Eldar Quliyev: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”

Eldar Quliyev: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”


ƏVVƏLİ BURADA

Bugünkü buraxılışımızda Azərbaycanın ev sahibliyi etdiyi COP29-ungedişi və əldə olunan nəticələr, eləcə də ölkə ictimaiyyətini maraqlandıran bir sıra digər mövzular barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.

- Eldar müəllim, elə mövzunun davamı olaraq cari ilin 24 oktyabr tarixində Kazan şəhərində keçirilmiş XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında dövlət başçımızın iştirakı və Sammitdə müzakirə olunan mövzular barədə də fikirlərinizi almaq istərdim...


- Azərbaycan bir çox beynəlxalq təşkilatlar kimi BRİCS-lə də qarşılıqlı faydalı əsaslar üzərində qurulmuş əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Ölkəmizin eyni zamanda həm mühüm geostrateji mövqedə yerləşməsi, həm də güclü dövlət olaraq tam müstəqil xarici siyasət yürütməsi BRICS üzvləri ilə çoxşaxəli və zəngin iqtisadi münasibətlərin formalaşmasını şərtləndirib. Xüsusi olaraq diqqəti cəlb edən məqamlardan biri budur ki, son illər ərzində yeni yaradılmış nəqliyyat infrastrukturunun vəziyyəti Azərbaycana həm Avropa, həm də Asiya ölkələri üçün etibarlı tərəfdaş statusunu qazandırıb. Xüsusilə BRICS-in Asiyadan olan üzvlərinin Avropa ilə iqtisadi əlaqələrinin intensivləşdirilməsində Azərbaycanın rolu daha böyük önəm kəsb edir. Cənab Prezident İlham Əliyev qeyd etdiyiniz BRİCS Sammitinin plenar iclasında etdiyi çıxışında da vurğuladı ki, öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Bu gün “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Digər bir tərəfdən isə, qlobal güclər arasında mübarizənin intensivləşdiyi və genişləndiyi bir dövrdə Azərbaycanın BRICS-lə əməkdaşlıq əlaqələrinin əlbəttə ki, siyasi tərəfləri də yox deyil. Azərbaycan özünün xarici siyasət kursunda beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinihər zaman fəal şəkildə təşviq edib. Belə olan halda qərbmərkəzli qlobal dünya nizamına alternativ bir koalisiya olaraq təqdim edilən BRICS ilə əlaqələrin siyasi konteksti də Azərbaycan üçün kifayət qədər önəmlidir.

- Eldar müəllim, istərdim ki, Azərbaycanın Türk Dövlətləri Birliyi çərçivəsində fəaliyyəti barədə də məhz elə bu kontekstdə söhbətimizi davam etdirək. Təşkilata üzv ölkələrin Dövlət Başçılarının cari ilin noyabr ayının 6-da Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən 11-ci Zirvə görüşündə müzakirə olunan məsələlərdən daha çox hansıları diqqətinizi çəkdi ?

- Türkdilli dövlətlərlə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm prioritet istiqamətlərdən biridir. Bu baxımdan ölkəmizin Türk Dövlətləri Birliyi çərçivəsində fəaliyyəti xüsusi önəm kəsb edir. Cənab Prezident İlham Əliyev Bişkek Sammitində etdiyi çıxışında Təşkilatın əsasını qoymuş Naxçıvan Sazişinin imzalanmasından 15 il keçdiyini diqqət mərkəzinə çəkərək bildirdi ki, bu müddət ərzində quruma üzv ölkələr birlikdə son dərəcə uğurlu inkişaf yolu keçiblər. Əlbəttə ki, bu ilin iyul ayında Təşkilatın Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfələr verməkdədir. Müasir dünyada güc amilinin getdikcə daha çox həlledici faktor kimi çıxış etməsi Türk dövlətləri arasında olan dostluq və qardaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyini vacib şərt kimi önə çəkir. Azərbaycanın xarici siyasəti də məhz bu məqsədə xidmət edir. Cənab Prezident öz çıxışında bir daha vurğuladı ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Bu baxımdan əlbəttə ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək. Bu gün bütün dünyada ən müxtəlif xarakterli təhlükələrin artdığını hamımız görürük. Bu təhlükələrdən effektiv şəkildə müdafiə oluna bilmək üçün Türk dövlətlərinin də müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığı böyük əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı öz çıxışında məhz bu məqamı diqqət mərkəzinə çəkərək qeyd etdi ki, son dövrlər məhz bu sahələrdə əməkdaşlığın daha da genişlənməsi çox müsbət haldır. Bütün bunlar Türk dünyasının öz qüdrətini artırmasına və yeni dünya düzənində önəmli güc mərkəzlərindən biri kimi yer almasına xidmət edir.

- Eldar müəllim, istərdim bir qədər də bu yaxınlarda, yəni son bir ay ərzində ölkəmizdə baş verən mühüm hadisələrdən danışaq. Bildiyiniz kimi, dövlətimizin başçısı noyabr ayının 8-də Bakıda Zəfər Parkının açılışını etdi. Bu barədə hansı fikirlərinizlə bölüşmək istərdiniz?

