Azərbaycana nifrət edənlər Ermənistandan qaçır - Paşinyan Bakıyla razılaşdırıb

Azərbaycana nifrət edənlər Ermənistandan qaçır - Paşinyan Bakıyla razılaşdırıb


Azərbaycan biraz təzyiqi artıran kimi tülkünün quyruğu görünməyə başlayır. Qarşındakını tanımaq üçün ona sərbəstlik verməyin vacibliyini yaxşı bilən rəsmi Bakı əslində sülhməramlıların Qarabağda hansı hoqqalardan çıxacağını bəlkə də öncədən proqnozlaşdırmışdı. Əslində Rusiyanın hərbi birləşmlərinin bu zamana kimi müxtəlif ölkələrdəki fəaliyyətlərinə nəzər salanda da bunu aydın görmək olur. Son dönəmlər sülhməramlıların Qarabağdakı müvəqqəti səlahiyyət zonalarındakı özbaşınalıqları, vəzifələrində sui-sitifadə hallarına rast gəlinməsi rəsmi Bakını narahat etməyə bilməz. Elə dövlət başçısı İlham Əliyev də yerli telekanallara son müsahibəsi zamanı Moskvaya nə lazım idisə bütün mesajları verdi. Prezidentin sülhməramlıların Fransada Respublika Partiyasından prezidentliyə namizədi Valeri Pekresin ötən ilin dekabr ayının sonunda partiya yoldaşları Bruno Retayo və Mişel Barnyenin müşayiəti ilə qanunsuz olaraq Qarabağa keçməsinə gözyumması ilə bağlı dedikləri görünür təkcə Fransa siyasi elitasını yox, eləcə Rusiyanı da əməlli-başlı narahat edib.
Milli.az xəbər verir ki, görünür rəsmi Moskva bunu əvvəlcədən hesaba qatmamışdı. Kreml düşünürdü ki, Bakı onların sülhməramlı adı altında Qarabağdakı istənilən özbaşınalığına sonadək dözüm nümayiş etdirəcək. Amma Prezident İlham Əliyev lazımı dərəcədə istər Rusiyaya, istərsə də Fransaya "buranın ağası bizik" mesajını verdi.

Rusiya XİN-in bir neçə gün öncə "Xarici vətəndaşların, beynəlxalq təşkilatların əməkdaşlarının, missiyaların, sülhməramlı əməliyyatların keçirildiyi ərazilərə səfər etmə qaydasını Rusiya sülhməramlı kontingentinin komandanlığı müəyyən edir. Bu prosedur həm Azərbaycan, həm də Ermənistan tərəfinə yaxşı məlumdur" bəyanatı ilə çıxış etdi ki, Moskvanı bu açıqlamanı etməyə vadar edən məsələnin haradan qaynaqlandığı heç kimə sirr deyil. Təbii ki, Rusiya bununla illər boyu əsarətində yaşayan əsalət dövləti olan Ermənistana hər hansı bir xəbərdarlıq etmək niyyətində deyil. 

Görünür Qazaxıstanda yanvarın əvvəlində baş verən proseslərə müdaxilə məqsədi ilə KTMT çətiri altında ora daxil olan Rusiyanın damağında şirə qalıb. Şimal qonşumuz düşünür ki, kontingenti ilə Qarabağda, Azərbaycan torpağında da eyni ssenari ilə istədiyini edə bilər. Elə Rusiya XİN-in bəyanatı da bundan xəbər verir. Moskva bu bəyanatla demək istəyir ki, Qarabağa kimi istəyəriksə onu da buraxarıq, buna görə heç kim bizə heçnə deyə bilməz. Amma əslində Rusiyanın bu açıqlamanı etməkdə əsl məqsədi heç şübhəsiz ki, Azərbaycan qarşısında kontingentini əzdirməmək, nüfuzunu qorumaq məqsədi güdür ki, nə dərəcədə alınıb alınmayacağını zaman göstərəcək.

