12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Sərkisyandan təslimçilik etirafı: Bakı qələbə çalsa da...

Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyü naminə apardığı Vətən müharibəsində uğurları Ermənistanda çaxnaşma yaradıb.
QanunXəbər.com  xəbər verir ki, bəzi siyasi partiyalar məğlubiyyətin günahını Paşinyanda görərək, hərbi-siyasi qərarlar qəbul edəcək bir “şura” yaradılması, ora eks-prezidentlərin də daxil etdilməsini təklif etsə də, bu, əks-effekt yaratdı. Belə ki, Ermənistan hakimiyyəti bunun “siyasi çevriliş” olduğunu bildirərək, 13 siyasi partiyanın birgə təşəbbüsünü qəbul etmədi.
Ermənistanın sabiq prezidenti Ter-Petrosyanın da bu anda aktivləşdi, hətta onu hakimiyyətdən zorla kənarlaşdıran və 20 ildən artıq bir müddətdə düşmən münasibətdə olduğu Daşnaksütyun rəhbərliyi ilə də uğursuz görüş keçirdi. Bütün siyasi polemikaların heç bir mənası olmadığını dərk edən siyasilər indi yalnız mümkün qədər prosesi uzatmağa və atəşkəsi təmin etməyə çalışmaqdan başqa yol görmürlər.
Bütün təşəbbüsləri “bir neçə gün də dözmək lazımdır” düşüncəsinə hesablanıb. “Hazırkı müharibə adi müharibə deyil, taledir” çağırışı edən və “azacıq dözməyə” səsləyən Ermənistan MN nümayəndələrinin cəhdləri isə heç bir nəticə vermir: Ermənistan ordusunun səfi dağılıb, könüllülər döyüşməkdən imtina edir, erməni analar övladlarının yad torpaqlarda ölməsinə qarşı çıxaraq, ardıcıl aksiyalar keçirirlər.
Türkiyə mediası 18 oktyabra qədər Ermənistan ordusunun 10 minə yaxın əsgər itirdiyini, Rusiya mediası isə Ermənistan Hərbi Hava Qüvvələrinin tam sıradan çıxdığını yazır.
Bu məqamda Ermənistan Prezidenti Armen Sərkisyanın “Kommersant”a müsahibəsi dolayı etiraf kimi rezonans doğurub.
A.Sərkisyan “Artıq Rusiya çox şeylər edir” deyərək, atəşkəslə bağlı Kremlin səylərini yüksək qiymətləndirdiyini bildirib. Ancaq buradakı “artıq” sözü reallıqdan daha çox, Sərkisyanın Ermənistandakı siyasi xaosu nisbətən sabitləşdirmək arzusu kimi qəbul edilib.
26 ildir atəşkəs olduğunu və bu müddətdə danışıqlarda heç bir irəliləyiş olmadığını qeyd edən Sərkisyanın növbəti etirafı isə Ermənistanın düşdüyü siyasi-iqtisadi və hərbi dalandan xəbər verir.
O bildirib ki, “Hətta Azərbaycan müharibənin bu hissəsini udarsa və əraziləri alarsa”, bu, savaşın sonu olmayacaq. “Müharibə ağılda, tarixdə, insan emosiyalarında davam edəcək”, - o deyib.
Bu, bir tərəfdən müharibəni artıq uduzduqlarının etirafıdırsa, digər tərəfdən həqiqətdir - ancaq 27 il öncəki həqiqət və Azərbaycanın, azərbaycanlıların həqiqəti. 1988-1993-cü illərdə Ermənistandan 250 min azərbaycanlını qovan, ermənilərin o vaxta qədər ayağı da dəymədiyi Göyçə mahalını mənimsəyən və beləliklə, əsrin əvvəllərində Çar Rusiyası sayəsində 9 min kv/km ərazidə yoxdan (İrəvan xanlığının ərazisində) dövlət yaradan, SSRİ sayəsində isə ərazisini 29 min kv/km-yə çatdıran, Azərbaycanın Zəngəzur, Qafan, Dərələyəz, Meğri, Qafan, Göyçə mahallarını da özünə qatıb, dünyada bu ərazilərlə tanınandan sonra indi də Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal etməyə həvəslənən Ermənistan bilməliydi ki, bu qələbəsi hər şeyin bitməsi demək deyil: bu ərazilərdən qovulan 1 milyondan artıq insan bütün ruhu ilə o yerlərə can atacaq və təkcə “ağılda, tarixdə, emosiyada” deyil, reallıqda da əllərindən hərblə alınan torpaqlarına qayıtmaq üçün hər şeyi edəcəklər.
Sərkisyanın bu qədər “ağıllı” baxışı vardısa, Xankəndiyə hərbi helikopterlə gəlmək və "parad"da başda durmaq əvəzinə, bu düşüncəsini Xocalı cinayəti törədən və bunu fəxrlə etiraf edən Serj Sərkisyana deməli, yurdundan qovulan bir milyon insanın bir gün mütləq geri dönəcəyini Nikol Paşinyana başa salmalı və onu "Qarabağ Ermənistandır və nöqtə" deyəndə qınamalı, danışıqlar yolu ilə Ermənistan ordusunun işğaldakı torpaqlardan çıxmasının, Azərbaycanın ərazi bütövlüyünü tanımağın həm beynəlxalq hüquqa, həm insanlığa, həm tarixə, həm da ədalətə uyğun olduğunu açıq mətnlə xalqına etiraf etməliydi ki, bu savaş bir daha olmasın, xalqlar birgəyaşayışa nail olsun - necə ki, ermənilər 1828-ci ildə kütləvi surətdə Azərbaycana köçürüləndə azərbaycanlılar qucaq açmış, yurd-yuva qurmalarına dəstək olmuş, onları kirvə tutmuş və birgəyaşayışın ən ali nümunəsini göstərmişdilər.
Ancaq təəssüf ki, indi deyilən bu sözlər birgəyaşayış üçün deyil, əksinə, uduzan tərəfin gələcək təxribatlara hazırlaşmaq mərhələsinə bənzəyir.
Ancaq biz də artıq ermənilərin hansı xislətli olduğunu bilirik. "Ağılda və tarixdə müharibə" davam edəcəksə, onda Azərbaycan 1920-ci il 11 yanvarda dünyanın ən böyük ölkələri tərəfindən qəbul edilən sərhədlərini tələb etmək haqqını özündə saxlayır.
Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin, Ermənistan isə Ermənistan Respublikasının varisi olduğunu elan edibsə, onda hər iki ölkə 1918-20-ci illərdəki sərhədlərinə sahiblənməlidir...


Tarix: 19-10-2020, 11:23 Oxunub: 116


Bölməyə aid digər xəbərlər