Azərbaycana ehtiyacları yarandı: Şolz və Makron münasibəti dəyişir - NƏ BAŞ VERİR?



ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- ABŞ-da tez-tez Azərbaycanın Ermənistana hücum edəcəyi ilə bağlı iddialar səsləndirilir. Bəzi nüfuzlu nəşrlərlə yanaşı, Lemkin İnstitutu da belə bir iddia ilə çıxış edib, hətta ABŞ Dövlət Departamenti buna münasibət də bildirdib. Sizcə, bu şübhəli iddiaların alt qatlarında nələr var?

- Əslində, bu məsələni bir neçə aydır gündəmdə saxlamağa çalışırlar. Azərbaycan ordusunun zərgər dəqiqliyi, yüksək peşəkarlıq və heç bir ciddi qanun pozuntusuna yol vermədən apardığı antiterror tədbirləri ermənilərin və Ermənistanın “Azərbaycana qarşı sərt tədbirlərin görülməsi” ilə bağlı təbliğatını puça çıxardı.

İndi onlara “yeni hekayə” lazımdır, bu da ondan ibarətdir ki, guya Azərbaycan Ermənistana hücum edəcək. Bu iddia fonunda Azərbaycana qarşı mənfi atmosferi davam etdirməyə çalışırlar. Çünki bu, Qarabağ məsələsində alınmadı, qondarma qurum özünü buraxdı. İndi Azərbaycan Qarabağda doğulan və orada yaşayan ermənilərin qalıb yaşamaları ilə bağlı hüquqi, təhlükəsizlik və digər zəmanətləri verir. Yəni bu məsələni şişirtmək mümkün deyil. Nəticədə “yeni hekayə” yaradıb beynəlxalq səviyyədə Azərbaycana qarşı böyük təzyiqlərin edilməsinə nail olmağa çalışırlar.

Azərbaycan prezidenti və rəsmiləri dəfələrlə bildiriblər ki, belə xəbərlərin əsli-astarı yoxdur. Bu iddiaları da Zəngəzur dəhlizi məsələsi üzərindən gündəmə gətirirdilər. Azərbaycanın dəhlizlə bağlı İranla anlaşması bunun gündəmdən düşməsindən xəbər verir. Azərbaycan bu iddialarının heç bir əsasının olmadığını bu yolla sübut etdi.

Azərbaycan Ermənistan üzərindən də yolların açılmasına çalışır və bununla bağlı İrəvanla ümumi razılaşmalar var. Üç prinsipin razılaşdırılığını, bunlardan birinin kommunikasiyalarla bağlı olduğunu hər iki tərəf bəyan edib. Mümkündür ki, ilin sonuna qədər bu məsələlərlə bağlı ilkin protokollar imzalansın.

Ona görə də, bu kimi iddiaların yenidən gündəmə gətirilməsini bəzi Qərb dairələrinin və ya erməni lobbisinin Azərbaycana qarşı təsir rıçağı kimi istifadə etmək cəhdləri kimi dəyərləndirirəm.

- Avropa Birliyinin Ermənistandakı müşahidə missiyası genişləndiriləcək. Birliyə üzv 27 ölkənin hamısı, üstəlik Kanada da Ermənistana müşahidəçi göndərəcək. Bu nə ilə əlaqəlidir?

- Bunun birbaşa Azərbaycana heç bir aidiyyəti yoxdur. Bu, daha çox Rusiya ilə Ermənistan arasındakı çəkişmənin göstəricisidir.

Ermənistan bu addımları “Rusiya bizi qorumadı, bizə yeni təhlükəsizlik çətiri lazımdır” konsepsiyasını gücləndirmək üçün atır. Ermənistan müstəqil dövlətdir, öz ərazisinə kimi istəyirsə, dəvət edə bilər. Yəni missiyanın sayının artırılması və yeni ofisinin açılması Ermənistanla Azərbaycan arasındakı fikir ayrılığından xəbər vermir. Bu, Rusiya ilə Ermənistan arasında fikir ayrılıqlarının dərinləşməsinin göstəricisidir.

