44 günlük zəfər yürüşü... Bu adi yürüş deyildi. Bu yürüş tarixşünaslığımızın iki əsrlik münaqişəli dövrünə son qoyan zəfər idi. Bu yürüş tarixin axarına yeni nizam verən zəfər idi. Bu zəfər iki yüz ildə itirilən torpaqların geri qayıdış zəfəri idi. Bu qayıdış haqqın geri qayıdışı idi. Bu qayıdış Ali Baş Komandanın müdrik siyasətinin, uzaqgörənliyinin nəticəsi idi. Bu qələbə ölkə rəhbərinin qurduğu müzəffər Azərbaycan ordusunun qələbəsi idi. Düşmən tapdağında olan torpağımızın hər qarışının şəhid qanı və canı ilə qayıdışının qələbəsi idi. Xalqın həmrəyliyinin, milli birliyinin, ölkə rəhbərinə inam və güvəninin qələbəsi idi. Bu tarixi qələbəni isə xalqımız başqalarının yardımı, güclü dövlətlərin siyasəti ilə deyil, öz müdrik rəhbərinin başçılığı, Azərbaycan əsgərinin şücaəti, qəhrəmanlığı, şəhidinin qanı ilə qazandı. Azərbaycan əsgərinin şücaətini Ukraynalı hərbi analtik belə yazırdı: "...Azərbaycan əsgəri Şuşanı piyada döyüşləri ilə, daşına bilən ağır sursatlarla, duman içində, göz-gözü görməyən çətin hava şəraitində dağlardan keçərək qaytardı. Azərbaycan əsgəri Şuşanı PUA-larsız, tanksız, artilleriyasız işğaldan azad etdi... Bu, Vətənə qayıdış, ədalətli tarixə qayıdış idi. Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu?! Sualı cavablandırmaq, nə isə demək, danışmaq çox çətindir. Şəhidi çiyinlərində, yaralını qollarında, döyüşə-döyüşə, qan-tər içində nəfəsini belə dərmədən qalxırdı üzü dağ yuxarı Şuşaya doğru Azərbaycan əsgəri...” Bəli, Şuşa qələbəsi, Şuşa uğuru müzəffər Azərbaycan Ordusunun bütün güc-qüdrətinin, dünyanın ən müasir orduları sırasında yer aldığının, əsgər və zabitlərimizin igid, cəsur və qorxmazlığının, peşə bacarığı və ruh yüksəkliyinin təsdiqi idi. Şuşa Qələbəsi, Şuşa Uğuru Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətinin bir daha bütün dünyaya nümayişi idi. O nümayiş ki, işğalçı ölkənin 30 illik dönəmdə cəbhə xəttində qurduğu, yaratdığı, qazıq-qazıq edib möhkəmlətdikləri istehkamları dağıdaraq status-kvonu tarixin zibilliklərinə gömməsi idi.
Bununla Prezident cənab İlham Əliyev ölkəmizin milli dövlətçilik tarixinin ən qüdrətli mərhələsinə yüksəlməsi reallığını sadəcə sözdə deyil, əməldə də göstərdi. Azərbaycan Ordusunun işğalçı üzərində qazandığı zəfər bu reallıqları bütün aləmə bəyan etdi.
Beləliklə, ölkəmiz tarixi reallığı özünə qaytardı, tarixin haqlı axarına yeni başlanğıc verdi. Bizləri gələcək nəsillərin keçmişə boylananda hər zaman böyük qürur hissi ilə xatırlayacağı günlərin canlı şahidinə çevirdi.
Məmmədov Süleyman Hamlet oğlu
17 saylı Notariat Kontorunun xüsusi Notariusu
Bölməyə aid digər xəbərlər