Xarici ölkə vətəndaşları Qarabağa getmək istəyirlərsə, bunu Azərbaycan qanunvericiliyinə müvafiq qaydada etməlidirlər. 10 noyabr bəyanatının özü bütünlüklə başdan-ayağa bunun təsdiqidir. Amma Rusiya bu bəyanatla əsas vasitəçi kimi imza atdığı bəyanata zidd davranış sərgiləməkdən çəkinmədi.

Bu fikirlərlə Rusiya imzaladığı üçtərəfli bəyanatın əslində onun üçün də formal bir sənəd olduğunu, lazım bildiyi an bütün qayda-qanunları, beynəlxaql hüququ tapdalamağa hazır olduğunu göstərdi. Çünki bu açıqlama həm də Valeri Pekressin məhz rəsmi Moskvanın "razılığı" ilə əvvəlcədən hazırlandığını göstərir. Təbii ki, bəlkə də Rusiyaya Qarabağda bu cür gərginlik sərf edən məqamdır. Çünki suların durulması köpək balığının suyun üzünə çıxması ilə nəticənə bilər ki, bu da kontingentin Azərbaycan torpaqlarında qalmaq şansını bir xeyli azaldır.

Lakin son proseslərdən belə nəticə çıxarmaq olar ki, artıq Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hakimiyyəti havadarları kimi düşünmür. Ötən gün Armen Sarkisyanın prezidentlik postundan istefa verməsi bəlkə də Paşinyanın çoxdankı arzusu idi. 

İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətdən sonra prezident Armen Sarkisyan məsuliyyətdən yayınmağa çalışdı, tez-tez etdiyi açıqlamalarla sanki demək istəyirdi ki, "səlahiyyət məndə olsaydı nəticə fərqli olardı". Elə buradan da görünürdü ki, Ermənistan hakimiyyətində ciddi parçalanmalar, fərqli qütblər mövcuddur.

Armen Sarkisyanın istefasına səbəb kimi ölkənin daxili və xarici siyasətinə təsir rıçaqlarının olmaması ilə əlaqələndirməsi Paşinyanı daha da cəsarətləndirəcək. Dəfələrlə Dağlıq Qarabağ "münaqişəsinin" deskalasiyası ilə bağlı bəyanatlar səsləndirən Armen Sarkisyanın prezidentlik postundan istefası açıq şəkildə baş nazir Nikol Paşinyanın mövqeyinin güclənməsini nümayiş etdirir. Çox güman ki, indi növbə ombudsmandadır. Görünür Paşinyan artıq ona Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasında mane olan, əl-ayağına dolaşan hakimiyyətdəki əsas fiqurları vəzifədən uzaqlaşdırmaqla yolunu uzatmaq və eyni zamanda erməni xalqına göstərmək istəyəcək ki, bu zamana kimi nə Köçəryan, nə Sarkisyan, nə də digərləri düzgün yol tutmamışdılar, Ermənistanın səfil vəziyyətinə düşməsinin səbəbkarı da məhz onlar olublar. Təbii ki, yenə də müxalifət sakit dayanan deyil, seçkilərin nəticələrinə təsir edə bilməsə də, Paşinyana problemlər yaratmağa çalışacaq. Amma Paşinyanın planı istənilən kimi gedərsə, o bu məsələdə ictimiayyəti inandırmağa nail olacaq ki, bu da Nikolun hakimiyyətinin ömrünü uzada bilər. Əslində bu məsələdə Rusiyanın da planlarına uyğundur. 

Hələ müharibənin gedişi zamanı Ermənistanın iki lideri arasında uçurumun olduğunu fikir ayrılıqlarından, ziddiyyətli açıqlamalarından anlamaq çətin deyildi. Demək olar ki, Paşinyanın hakimiyyətə gəldiyi vaxtdan əsas açıq savaş apardığı tərəflərdən biri A.Sarkisyan idi. Sarkisyanın istefası Paşinyanın ölkədaxili hakimiyyət savaşında növbəti qələbəsi hesab edilə bilər. 

