Samur-Abşeron su kanalı zibil və çirkabın içində - VİDEO

Samur-Abşeron su kanalının Novxanı-Görədil yolunun kənarından keçən hissəsində çirkab, üfunət baş alıb gedir. Səbəb isə ərazi üzrə qoyulan zibil konteynerlərinin vaxtı-vaxtında daşınmaması və kanalizasiya xəttinin olmamasıdır. 
Kanalın bu hissəsi Abşeron rayonunun ərazisində olsa da, öhdəlikləri Binəqədi Rayon İcra Hakimiyyəti daşıyır. Adı çəkilən qurum isə zibillərin vaxtı-vaxtında daşındığını bildirir. Lakin, necə daşındığı göz önündədi.
“Vətəndaşların yay mövsümü ilə əlaqədar şəhər ətrafı ərazilərə getməsi zibil tullantılarının da çoxalmasına səbəb olur”, - bunu Binəqədi Ryon İcra Hakimiyyətinin baş məsləhətçisi Kənan Kərimov Baku TV-yə açıqlamasında bildirib.
Problemin digər tərəfi, kanalizasiya sularının axıdılmasına gəlincə isə, “Azərsu” ASC-dən bildirildi ki,  ərazi üzrə gələcəkdə şəbəkənin qurulması planlaşdırılır. 
“Həmin kanalətrafı ərazilərdə bugün kanalizasiya xətti mövcud deyil. Bu səbəbdən də insanlar kanalizasiya sularını şanbo və başqa vasitələrlə kənarlaşdırır. Kanalizasiyanın çəkilməsinə dair gələcəkdə layihələr var”, - deyə “Azərsu” ASC-nin sözçüsü Anar Cəbrayıllı məsələyə münasibət bildirib.
Fəsil dəyişikliyi ilə əlaqədar havaların günü-gündən qızması üfunətin daha böyük əraziləri cənginə almasına birbaşa səbəb ola bilər. Ona görə də problemin tezliklə həll olunması vacibdir. Lakin aldığımız cavablardan belə məlum olur ki, bu insanlar hələ uzun müddət bu və bu kimi problemlərlə baş-başa qalacaq.


Tarix: 20-07-2020, 22:59 Oxunub: 97


Bölməyə aid digər xəbərlər