Üçrəngli bayrağımızın 44 gün ərzində Cəbrayılda, Horadizdə, Füzulidə, Zəngilanda, Şuşada, 300-ə yaxın yaşayış məntəqələrimizdə və ən mühüm strateji yüksəkliklərimizdə dalğalanması Ali Baş Komandanımız İlham Əliyevin yüksək və məğlubedilməz sərkərdəlik qabiliyyətinin, ordumuzun, xalqımızın qırılmaz gücünün, möhkəm iradəsinin, monolit birliyinin və vəhdətinin çox parlaq bir nümunəsidir. Heç şübhəsiz, bu şanlı, tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək və heç vaxt unudulmayacaqdır. Doğma torpaqlarımızın düşmən tapdağından azad edilməsi Azərbaycan xalqının öz ərazi bütovlüyünü bərpa etməklə siyasi-iqtisadi qüdrətini təsəvvüredilməz dərəcədə artırmağa və yüksəltməyə imkan verəcəkdir. Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar nəinki ölkəmizdə, həm də Cənubi Qafqazda mədəniyyət mərkəzi olmasını tez bir zamanda sübut edəcək. Eyni zamanda, bu rayonlar zəngin və tükənməz təbii ehtiyatları ilə beynəlxalq ticarət və turizm mərkəzinə çevriləcəkdir. Bu böyük tarixi zəfər münasibəti ilə Prezident cənab İlham Əliyevi müzəffər və şanlı ordumuzu, bütün Azərbaycan xalqını təbrik edirəm. Tarixi qələbəmiz ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürüdür. Məhz xalqımızın ordumuza, Prezidentimizə, dövlətimizə göstərilən dəstəyinin nəticəsidir ki, Azərbaycan əsgərinin şücaəti sayəsində əzəli torpaqlarımız işğaldan azad edildi. İnanıram ki, Azərbaycan xalqının birliyi nəticəsində işğaldan azad olunan bütün rayonlarımız Prezident İlham Əliyevin rəhbərliyi altında tez bir müddətdə dünya standartları səviyyəsində yenidən qurulacaq, bütün insanlar öz doğma yurdlarına qayıdacaq, ölkəmizin daha da inkişaf edib çiçəklənməsinə öz layiqli töhfələrini verəcək. Bu qələbənin qazanılmasında şanlı və qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu danılmazdır. Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları həmişə minnətdarlıq hissi ilə xatırlayacaq, dövlətimiz onların müalicə edilib tez bir zamanda sağalması və dinc həyata qayıtması üçün hər şeyi edəcəkdir. Yaşasın qalib Azərbaycan Prezidenti və müzəffər Azərbaycan Ordusu!
Binə bələdiyyəsinin sədri
Həmidov Habil Sabir oğlu
Bölməyə aid digər xəbərlər