Elə buna görə də bu kimi addımlar ən sərt reaksiyalar Bakıdan yox, Moskvadan gəlir. Yəni bunu Ermənistanın yeni təhlükəsizlik çətiri axtarışının təzahürü kimi dəyərləndirmək olar.

- Bəs bu mülki missiyanın hərbiləşdirilməsi ehtimalı nə qədərdir?

- Hələlik sıfıra bərabərdir. Rusiyanın Ermənistanda qoşunları və hərbi bazaları var, onlar üstün mövqedədirlər. Həmişə Gümrüdən danışırlar, amma Rusiyanın Ermənistanda əlavə iki bazası, poliqonları var. Ermənistanda minlərlə hərbçisi, tankı-topu, helikopterləri, qırıcıları mövcuddur. Ermənistan sərhədlərini hələ də Rusiya qoruyur.

Belə bir şəraitdə Avropanın silahlı missiyasının Ermənistanda yerləşdirilməsi mümkün deyil. Yeri gəlmişkən, Avropa Birliyinin belə bir səlahiyyəti də yoxdur. BMT, NATO çərçivəsində hərbi missiya ola bilər, Avropa Birliyi səviyyəsində isə yox.

Ayrı-ayrı ölkələr, məsələn, Fransa Ermənistanla razılaşdırıb hərbi birlik göndərə bilər. Amma indiki məqamda bu ehtimalı da aşağı hesab edirəm. Çünki Rusiyanın baş verənlərə reaksiyası həddindən artıq sərtdir. Mariya Zaxarova ötən həftə bildirmişdi ki, bu missiya Azərbaycan yox, İran və Rusiyaya qarşıdır. Onun sözlərinə görə, missiyanın işi bu ölkə ilə bağlı kəşfiyyat məlumatı toplamaqdır.

Bunun özü göstərir ki, Azərbaycan bu məsələdə doğru mövqe tutub, yəni bunun ona aid olmadığını açıqlayıb. İndi Azərbaycan ona aid olmayan məsələyə niyə sərt reaksiya verməlidir?

- Almaniya xarici işlər naziri Annalena Berbok Azərbaycan və Ermənistana niyə gəlir? Bu, son zamanlarda Almaniyanın regiondan keçən nəqliyyat xətlərinə artan marağı ilə bağlı ola bilərmi? Məsələn, Kansler Olaf Şolz bir müddət əvvəl Mərkəzi Asiya liderləri ilə Cənubi Qafqazdan da keçən bu xətləri (Orta Dəhliz) müzakirə etmişdi.

- Berbokun Azərbaycanla, Qarabağda baş verən son hadisələrlə bağlı həqiqəti əks etdirməyən bəyanatları olmuşdu. Çox güman ki, indi bunu “ütüləməyə” gəlir. Yəni bu səfəri Azərbaycanla münasibətləri normallaşdırma, siyasi müstəvidə sakitlik yaratma cəhdi kimi dəyərləndirmək olar. Əlbəttə, Almaniya həm də bölgədə sülhyaratma prosesindəki rolunu da artırmağa çalışır.

Avropa Birliyi kənardan birlik modeli kimi görünsə də, orada təmsil olunan ölkələrin hər birinin öz maraqları var. Fransa da bu səbəbdən aktivdir. Britaniya çoxdan oturuşmuş mövqeyə malikdir, Azərbaycanı dəstəkləyir. Bunlar da Almaniyanı kənarda qalmamağa sövq edir. Çox güman ki, Almaniyanın “Fransa aktivdirsə, mən niyə passiv dayanım?” yanaşması da var.

