Ankarada qanlı akt törədən PKK terror təşkilatı ilə bağlı da maraqlı iddia var. Türkiyənin bəzi media qurumlarının iddiasına görə, PKK Qarabağa görə revanş almaq üçün fəallaşıb. Bu iddia nə qədər doğru ola bilər?

- PKK uzun illər ASALA ilə ittifaqda idi. PKK-nın Azərbaycana qarşı da atdığı addımlar olub. İndi Türkiyədə terror aktları törətməyə çalışır. İndi ASALA peyda olarsa, onunla yenidən ittifaqa girə bilərlər. O səbəbdən biz bu məsələni də diqqətdə saxlamalıyıq. PKK-çıların Azərbaycana sızmalarının qarşısı alınmalıdır, onlarla da mübarizəni gücləndirməliyik.

ASALA və PKK arasında bərabərlik işarəsi var. Çünki PKK-nın yaradılmasında erməni terrorçularının da xüsusi rolu olub. Biz bunu da diqqətdə saxlamlıyıq. Görünür, xaricdə təkcə ASALA yox, PKK ilə də mübarizə aparmalı olacağıq.

- Ümumiyyətlə, Cənubi Qafqaz niyə birdən-birə bu qədər diqqət mərkəzinə düşdü?

- Aydın məsələdir. Biz uğurlu antiterror tədbirləri keçirdik, bir bu məsələ diqqəti cəlb etdi. İndi Ukrayna ilə yanaşı, bura da diqqət mərkəzindədir. Üstəgəl, ermənilər kütləvi şəkildə Qarabağı tərk etməyə başladılar. Ermənipərəst mərkəzlər bunu “etnik təmizləmə” kimi qələmə verməyə çalışırlar. Bu uydurma da beynəlxalq aləmin diqqətini bir az cəlb etdi. Bu iki məsələ bölgəyə marağı bir qədər artırdı. Yenə deyirəm, bir-iki həftəlik maraqdır. Təxminən bir aydan sonra bu mövzular o qədər də aktual olmayacaq.

Artıq Qarabağda quruculuq işlərinə başlamışıq. Yəni bu məsələlər az sonra beynəlxalq aləmin diqqətini cəlb etməyəcək, sakitcə işimizi görəcəyik. Süni ajiotaj getdikcə səngiyəcək, bizim istədiyimiz budur ki, işimizə qarışmasınlar. Kömək də etməsinlər, qarışmasınlar da. Bir müddət sonra Qarabağa olan maraq azalacaq. Amma Ermənistanın siyasəti beynəlxalq aləmdə diqqət mərkəzindədir. Ermənistan Rusiyadan uzaqlaşa, KTMT-dən çıxa biləcəkmi? Bu mövzular bir müddət diqqət mərkəzində qala bilər.

Tarix: 3-10-2023, 13:37 Oxunub: 48


Bölməyə aid digər xəbərlər