Erməni terrorçular tezliklə tərksilah olunacaq: Rusiya acizdir, ABŞ-ın İrəvana təzyiqləri isə güclənir

Erməni terrorçular tezliklə tərksilah olunacaq: Rusiya acizdir, ABŞ-ın İrəvana təzyiqləri isə güclənir


ABŞ və Qərbdən narazı olan Paşinyan hakimiyyəti yenidən Rusiyadan Ermənistanı himayə qarantiyası almağa çalışır… Rusiyanın Azərbaycanın qətiyyətyli mövqeyi ilə bağlı “narahatlığı” və “çağırışları” absurddur, rəsmi Bakı tezliklə rus sülhməramlıların çıxarılmasını tələb edəcək…
Cənubi Qafqazda dünya nəhənglərinin savaşı Ermənistanı çıxılmaz vəziyyətə salıb. Belə ki, rəsmi İrəvan regionda geopolitik maraqları olan dünya nəhəngləri arasında “xaotik manevrlər” etməklə, Ermənistanı düşdüyü şərtlərin diktə olunduğu zəif ölkə durumundan çıxartmağa çalışırdı. Ona görə də, rəsmi İrəvan əvvəlcə Ermənistanı öz forpostu kimi himayə edən Rusiyaya arxa çevirmişdi.

Ancaq Ermənistanın Rusiyaya xəyanəti rəsmi İrəvanın Qərbin himayəsinə sığınmaq ümidlərini doğrultmadı. Düzdür, Fransa Ermənistana dəstək vermək üçün bütün imkanlarından istifadə edir. Ancaq rəsmi Parisin Cənubi Qafqaza, xüsusilə də, Azərbaycana təsir mexanizmləri olmadığından Fransanın dəstəyi Ermənistana hətta əlavə problemlər belə, yaratmağa başlayıb. 

ABŞ-ın mövqeyi isə Ermənistanın siyasi dairələrində ciddi məyusluq yaradıb. Belə ki, Ağ Ev Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında təşəbbüsü Rusiyanın əlindən almağa nail olub. Buna baxmayaraq, ABŞ-ın rəsmi dairələri Rusiyadan fərqli olaraq, sülh danışıqlarında beynəlxalq hüquq normalarına istinad etməyə üstünlük verir. Bu isə hazırda Ermənistanın deyil, məhz Azərbaycanın maraqlarına tam şəkildə cavab verir.

Ona görə də, ABŞ və Qərbdən narazı qalan Paşinyan hakimiyyəti Ermənistanı yenidən Rusiyanın himayəsi altına qaytarmağın yollarını axtarır. Bu baxımdan, baş nazir Nikol Paşinyanın növbəti dəfə Rusiya prezidentinə telefonla zəng edərək, ənənəvi “xahiş və şikayət potensialı”nı işə salması qətiyyən təəccüblü deyil.



Ancaq Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin Azərbaycanın Qarabağ iqtisadi rayonu, eləcə də, Laçın yolu ilə bağlı hər hansı məsələni müzakirə etməsi olduqca absurddur. Çünki nə rəsmi İrəvan, nə də Kreml bu mövzular üzrə hər hansı qərar vermək hüququna malik deyillər. Bu məsələlər Azərbaycanın daxili işidir və bu barədə yalnız rəsmi Bakı qərar verir.

Ona görə də, erməni baş nazir və Kreml sahibi özlərinə heç bir aidiyyatı olmayan belə mövzuları müzakirə etməklə, Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi göstərmiş olurlar. Əslində, bu iki siyasətçinin davranışları daha çox panik durumdan qaynaqlanır. Çünki Rusiya Cənubi Qafqazdakı mövqelərini artıq itirmək üzrədir. Rusiyanın bu regionu həmişəlik tərk etmək məcburiyyətində qalacağı vaxt o qədər də uzaqda deyil. Və indi Kreml bütün vasitələrlə geopolitik proseslərin istiqamətlərini dəyişmək şansları axtarır.

Ermənistana gəldikdəsə, rəsmi İrəvan da Cənubi Qafqazda erməni separatizminin və terrorizminin sıradan çıxarılmaq üzrə olduğunu anlayır. Yəni, region "erməni faktoru"nun təsirindən xilas edilir. Rəsmi İrəvan anlayır ki, bundan sonra Ermənistan Azərbaycandan asılı vəziyyətə düşəcək. Yəni, Ermənistanın gələcək taleyi məhz birbaşa rəsmi Bakıdan asılı olacaq.

Üstəlik, rəsmi İrəvanın Rusiyaya xəyanət edib, üz tutduğu ABŞ və Qərbə olan ümidləri də artıq boşa çıxmaqdadır. Son məlumatlara görə, ABŞ Ermənistandan israrla beynəlxalq hüquq normaları, yəni, Azərbaycanın şərtləri daxilində sülh sazişinin imzalanmasını tələb edir. Bununla Ağ Ev Cənubi Qafqazdan Rusiyanın çıxarılması prosesini sürətləndirmək istəyir.