- Artıq dördüncü ildir ki, Azərbaycan xalqı Zəfər Gününü qalib ölkənin qalib vətəndaşları olaraq qeyd edir. Bu il isə, cənab Prezident İlham Əliyev bayram münasibətilə öz xalqına möhtəşəm bir hədiyyə etdi ki, bu da məhz Zəfər Parkının açılışı oldu. Açılış mərasimində etdiyi çıxışında cənab Prezident 44 günlük Vətən müharibəsinin mahiyyətini açaqraq bir daha vurğuladı ki, bu, bizim şanlı tariximiz və parlaq Qələbəmizdir. İkinci Qarabağ müharibəsi ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirdi. Xüsusi olaraq qeyd etmək lazımdır ki, möhtərəm dövlət başçımızın çıxışında yer almış və Qərbin anti-azərbaycan qüvvələrinə ünvanlanan ismarıclar, səsləndirilən fikirlər Cənubi Qafqazı destabillik zonası kimi görmək istəyənlərin əsil simalarını bir daha ifşa edir və onları ölkəmizə qarşı yönəlmiş məkrli niyyətlərindən birdəfəlik əl çəkməyə çağırır. Bu gün Azərbaycanın qarşısında duran hədəf və məqsədlər yalnız sülh şəraiti, iqtisadi inkişaf, beynəlxalq səviyyədə qarşılıqlı faydalı əməkdaşlıq və quruculuq işlərini nəzərdə tutur. Cənab Prezident İlham Əliyevin çıxışında da bu məqamlar açıq-aydın öz əksini tapıb. Azərbaycan öz torpaqlarının işğalına son qoymaqla, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə bütün hədəflərinə çatıb. Biz indi quruculuq işləri ilə məşğuluq və qətiyyən müharibə istəmirik. Lakin Vətən müharibəsindən sonra regionumuzda yaranmış vəziyyət Qərbin heç də bütün təmsilçilərini təmin etmir. Ermənistanın arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan məlum qüvvələr Ermənistanı silahlandırır və Cənubi Qafqazı yenidən qeyri-sabitlik, münaqişə ocağına çevirməyə çalışırlar. Qərbdə Azərbaycana qarşı davamlı olaraq çirkin kampaniyalar aparılır. Buna görə də ölkəmiz və xalqımız, Azərbaycan Silahlı Qüvvələri hər zaman istənilən aqressiyanı dəf etmək iqtidarında olmalıdır.

- Qayıdaq COP29 mövzusuna. Bu tədbir çərçivəsində noyabrın 13-də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirildi. Sammitdə iştirak edən cənab Prezident İlham Əliyev iqlim dəyişikliyinin bu ölkələrə yaratdığı təhdidlər və yaranan təhlükələrin minimuma endirilməsi üçün görülməyi zəruri olan tədbirlər barədə maraqlı fikirlər səsləndirib. Bu barədə nə deyə bilərsiz?

- Azərbaycan artıq uzun müddətdir ki, kiçik ada dövlətlərinə dəstək verir, onlara müxtəlif təbii fəlakətlərin təsirini azaltmaq üçün yardım göstərir. Həmçinin Azərbaycan su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək verir. Qeyd edim ki, həmin ölkələrin Azərbaycana böyük hörmət və səmimi minnətdarlıqla yanaşmalarının COP29-un gedişində mən özüm şahidi oldum. Sammitdə çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərdiyini qeyd etməklə, bütün inkişaf etmiş ölkələri bu işdə səfərbər olmağa çağırdı. Qeyd olundu ki, həmin ölkələrin üzləşdiyi təhdidlərin aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Əlbəttə ki, bütün bu konstruktiv çağırışlar həm kiçik ada dövlətlərinin, həm də inkişaf etməkdə olan ölkələrin təbii fəlakətlər qarşısında aciz durumda qalmamaları məqsədinə xidmət edir.

- Yəqin mənimlə razılaşarsınız ki, dövlət başçımızın neokolonializm və iqlim dəyişmələri mövzusunda səsləndirdiyi fikirlər xüsusilə diqqətləri cəlb etmiş oldu?

- Tamamilə sizinlə razıyam və hətta deyərdim ki, məhz bu fikirlər hazırda Fransa və Niderland kimi dövlətlərin hələ də müstəmləkəsində qalan ölkələr üçün daha böyük önəm kəsb edir. Məsələ bundadır ki, bu ölkələr hazırda iqlim dəyişikliyindən ən çox əziyyət çəkənlər sırasındadır. Həm də bu fəsadlar təkcə təbii proseslər nəticəsində deyil, eləcə də neokolonializmi təşviq edən dövlətlərin müstəmləkə ərazilərində dağıdıcı fəaliyyətləri ilə bağlı yaranır. Öz çıxışında cənab Prezident İlham Əliyev bu fəlakətlərə səbəb olan dövlətlərin həyata keçirdikləri siyasəti qətiyyətlə ifşa etdi və pislədi. Fransa və Niderlandın öz müstəmləkə ərazilərində uzun illər boyunca apardıqları yüzlərlə nüvə sınaqları səbəbindən ətraf mühitin ciddi şəkildə ziyan görməsini vurğulayan cənab Prezident həmin ərazilərdə torpaq və suyun kəskin dərəcədə zəhərlənməsinə, radiasiya fonunun yüksəlməsinə görə bu ölkələrin məsuliyyət daşıdıqlarını birmənlı şəkildə diqqətə çatdırdı. Bundan başqa cənab Prezident İlham Əliyev Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər, insan hüquqlarının kütləvi surətdə və kobud şəkildə pozulması hallarını diqqət mərkəzinə çəkərək Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının da günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşdüyünü bəyan etdi.

- Eldar müəllim, hər zaman olduğu kimi, səmimi və ətraflı müsahibənizə görə Sizə həm oxucularımız adından, həm də bütün redaksiya heyətimiz adından səmimi minnətdarlığımızı bildirirəm. Sağ olun, sağlıqla qalın.

- Mən də sizə dolğun və məzmunlu suallarınıza görə təşəkkür edirəm. Sağ olun.

Söhbətləşdi: Azər Məmmədov
aia.az


Tarix: 27-11-2024, 08:41 Oxunub: 8


Bölməyə aid digər xəbərlər