Lakin təbii ki, bu istefa Paşinyan üçün hər şeyin yaxşı olacağı anlamına gəlməməlidir. Şəxsi ambisiyaları uğrunda savaşın getdiyi Ermənistan daxili siyasətinin bu qədər xaos hal alması bu dövlətin kənar qüvvələrdən asılılığını, bu müddəti daha da uzadır ki, sözügeədn mənzərə təbii ki, qonşularla, xüsusən də Azərbaycanla hələ həll edilməmiş qalan bir çox məsələlərin həllinə ciddi maneə törədə bilər. Tənzimlənməsi gecikən delimitasiya, demarkasiya və kommunikasiyaların açılması prosesinin ləngiməsi təbii ki, Ermənistanı idarə edən kənar qüvvələrin hər iki ölkəyə təzyiq baxımından əlində çox önəmli bir rıçaq ola bilər, necə ki, biz bunun 44 günlük müharibəyə kimi şahidi olmuşduq. Bu isə nəticə etibarı ilə üçtərəfli bəyanatların süni şəkildə dondurulması, hər hansı bir irəliləyişin olmaması ilə müşhidə edilə bilər ki, sonunun rəsmi İrəvan üçün heç də yaxşı nəticə ilə yekunlaşacağını deyə bilmərik. Çünki Bakı üçün Ermənistanı kimin idarə etdiyi, prezidentinin, baş nazirinin kim olduğu heç bir önəm kəsb etmir. Azərbaycanın öz maraqları, öz planları, öz istəkləri var. Bu istəklər isə beynəlxalq hüququn bütün prinsipləri ilə üst-üstə düşür. Azərbaycan onun olanı, haqqı olanı tələb edir. Yenidən hər hansı bir manipulyasiya cəhdləri ənənə halına çevrilərsə, təxribatlar ara verməzsə rəsmi Bakının sərt qərarı, adekvat cavabı ilə üzləşə bilər. Ən doğrusu, Ermənistana sahib çıxmaq istəyən ermənilər, erməni siyasi liderlər vaxt itirmədən Azərbaycanla münasibətləri normallaşdırmaq, imzaladıqları bəyanatları icra etmək üçün hökümət, dövlət adamları qarşısında tələblərlə çıxış etsinlər. Şəxsi ambisiyalarına bütün dövlət maraqlarını qurban verənlərə anlatmağa çalışsınlar ki, Ermənistanın gələcəyi üçün bundan başqa seçim yoxdur. Ən real nümunə kimi 44 günlük İkinci Qarabağ savaşı göstərilə bilər. Çünki bu gün Azərbaycan müharibədən öncəkindən daha çox beynəlxalq əlaqələrini gücləndirib və bu istiqamətdə əhəmiyyətli addımlar atır. Bu gün Qərb, Avropa İttifaqı, NATO Azərbaycanın haqlı mübarizəsini, haqq savaşını, regionda yaratdığı yeni reallığı qəbul etdiyini bəyan edir. Azərbaycan köhnə qitənin əsas enerji təminatçısına çevrilir ki, bu amil də beynəlxalq təşkilatların Azərbaycanın iştirak etdiyi proseslərdə rəsmi Bakının mövqeyini dəstəkləmək, ona haqq vermək üçün mühim gedişlərdir. 

Ermənistan üçün geridə qalan bir il ərzində müsbətə doğru heç nə dəyişməyib. Paşinyan da bunun çox yaxşı fərqindədir. Güman ki, yaxın həftələr ərzində erməni baş nazir üçtərəfli bəyanatlara, verdiyi vədə əməl etmək üçün ona mane olan, buna cəhd edən daxili qüvvələrdən azad olmaq yönündə kəskin qərarlarla diqqət mərkəzinə düşəcək. Bundan sonra, o, artıq ilkin işartıları hələ Soçidə görünən və Brüsseldə dünyanın gözü qarşısında sezilən sülh istiqamətində önəmli açıqlamaları, eyni zamanda Zəngəzur dəhlizinin inşası ilə bağlı Ermənistan ərazisində işlərə başlanılmasıyla əlaqədar verdiyi göstərişin, bu və digər proseslərin tez bir zamanda icrasının sürətlənməsində mühim işlər görə bilər ki, hadisələrin gedişi Bakını ümidləndirir.

Tarix: 25-01-2022, 08:14 Oxunub: 57


Bölməyə aid digər xəbərlər