Əsl vətəndaşın formalaşdırılması orta məktəbdən başlanır. Məktəbdə isə bilik və bacarıqların təməli ibtidai siniflərdə qoyulur. Binanın təməli nə qədər möhkəm qoyularsa, bina o qədər davamlı, möhkəm, uzunömürlü olur. Təhsil də belədir. Körpə balalarımızın da gələcəkdə əsl şəxsiyyət kimi formalaşması məhz ibtidai sinifdən başlanır. Əgər ibtidai siniflərdə bu təməl yaxşı qoyularsa, yuxarı siniflərdə uğurlar, nəticələr yüksək olur.
Şəki rayon 11 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Səlimova peşəkarlığın bu incə sirrini gəncliyindən dərk etdiyi üçün təməl qoyuluşunda səhvə yol verməməyə çalışır. Təcrübəli pedaqoq yaxşı bilir ki, təlim prosesinin mərkəzində şagird durur. Ona görə də yetişməkdə olan şəxsiyyət, bu günün şagirdi öz mühakiməsində azad olmalıdır. O, tənqidi düşünməyi, öz mövqeyini ağıllı şəkildə müdafiə etməyi, əldə etdiyi bilik və bacarıqları həyatda tətbiqini bacarmalıdır. Bu baxımdan o, şagirdlərin ətrafında baş verən dəyişikliyi tez görür, onlara zamanla ayaqlaşmaqda istiqamət, köməklik göstərir. O, yaxşı anlayır ki, müəllim yalnız öyrədici yox, həm də istiqamətvericidir. Şagirdlərdə müstəqil sürətdə hadisələri müşahidə etmək və nəticələri analiz etmək bacarığı formalaşdırır. Onlarla müqayisələr aparır, faktları ümumiləşdirir və sonda onların özlərinin nəticə çıxarmasına şərait yaradır, fəaliyyətlərinə qiymət verir. Bu yolla onlarda maraqlar, meyllər, tələblər formalaşır ki, bunlar da şagirdləri yaradıcılığa şövq edir. Leya müəllimə hər bir şagirdin fərdi qabiliyyətini nəzərə alır, riyazi və məntiqi təfəkkürünü inkişaf etdirir. Öz fikirlərini daha yaxşı, aydın, səlis ifadə etmək üçün lüğət ehtiyatının zəngin olmasına xüsusilə çalışır. Müəllim və şagird əməkdaşlığına fikir verir. Şagirdlərdə müəllimlərinə, yoldaşlarına qarşılıqlı hörmət və etibar formalaşdırır. O, şagirdləri öz fərdi xüsusiyyətləri ilə, olduğu kimi qəbul edir və onları daim dəstəkləyir. Bütün bu peşəkar xüsusiyyətləri ona qarşı şagirdlərində böyük hörmət və məhəbbət yaradır. Şagirdləri yuxarı siniflərdə oxuyanda da, ehtiyac duyduqda ondan məsləhət və kömək almaq üçün ona müraciət edirlər. Açığını deyək ki, bu, hər müəllimə nəsib olmayan xoşbəxtlikdir.
Leyla Səlimovanın yerli və dövri mətbuatda valideyn, məktəb səpgisində tez-tez yazıları dərc olunur.
Yəqin ki, hər bir təhsil işçisi bu sualı özünə verir: “Mən Azərbaycan üçün, xalqımın gələcəyi olan təhsilin inkişafı üçün nə etmişəm?” Leyla Səlimova məncə, bu suala alnıaçıq cavab verə bilər. Çünki yuxarıda sadaladıqlarımız buna əyani sübutdur.
Ömrünü fidan balalarımızın maariflənməsinə həsr etmiş Leyla Səlimovanın bütün uğurları münasibəti ilə təbrik edir, ona can sağlığı və hal-hazırda dərs dediyi şagirdlərinin də bundan yüksək nəticə göstərməsini arzulayırıq, buna inanırıq da. Leyla Səlimovanın Şəki təhsilinin inkişafında rolu böyükdür.
Bölməyə aid digər xəbərlər