Əlbəttə, Almaniyanın bölgədən keçən kommunikasiyalarla bağlı maraqları da mövcuddur. Avropa Birliyi ölkələrinin Çinlə ticarət dövriyyəsinin həcmi 1 trilyon dollara yaxındır. Bunun böyük hissəsi Almaniyanın payına düşür. Buna görə də, Almaniya çoxşaxəli yolların olmasında maraqlıdır ki, Azərbaycan da burada önəmli – logistik mərkəz rolunu oynaya bilər.

- Fransa Prezidenti Emmanuel Makronun Qazaxıstan və Özbəkistana səfəri Azərbaycanla bağlı maraqlı bir ehtimalı gündəmə gətirib. Bu da Fransanın Qazaxıstandan alacağı uranı təhlükəsiz formada daşıması məsələsi ilə bağlıdır. Bunun üçün ən uyğun və qısa yolun Azərbaycandan keçdiyi məlumdur. Necə düşünürsünüz: Fransa bu amili nəzərə alıb Azərbaycanla münasibətlərində yumşalma xəttini tuta bilərmi?

- Ritorik olaraq, Fransa siyasətçilərinin və Makronun Azərbaycana qarşı açıqlamaları qəbuledilməzdir. Amma qərarlar, hansısa sənədlər üzərindən ciddi gərginlik yoxdur.

Bəli, ritorikaları qəbuledilməzdir, həqiqəti əks etdirmir, qərəzlidir, Ermənistana daha yaxın mövqedir. Bu, Fransanın bütün siyasətçilərinin açıqlamalarında görünür. Amma qərarlara, tətbiqlərə baxanda, elə bir problem görünmür. Əksinə, Azərbaycanla Fransa arasında ticarət dövriyyəsi artır.

Azərbaycan bu yaxınlarda Fransadan təyyarələr alıb. Azərbaycan “Abşeron” qaz yatağında operator kimi “Total” şirkətindən razılığını bildirib. Yəni siyasi ritorikanı kənara qoysaq, münasibətlərdə kəskinləşmə dövrünün olduğunu söyləmək çətindir.

İndi yeni situasiya yaranıb. Fransa Avropa Birliyi ölkələri arasında ən çox atom elektrik stansiyası (AES) olan və bu yolla ən çox elektrik enerjisi istehsal edən ölkədir. Öz tələbatının yarıdan çoxunu bu AES-lər vasitəsilə ödəyir. Son dövrlərə qədər bu stansiyalar üçün Niger, Mali və digər Afrika ölkələrindən xammal (uran) alınırdı. Amma indi Fransa Afrikadan qovulur. Bu ölkələrdə baş verən çevrilişlər, Rusiya, daha çox isə Çinin bu proseslərin arxasında durması ehtimalı Fransanı uran üçün yeni mənbələr axtarışına çıxarıb. Qazaxıstan da uran istehsalı və ixracat potensialına görə dünyada ilk üçlükdədir.

Amma bunun təhlükəsiz formada daşınması Azərbaycandan keçən yollarla mümkündür. Çünki artıq Bakı və Aktauda qurulmuş hazır infrastruktur var. Aktau limanından Bakıya gətirilən mallar Bakı-Tiflis-Qars dəmir yolu ilə Avropaya çatdırıla bilər. Əlbəttə, bu ehtiyac Fransanın ritorik olaraq da Azərbaycana qarşı münasibətinin dəyişməsinə səbəb ola bilər.

Təkcə bu məsələlər deyil, ümumiyyətlə, Fransa postsovet məkanında aktivləşmə dönəmini yaşayır. Fransa hesab edir ki, Rusiya zəifləyib bölgələrdən çıxdıqca Fransa bu yerləri tuta bilər. Bu siyasəti həm Ermənistan, həm də Mərkəzi Asiyada yürütməyə çalışır. Yəni məsələyə bu kontekstdə də baxmaq olar.

Tarix: 3-11-2023, 16:00 Oxunub: 42


Bölməyə aid digər xəbərlər