ABŞ-ın İrəvandakı səfiri Kristina Kvinin Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşaya biləcəyinə inandıqlarını bəyan etməsi isə Ermənistana sarsıdıcı zərbədir. Bu, rəsmi Bakının geopolitik tezislərinin ABŞ tərəfindən dəstəkləndiyini təsdiqləyir. Və eyni zamanda, Ermənistanın sülh danışıqları prosesində əngəlləyici iddialarla manevrlər etmək şanslarını bloklayır.

Nəhayət, bəzi diplomatik mənbələrdən sızan məlumatlara görə, Ağ Ev qeyri-rəsmi kanallarla Ermənistana qarşı rəsmi Bakının daha bir önəmli tələbinin yerinə yetirilməsi tələbi ilə təzyiq göstərir. Belə ki, ABŞ rəsmi İrəvandan Azərbaycanın Qarabağ iqtisadi rayonunda qalan Ermənistan ordusunun tör-töküntülərinin dərhal bölgədən çıxarılmasını tələb edir. Və Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasında bu məsələnin həllini vacib hesab edən ABŞ-ın Ermənistana təzyiqlərinin maksimum həddə çatdığı da bildirilir.

Ona görə də, rəsmi İrəvan indi yenidən ABŞ və Qərbdən üz çevirib, vaxtilə xəyanət etdiyi Rusiyanın himayəsi altına qayıtmağa çalışır. Baş nazir Nikol Paşinyanın prezident Vladimir Putinə telefon zəngi də böyük ehtimalla Rusiyanın Ermənistana verə biləcəyi himayə qarantiyasının əhatə dairəsini müəyyən etmək məqsədi daşıyır. Ancaq bu iki məğlub ölkənin – Rusiya və Ermənistanın Azərbaycana qarşı hansısa ortaq plan qurmaq şansı indiki beynəlxalq situasiyada qətiyyən inandırıcı görünmür.

Buna baxmayaraq, Kremlin hələ ümidlərini tam itirmədiyi də inkaredilməz reallıqdır. Böyük ehtimalla prezident V.Putin yenə də erməni baş nazirə yenə də müəyyən vədlər verməkdən özünün saxlaya bilməyib. Hər halda, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarovanın son açıqlamaları Kremlin bölgədə mövqelərini möhkəmləndirmək cəhdlərindən xəbər verir.



Məsələ ondadır ki, Rusiya XİN-in təmsilçisi Kremlin Azərbaycanın Qarabağ bölgəsində atəşkəs rejiminin pozulması hallarının artmasından və Laçın yolunun blokadasının davam etməsindən son dərəcə narahat olduğunu bildirib. Onun fikrincə, bu, üçtərəfli anlaşmalara ziddir: “Biz Bakı və İrəvanı bütün məsələləri siyasi və diplomatik yollarla həll etməyə çağırırıq. Biz Azərbaycan tərəfini Laçın “dəhliz”inin blokadasını açmağa, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin mülki məqsədlər üçün maneəsiz hərəkətini təmin etməyə çağırırıq”.

Göründüyü kimi, Kreml eynilə ona xəyanət etmiş Ermənistanın iddialarını təkrarlayır. Ancaq Rusiyanın arqumentləri tamamilə absurd və mənasızdır. Çünki Kremlin bundan sonra üçtərəfli anlaşmalara istinad etmək hüququ yoxdur. Kreml həmin anlaşmaları özü pozaraq, qüvvədən salıb.

Məsələ ondadır ki, üçtərəfli anlaşmaların tələblərinə baxmayaraq, Kreml və rəsmi İrəvan Ermənistan ordusunun tör-töküntülərini hələ də Azərbaycanın Xankəndi və ətraf bölgəsindən çıxartmayıb. Nəticədə silahlı erməni terror dəstələri bölgədə atəşkəsi pozmaqla, təxribat törədirlər. Laçın yolunda isə Azərbaycan məhz Rusiya və Ermənistanın həmin erməni terror dəstələrinə silah-sursat daşıdıqları üçün nəzarət-buraxılış məntəqəsi qurmaq məcburiyyətində qalıb.

Göründüyü kimi, Kremlin bütün arqumentləri artıq əlindən çıxıb. Rusiyanın “narahatlığı” və ya absurd “çağırışları” indi heç bir əhəmiyyət daşımır. Əksinə, Kreml indi öz missiyasından başqa hər şeylə məğşul olan Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazilərindən həmişəlik çıxartmağa hazırlaşmalıdır. Çünki rəsmi Bakının Kremldən bunu tələb edəcəyi vaxt sürətlə yaxınlaşır.

Tarix: 7-07-2023, 09:00 Oxunub: 23


Bölməyə aid digər xəbərlər